"İslamda 3,7,40 anlayışı yoxdur"

23-04-2020, 10:06           
"İslamda 3,7,40 anlayışı yoxdur"
Pandemiya digər dünya ölkələri ilə paralel olaraq, Azərbaycanda da insan ölümünə səbəb olur. Həmçinin, ötən müddət ərzində müxtəlif xəstəliklərdən dünyasını dəyişən insanlar da az deyil. Lakin ölkədə koronavirusla mübarizə çərçivəsində karantin rejimi tətbiq olunduğu üçün insanlar dünyadan köçən əzizləri üçün yas mərasimi keçirə bilmirlər. Bu isə insanlar arasında narahatlığa səbəb olur.

Yenisabah.az-ın sözügedən məsələ ilə bağlı suallarını dini məsələlər üzrə ekspert Hacı Rahim cavablandırıb:

- Hacı, karantin rejimi davam etdiyi üçün insanlar ölülərinə ehsan verə bilmirlər. Karantindən sonra 40-ı çıxmış ölüyə ehsan vermək olar? Ümumiyyətlə, vətəndaş karantindən sonra necə eləsin, ölüsü üçün 3-7 versin, yoxsa 40?

- İslamda 3,7,40 anlayışı yoxdur. 4 vacib əməl var. Bir şəxs dünyasını dəyişəndə, cəsədi yumaq, kəfənləmək, cənazə namazı qılmaq və dəfn eləmək lazımdır. Hər bir insan üçün bunun edilməsi vacibdir. Qalan məsələlər isə həm ölü, həm də diri üçün savabdır. Onu edə də, etməyə də bilər. Düzdü, tarixə baxanda 3,7 və 40-ın fərqli mənaları var. Amma bunlar daha çox adətdən irəli gəlir. İslamda belə bir şey yoxdur ki, 40 çıxdıqdan sonra ehsan verilməsin. İl ərzində hər gün ehsan verilə bilər, savabdır. İnsanlar arasında konkret vaxt təyin etmək dini savadsızlıqdan irəli gəlir.

- Məlum olduğu kimi, hazırda yardıma ehtiyacı olan yüzlərlə ailə var. Mümkündürmü ki, ehsanlar yardımlarla əvəzlənsin?

- Ehsan da savab üçün verilir. Kimsə karantin zamanı ölübsə, yas mərasiminin karantindən sonra olması şərt deyil. Düzdü, yaxşı olar ki, heç karantini gözləməsinlər, məclisdə verilən ehsanın yerinə bu gün kimlərəsə yardım göstərsinlər. Ölüləri üçün Quran oxutsunlar. Aztəminatlı ailələrə dəstək dursunlar, ərzaq paylasınlar. Peyğəmbərin də, imamların da hədisləri var. İmam Sadıqın hədisi var ki, dünyasını dəyişmiş şəxs üçün il ərzində hər gün bir ayə oxusan ölən şəxsin qəbr əzabını yüngülləşdirərsən. Bundan əlavə ölən şəxsin niyyətinə bir çörək parçası belə ehsan versən, qəbr evindəki şəxsin əzabını yüngülləşdirər. Hələki qiyamət olmayıb. Behişt və yaxud cəhənnəm qiyamətdə sorğu-sualdan sonra müəyyənləşir. Əvvəl sorğu-sual olmalıdır. Ona qədər isə ölənlər qəbr evində qalırlar. Qəbr evi kiçik qiyamətdir.

- Yəqin ki, karantindən sonra müəyyən kəsim yas mərasimi keçirəcək? Sizcə, yas mərasimlərində daha çox nələrə diqqət edilməlidir?

- Yas mərasimlərinin verilməsində israfçılıqdan qaçınılmalıdır. Normal şəkildə ehsan verilməlidir. Məclisin qurulması İslamın yazılmayan qayda-qanunlarıdır. Yas mərasimi daha çox tövsiyə xarakteri daşıyır. Bir nəfər dünyasını dəyişəndə yas mərasiminə qohum-əqrəba, qonşular, dost-tanış gəlir. Hətta bəzən anadan olandan bəri görmədiyimiz qohumları orada görürük. Bu, peyğəmbərin hədisidir. Yəni qohum-əqrəbanı axtarmaq, görmək , araşdırmaq lazımdır. Bunu etmək insanın ömrünü uzadar. Yas mərasimində məclisin qurulması bir növ insanlara mesaj göndərir ki, əlaqəni gücləndirsinlər.

- Məlumdur ki, hər insan molla ola bilməz, bunun özü də savad tələb edir. Lakin bəzən yas mərasimlərində dini bilən insanlar olur ki, onlar mollaların Quranı səhv oxuduqlarını bildirirlər, hətta belə videolara da rast gəlirik. Bu , nə ilə bağlıdır?

- Kimsə ölən zaman məclisə ruhani gətirərlər. O da dua oxuyar, fatihə verər, söhbət edər. Molla yox, ruhani deməyimin də səbəbi var. Çünki bu gün molla sözünü çox ucuzlaşdırıblar. Yolda dayanan adamla mollanı seçmirlər. Amma əslində İslama baxdıqda görürük ki, molla sözü dolğun, savadlı, alim, ruhani deməkdir. Amma bu gün bəziləri gedib adi adamı molla kimi gətirirlər, baxmırlar onun savadı var, ya yoxdur. Burada məqsədləri pula qənaət etməkdir. Belə olmamalıdır. Savadlı mollanı çağırmalıdırlar. Çünki bəzən elə insanlar olur ki, heç illərlə məscidə getmirlər, Allah kəlamını eşitməyiblər. Onlar üçün bu vacibdir. Bir də səhər saat 9-dan, axşam 6-dək işləyənlər var ki, onların heç yerə getməyə vaxtları olmur, ancaq məcbur qalıb yas mərasimlərinə gedirlər, onlar hədisləri eşitməkdə acdırlar, onlar da Allah kəlamı eşitməlidirlər.

- Bildiyiniz kimi, yas mərasimlərində yemək süfrəsinin yığışdırılması məsələsindən sonra mərasimin özünü də yığışdırılıb-yığışdırılmaması ilə bağlı söz-söhbət yarandı. Buna yanaşmanız necədir?

- Mən təəssüf edirəm ki, bir ara bəziləri yas məclislərini yığışdırmaq istədilər. Düzdür, bəziləri ehsanları toya oxşatmışdılar, İslam buna qarşıdır, amma yas mərasiminin yığışdırılması doğru deyil. Çünki bunlar peyğəmbərlərdən, imamlardan tövsiyə olunan məclislərdir. Bu mərasimlər Allahın kəlamlarını eşitmək üçün təşkil olunur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.