Gözəgörünməz düşmənlə açıq savaşa girən həkim COVID-19-a yoluxdu

26-04-2020, 10:14           
Gözəgörünməz düşmənlə açıq savaşa girən həkim COVID-19-a yoluxdu
Qəhrəman həkim Namiq Nəbiyev: "Həyat yoldaşımla eyni palatada qalırıq"

Azərbaycanda koronaviruslu xəstələri müalicə edən həkim Namiq Nəbiyev COVID-19-a yoluxub. Namiq Nəbiyev ilk gündən koronavirusla mübarizəyə qoşulanlar sırasındadır: "Namiq Nəbiyev 3 saylı Şəhər Klinik Xəstəxanasının İnfeksion şöbəsinin müdiridir. Fevral ayından başlayaraq Qobustan, Neftçala, Cəlilabad, Astara, Biləsuvar rayonlarında və Olimpiya kəndində karantin xəstəxanalarında xidmət göstərən, həmçinin Bakı və Bakıətrafı rayon xəstələrinin infeksion qəbulu şöbəsində aktiv çalışan həmkarlarımızdan biri, doktor Namiq Nəbiyev koronavirusa yoluxub. O, hazırda Azərbaycan Tibb Universitetində müalicə alır. Gecə-gündüz virusla mübarizəyə qoşulan dəyərli həmkarımıza cansağlığı arzulayırıq". Bu barədə “Sağlamlığın qorunması” İctimai Birliyinin sədri, həkim-oftalmoloq Yazgül Abdıyeva məlumat verib.
Qeyd edək ki, N.Nəbiyevin həyat yoldaşında da COVID-19 testinin nəticəsi pozitiv çıxıb. Onun həyat yoldaşı 3 saylı Şəhər Klinik Xəstəxanasının Qanköçürmə şöbəsinin müdiridir.

N.Nəbiyev hazırda xəstəxanada olsa da, mətbuata açıqlama verib. O bildirib ki, aprel ayının 18-də özünü pis hiss edib:
"Gördüm ki, məndə halsızlıq var. Aprelin 20-də Referans Klinik Laboratoriya Mərkəzində analiz verdim. Həyat yoldaşımda da eyni simptomlar özünü büruzə verdiyindən, o da analiz verdi. Hər ikimizdə pozitiv çıxdı. Hazırda ikimiz də ATU-da eyni palatadayıq, müalicə alırıq. Mənim bu gündən temperaturum qismən aşağı enib".
N.Nəbiyev bildirib ki, özünün və həyat yoldaşının 52 yaşı var. Onların ailə üzvləri də analiz olunublar. Müayinənin nəticəsi neqativ çıxıb: "Bir az təngnəfəslik, halsızlıq var. Amma müalicə alırıq, şükür, hər şey yaxşıdır. Bizə görə narahat olanlara da təşəkkür edirəm. Biz həkimik, bu virusa görə risk qrupu sayılırıq. Amma işimiz tələb edir ki, sağlamlığımızı təhlükəyə atsaq da, xəstələri müalicə etməliyik. Həkim həmkarlarıma da təşəkkür edirəm ki, bu çətin günlərdə işlərinin öhdəsindən layiqincə gəlirlər"./sputnik/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.