Ucuz neftin qeyri-neft sektoruna əsas təsiri – Turizm, ticarət və xidmət sektoru...
17-03-2020, 00:00
Neft bazarının hazırkı durumu və yaxın 2 ay üzrə gözləntilərlə bağlı məşhur “Bloomberg” agentliyinin təhlilinə görə, bu günlərdə neftə qlobal tələbatın ixtisarı 1980-ci ildə baş verən kəskin azalma səviyyəsində ola bilər.
Xatırladaq ki, həmin dövrdə gündəlik tələbatın azalması qısa müddtədə 2.5 mln. barreldən çox olmuşdu. 2019-cu ildə xam neftə qlobal tələbat gündəlik 100.3 mln. barrel təşkil edib. Bu azalma ilə bağlı proqnoz reallaşarsa, deməli gündəlik 97.5 mln. barrel təşkil edə bilər.
“Goldman Sachs” isə daha pessimist proqnozla çıxış edib - apreldə fevrala nisbətən tələbatda 4 mln. barrel azalma gözlənir.
Qeyd edək ki, ötən əsrin 80-ci illərindən neft bazarında başlayan eniş yalnız 2003-cü ildən - 23 ildən sonra yüksəlməyə başladı. Ekspertlər həmin dövrdə dünyanın əsas neft istehsalçısı olan keçmiş SSR-nin çökməsində əsas amil kimi bu faktın üzərində dayandırlar.
Koronavirus böhranının yaratdığı fəsadlar, neftə qlobal tələbatın azalması və istehsalçı ölkələr arasında ziddiyətlərin dərinləşməsi dünyanı həmin dövrə qaytara bilər. Bu iqtisadiyyatı neftdən asılı olan ölkələr üçün ağır nəticələrə səbəb ola bilər. Azərbaycan iqtisadiyyatı da neftdən asılıdr və neftdənkənar istehsal çox məhduddur. Ona görə qlobal böhranın ömrü uzanacağı tədqirdə neftsiz istehsal sahələri vasitəsilə Azərbaycan iqtisadiyyatı az zərər görə bilər.
İqtisadçı Rövşən Ağayev bildirir ki, qeyri-neft iqtisadiyyatı əsasən xidmət sektorundan ibarətdir. Ekspert ən son statistikaya əsaslanaraq qeyd edir ki, neft-qaz sənayesindən kənar iqtisadiyyatda istehsal sahələrinin payı cəmi 20%-ə yaxındır: “Bura aqrar sektor və qeyri-neft sənayesi daxildir. Neftdənkənar sektorda ən böyük xüsusi çəki isə ticarət, restoran xidmətləri və turizm sektorudur - 25%”.
R. Ağayev hesab edir ki, ən böyük zərbəni bu sektorun alması riski var: “Bir tərəfdən xaricdən turist axını dayandı, digər tərəfdən bütün mərasimlər və kütləvi tədbirlər dayanıb. Hamımız yaxşı bilirik ki, bizim xidmət sektorumuzun dayağı "mərasim-məclis iqtisadiyyatı"dır.
Ticarət müəssisələrinin özünün satış dövriyyəsində restoran-şadlıq evi-otel şəbəkəsinin ciddi payı var. Deməli, ən azından onların istehlakı qədər gündəlik tələbat malları üzrə ixtisaslaşmış ticarət dövriyyəsi kiçiləcək. Bu şəbəkədə ciddi işçi ixtisarları, işçi qazanclarının da azalması qaçılmazdır”.
Ekspertin sözlərinə görə, qeyri-müəyyənlik istehlakçı seçiminə neqativ təsir göstərir və adətən uzunmüddətli əşya və geyim mallarına tələbatı azaldır: “Demək, həmçinin ticarət sektorunun bu seqmentində də dövriyyənin kiçilməsi riski var. Bu 2 sektorda ən azından 600-700 min insanın çalışması barədə məlumat var. Böhran onlarda işçi ixtisarlarını, maaş kəsilmələrini qaçılmaz edəcək. Mal dövriyyəsinin azalması yük nəqliyyatının işinə, gəlir və məşğulluq imkanlarının azalması əmlak bazarında durğunluq hesabına tikinti sektoruna təsir riski yaradır”.
Rövşən Ağayev vurğulayıb ki, qeyri-neft sektorunda durğunluğun artması vergi orqanlarının da işini xeyli çətinləşdirəcək.
“AzPolitika.info”