Naxçıvan Nümayəndəliyinin əməkdaşı: “Onu yazandan soruşun, özündən hoqqalar çıxardır”
10-01-2020, 01:55
Ovqat.com saytında dərc olunan “Bir statusun sirri: Vasif Talıbov özünü niyə Heydər Əliyevdən sonra ikinci şəxs sanırmış?” sərlövhəli yazını oxuduqda maraqlı məqamlar üzə çıxır. Məlum olur ki, Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov 2017-ci ilin sonlarından etibarən Azərbaycandakı xarici dövlətlərin səfirləriylə intensiv diplomatik görüşlərə başlayıb. Daimi nümayəndənin bir ay ərzində 10-dan çox səfirlə görüşməsi müəllifi təəccübləndirib. Müəllifin diqqətini cəlb edən bu diplomatik fəallığı araşdırarkən isə olduqca ilginc məlumatlarla qarşılaşıb: “Sən demə, həmin dövrlərdə ölkə başçısının səhhətində problemlər yarandığı barədə hakimiyyət kluarlarında dedi-qodular yayılmağa başlayıbmış. Hətta bu şayiələr müxalif mediaya da ötürülmüş və cəmiyyət yeni dəyişikliklərə hazırlanırmış.
Sonradan yalan olduğu ortaya çıxan bu iddialar hakimiyyət dairələrində yeni lider axtarışına yol açıbmış. Ciddi müzakirələrin getdiyi həmin dövrdə Naxçıvan Muxtar Respublikasının isə, sözsüz ki, özünəməxsus namizədi olub – Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov”.
Yazıda o da qeyd olunur ki, Muxtar Respublikanın başbilənləri mərkəzi hakimiyyət davasına elə aludə olublar ki, gözləri ətraflarını görməyib, hətta regionla bağlı rəsmi səhifələrdə belə, Vasif Talıbovu Heydər Əliuyevdən sonra ikinci böyük şəxsiyyət elan ediblər. Bunu edərkən isə nədənsə hazırkı ölkə başçısını belə unudublar və onun adı dahi siyasilər siyahısına da salınmırmış.
Müəllifin iddiasına görə, Vasif Talıbovun mərkəzi hakimiyyətə yüksəliş planında əsas icraçı fiqurlardan biri də Naxçıvan MR Daimi nümayəndəsi Bəxtiyar Əsgərov imiş. Hansı ki, Heydər Əliyevin sağlığına ona mədhiyyələr yazır, bunun hesabına ucalır və özünə “dahi rəhbərin ən gənc dostu” ünvanı yapışdırırdı. İndisə o, gününü yeni liderinin diplomatik lobbiçiliyə həsr edir və demək olar ki, günaşırı səfirlərlə görüşürmüş.
Bəs, görəsən, bu iddialar nə dərəcədə doğrudur? Ümumiyyətlə Daimi nümayəndənin səlahiyyətləri arasında səfirlərlə görüşmək missiyası varmı?
Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi nümayəndəliyinə zəng edən “Hürriyyət” qəzetinin əməkdaşının “bu görüşləri keçirməkdə məqsəd nədir” sualına telefona cavab verən gənc xanım sözləri belə oldu: “Mən təzə işçiyəm, cavab verə bilmərəm”.
Sonra da bizi başqa xanımla əlaqələndircəyini desə də, nə yazıq ki, telefonumuza cavab verən olmayıb. Təkrar nümayəndəliyə zəng etdikdə cavab əvəzinə sual eşitdik: “Bu sualı verməkdə məqsədiniz nədir? 2 saatdan sonra zəng edin”.
2 saat sonra Naxçıvan Daimi Nümayəndəliyinə zəng edən əməkdaşımızın sualını bir kişi cavablandırdı: “Məqsədi gedin, onu yazandan soruşun, özündən hoqqalar çıxardır. Belə şərəfsizlik, bu qədər alçaqlıq olmaz, axı. Bu nə deməkdir ki, yəni? Gedin, o yazanlardan soruşun, vəssalam!”
Qısacası, ilan girdi soğan kərdisinə. Biz də sualımıza cavabı başqa ünvanda axtarmalı olduq.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayevaya yönəltdiyimiz suala aldığımız cavab isə doğrusu yadımıza Azərbaycan xalq mahnısının məşhur sözlərini xatırlatdı: “Sənə yar, səndən yar, şikayətim var”. Yəni Leyla xanım sualımızı belə cavablandırmışdı:
“Naxçıvanın Daimi Nümayəndəliyi ilə əlaqə saxlayıb, sizə cavab verəcəyik”.
Vəssəlam, şüttəmam.
Ovqat.com-un əlavəsi:
Cənab “Heydər Əliyevin ən gənc dostu”, ictimaiyyəti narahat edən suallara vermək lazımdır, söyüş söymək yox. Unutmayın ki, bir insan söyüşlə özünü daha çətin duruma sala bilər. Onu da unutmayın ki, söyüş zəiflərin silahıdır və əgər siz xarici diplomatların yanında da özünüzü bu qanacaqla aparmışsınızsa, Naxçıvan rəhbərliyinə “əla” xidmət göstəribsiniz. Çünki diplomatik qaydalarda belə bir ənənə var: “Elçisinə bax, sahibinə qiymət ver!”