Bakıya giriş qadağasının ikinci günü - yüzlərlə maşın geri qaytarıldı
20-03-2020, 11:27
Yol polisi rəsmisi: “Kimsəyə güzəşt yox, qadağanı pozmağa cəhd edənlərlə bağlı ciddi tədbir görüləcək”
Martın 19-da saat 00.00-dan etibarən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması martın 29-dək dayandırılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olan sərnişindaşıma nəqliyyat vasitələrinin (avtobus, mikroavtobus, taksi və s.) ölkənin başqa şəhər və rayonlarından Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna sərnişin daşımaları qadağan olunub.
Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı şəhərinə sərbəst giriş-çıxışına icazə verilir.
Qərargah Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olan avtomobilləri və sərnişindaşıma nəqliyyat vasitələrini qeydiyyatda olduqları yaşayış məntəqələrindən kənara səfər etməkdən və sərnişin daşımaqdan çəkinməyə çağırır.
Sumqayıt və Abşeron istisna olmaqla, ölkənin bütün şəhər və rayonlarından qatar vasitəsilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna sərnişin daşınması dayandırılır.
Ölkə ərazisindəki hava limanlarından Bakıya sərnişin daşınmasına fasilə verilir.
Ticarət əlaqələrinin saxlanması, ərzaq və başqa gündəlik tələbat mallarına ehtiyacı təmin etmək məqsədilə bütün nəqliyyat vasitələri ilə yükdaşımaları sərbəstdir.
Xüsusi buraxılış rejimi qaydalarını pozan şəxslər haqqında hüquqi məsuliyyət tədbirləri tətbiq olunacaq.
Bakı, Sumqayıt və Abşerona girişin qadağan edilməsi ilə bağlı 3 yerdə yol polisi postları qurulub.
Bu postlar Bakı-Ələt-Astara yolunun 65-ci kilometrliyində, Bakı-Quba yolunun 45-ci kilometrliyində və Bakı-Şamaxı yolunun 26-cı kilometrliyində quraşdırılıb. Martın 19-u saat 00:00-dan etibarən həmin istiqamətlərdən Bakı, Sumqayıt və Abşeron ərazisinə daxil olan avtomobillər və sərnişinlər saxlanılaraq yoxlanılır. Avtomobil nömrəsi Bakı, Sumqayıt və Abşeron qeydiyyatı olmasına baxmayaraq həmin avtonəqliyyat vasitələri də postlarda saxlanılacaq və onların sərnişinlərinin qeydiyyat yeri dəqiqləşdirilir.
Qadağanın qüvvəyə minməsindən sonra qaydalara riayət etməyənlər çox olub. Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin sözlərinə görə, vətəndaşların bəziləri vaxtı, bəziləri hava şəraitini səbəb kim göstərib, amma heç kimə güzəşt edilməyib. Onun sözlərinə görə, əsasən sıxlıq cənub istiqamətindən girişdə yaranıb: "Martın 19-na keçən gecədən etibarən Qaradağ postunda 400-dən çox avtomobil geri qaytarılıb. Bundan başqa, şimal istiqamətində 40 avtomobil saxlanılaraq onların Bakı, Sumqayıt və Abşeron istiqamətlərinə girişi dayandırılıb, 100 avtomobil isə başqa rayonlara getdiyi üçün istiqamətləndirilib. Şamaxı istiqamətindən də təxminən 50 avtomobil postda saxlanılıb və geri qaytarılıb. Hazırda qərarın icrası davam etdirilir".
“Nazirlər Kabineti yanında Operativ Qərargah Bakı, Sumqayıt və Abşerona girişin məhdudlaşdırılması ilə bağlı qərar verib, Baş Dövlət Yol Polisi İdarəsi də onu yerinə yetirir. Məhdudiyyət martın 29-na kimi davam edəcək. Qadağanı pozmağa cəhd edənlərlə bağlı ciddi intizam tənbehi tədbiri görüləcək” deyə, Kamran Əliyev qeyd edib.
Regionlara hərəkət edən avtobusların işləmə qrafiki sərnişin axınından asılı olacaq. Bunu isə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova bildirib. Onun sözlərinə görə, şəhərlərarası bütün istiqamətlərə avtobus reysləri fəaliyyətini davam etdirir: “Regionlara işləyən avtobuslar əvvəlki kimi fəaliyyətlərini davam etdirir. Sadəcə, onlar xüsusi tənzimlənən reyslər olacaq. Ola bilsin ki, bugünlərdə işləyən avtobuslar əvvəlki qrafiklə üst-üstə düşməsin. Bu da sərnişin axınından asılıdır. Mümkündür ki, əvvəl hər hansısa istiqamətə 5 reys gedirdisə, bugünlərdə həmin reyslər birləşdirilsin”.
P.Məmmədova bildirib ki, avtobusların işləmə vaxtını tam dəqiqləşdirmək üçün (012) 406-01-58/59 nömrəli “Məlumat Mərkəzi”nə zəng edə, eyni zamanda info@avtovagzal.az email ünvanı və ya Bakı Beynəlxalq Avtovağzal Kompleksinin facebook səhifəsinə yaza bilərlər.
Bakı Beynəlxalq Avtovağzal Kompleksindən gedişlər xüsusi qrafiklərlə tənzimlənəcək və məhdudiyyət qoyulan tarixə qədər geri dönüş yalnız Bakı şəhərində qeydiyyatda olan sərnişinlər üçün mümkün olacaq.
Bu gün giriş qadağasının ikinci günüdür və ümid edək ki, tətbiq edilmiş məhdudiyyətə vətəndaşlar əməl edəcək.
ORXAN,
“Yeni Müsavat”