Moskvada kritik Suriya zirvəsi: Kim qalib çıxacaq? - Şərh
5-03-2020, 11:31

Məlum olduğu kimi, bu gün Türkiyə və Rusiya prezidentləri Moskvada görüşəcək.
Görüşün əsas müzakirə mövzusu Suriya, konkret desək İdlib məsələsidir. Görüşə qədər isə İdlibdə ciddi hərbi qarşıdurma baş verib və Türkiyə 37 şəhid verib. Bu görüşdə hansı nəticələrin əldə olunması Suriya məsələsinin həlli ilə yanaşı, Türkiyənin daxili siyasətində də önəmli hadisələri bərabərində gətirə bilər.
Maraqlıdır, Ərdoğan-Putin görüşündə kim geri addım atacaq?
Politoloq Elşən Manafov Cebhe.info-ya açıqlamasında deyib ki, Ərdoğanın Moskvaya getməsi istənilən təkliflə razılaşacağının göstəricisidir:
“Düşünürəm ki, bu gün Moskvada baş tutacaq görüşdə hər iki tərəfi qane edəcək nəticə əldə olunmalıdır. Heç şübhəsiz ki, İdlibin Türkiyə, Ərdoğan üçün elə də ciddi bir əhəmiyyəti yoxdur. Söhbət M-4 və M-5 yollarına nəzarət üzərində gedəcək. M-5 yoluna nəzarəti hazırda Rusiya hərbi polis qüvvələri həyata keçirir. Bu mənada Rusiya dəstəyi Bəşər Əsəd rejiminə verir. Ərdoğan Afrin istiqamətində İdlibə olan PKK faktorunu, qaçıqın ordusunun Türkiyəyə axınını, terror dalğasının türk sərhəddini keçmə ehtimalını nəzərə alır. Bununla yanaşı Avropa Birliyinin Türkiyəyə vəd etdiyi milyardlar isə verilmədi. Bütün bu amillər və Türkiyə müxalifətinin Ərdoğana ünvanlanan ittihamı onun vəziyyətini yetərincə ağırlaşdırıb. Perspektivdə Türkiyədə siyasi böhran da yaşana bilər. Bu gün Ərdoğanın Moskvada Putinlə apardığı danışıqların nəticəsi təkcə Suriya probleminin həllində Türkiyənin mövqeyinə aydınlıq gətirməyəcək, həm də Türkiyənin daxilində siyasi böhranın qarşısının alınmasında və ya dərinləşməsində ciddi rol oynaya bilər. Putinin mövqeyindən geri çəkilməyəcəyi bəllidir. Çünki Putinin reytinqi Krımın ilhaqından və Suriyada apardığı hərbi əməliyyatlardan sonra kifayət qədər artıb. Putin Rusiyanın təkcə MDB məkanında deyil, SSRİ-nin dövründəki ərəb dünyasındakı mövqeyini geri qaytarmaq üçün addımlar atıb. Ona görə də Ərdoğanın özünün Moskvaya getməsi göstərir ki, onu qane edəcək istənilən razılaşmaya gedəcək”.
Politoloq vurğulayıb ki, Ərdoğanın Türkiyə müxalifəti ilə də ciddi problemləri var və bu siyasi böhrana səbəb ola bilər:
“Bir müddət əvvəl rəsmi Tehran bu danışıqların baş tutması üçün öz mövqeyini ortaya qoymuşdu. Ruhani görüşün Tehranda baş tutması üçün vasitəçi ola biləcəklərini bəyan etmişdi. Amma Ərdoğan məhz Moskvaya getməyi qərara aldı. Türkiyə müxalifətinin də Ərdoğana ünvanladığı ən ciddi ittiham məhz onun parlamentdə xalqa hesabat vermək əvəzinə Moskvaya getməyi üstün tutmasıdır. Bu isə belə qələmə verilir ki, Ərdoğan türk ordusuna şəhid verdirən Rusiya siyasi elitasının ayağına gedir. Çox güman ki, Ərdoğan Türkiyə müxalifətindən fərqli olaraq daha ciddi mənbələrdən məlumatlara sahibdir. Ona görə də Türkiyənin gələcəyi, dövlətçiliyi ilə bağlı məsuliyyətin altında müxalifət deyil, məhz Ərdoğandır. Bu mənada Ərdoğanın Moskva səfərinin də mahiyyətini anlamaq olar. Çünki məlum təyyarə olaylarından sonra məhz Azərbaycan Prezidentinin vasitəsilə Rusiyaya çıxdı. O zaman da dövlətlər arasındakı gərginliyin aradan qaldırılmasında Azərbaycan Prezidentinin müstəsna rolu oldu. İndi bu danışıqlarda tərəflərin Azərbaycanın vasitəçiliyindən istifadə edib-etməyəcəyini görüşün nəticələri göstərəcək. Güman edirəm ki, Ərdoğan Bakı səfərində Azərbaycan Prezidentindən belə bir vasitəçiliyin xahişini edib”.
Vilayət Muxtar