Koronavirus təkcə ağciyərləri yox, beyni, ürəyi, böyrəyi və qaraciyəri də sıradan çıxarır...
28-04-2020, 00:04
İndiyə qədər koronavirusun (Covid-19) ağciyərləri yoluxduran respirator virus infeksiyası olması ilə bağlı məlumatlar mövcud idi. Lakin alimlər getdikcə bu məlumatın tamamilə doğru olmamasına daha çox inanmağa başlayırlar.
Virtualaz.org “The Telegraph”a istinadən xəbər verir ki, son həftələrdə infeksiyanın qan dövranı sisteminə və hətta beynə zərər vura biləcəyini göstərən xeyli tibbi məqalə nəşr olunub.
“Biz bir çox xəstəliklər müşahidə edirik. Bəzi insanlarda tromb əmələ gəlir, kimlərsə infarkt keçirir, kimisində böyrək çatışmazlığı yaranır ", - Londonun Kral Kollecinin Xəstəxanasında məsləhətçi kardioloq olan professor Ajay Şah deyir.
“Hələ bilmədiyimiz şeylər çoxdur. Lakin Covid-19 xəstələrində tam olaraq nə baş verdiyini anlamağa yönəlmiş tədqiqatların həcmi sadəcə fenomenaldır“, - professor qeyd edir.
Bəs virus orqanizmə necə təsir göstərir?
Burun və boğaz
Virus burun kanalının yuxarı hissəsinə düşür və infeksiya buradan yayılmağa başlayır.
Virusun səthi zülalların reseptorlara yapışdırılmasına və tez bir zamanda çoxalmasına imkan verir.
Bu zaman xəstə virusa yoluxmuş sayılır, lakin onda xəstəliyin əlamətləri müşahidə olunmur. Bu virusun ən pis tərəflərindən biri də odur ki, daşıyıcısı infeksiyanı yayır, amma özünün xəstə olduğunu bilmir.
Ağciyərlər
Əgər orqanizmin immun sistemi virusu erkən mərhələdə öldürməzsə, tənəffüs boğazdan aşağı hərəkət edərək ağciyərlərə keçəcək. Burada isə virus hüceyrələrə nüfuz edərək onları iltihablaşdırlr.
"Ağciyər toxumasının iltihabı dediyimiz sətəlcəm budur. Bu insanın rahat oksigen almasına mane olur, ağciyərlərini ağırlaşdırır”, - Naffild Kollecinin Klinik Nevrologiya şöbəsində çalışan reanimatoloq professor Dankan Yanq bildirir.
Nəticədə bəzi xəstələrdə kəskin tənəffüs çatışmazlığı meydana gəlir və qanda oksigenin miqdarı narahatlıq doğuracaq səviyyəyə enir ki, bu da son dərəcə təhlükəlidir.
"Süni tənəffüs aparatına qoşmaqla, oksigen çatışmazlığından əziyyət çəkən bir insanı ölümdən qurtara bilərsiniz", - həkim Yanq deyir. Əlavə edir ki, ancaq bu infeksiyanı dayandırmayacaq və infeksiya davam edəcək. Bununla sadəcə, immun sisteminin virusu məğlub edəcəyi ümidi ilə bir insanın ölməsinə icazə verilmir.
Təəssüf ki, bir çox insanda immun sistemi infeksiyaya çox kəskin reaksiya verir və bədənə təsir edərək hipertsitokinemiyaya səbəb olur.
"Bu sürətli ürək döyüntüsünə səbəb olan orqanizmin iltihabı prosesidir. Buna görə də damarlarında sızıntı yaranır. Bu xəstəlikdən əziyyət çəkən insanların 20 faizində böyrək çatışmazlığı meydana çıxır və bəzi insanlarda ürək problemlərinin olması istisna deyil ", - həkim Yanq qeyd edir.
İzah edir ki, buna görə xəstə reanimasiyada öldükdə, əsasən hipertsitokinemiyadan ölüm olur. Bir neçə orqan işləməkdən imtina edid və orqanizm xəstəliyə təslim olur.
Ürək və qan damarları
Ağciyərləri Covid-19-un episentri hesab etmək olar, lakin elm adamları virusun damarlarımıza girərək ürək-damar sisteminə də nüfuz etdiyini düşünürlər.
Virusun ürək və qan damarlarına necə nüfiz etməsi sirr olaraq qalır, baxmayaraq ki, mütəxəssislər infeksiyanın qan damarlarının divarlarında olan ACE2 reseptorlarına yapışdığından infeksiyanın tromblaşmays, infarkta və ürək əzələsinin iltihabına səbəb ola biləcəyinə inanırlar.
"Covid-19-a yoluxan xəstələrdə ciddi ürək və qan damar problemlərinin əlamətləri özünü göstərir", - professor Şah qeyd edir. Onun sözlərinə görə, xəstələrin çox hissəsində ürəyə girən arteriyalarda qan laxtaları olduğunu müşahidə olunur.
“JAMA Cardiology” jurnalında yayımlanan bir məqalədə müəlliflər Vuhanda xəstəxanaya yerləşdirilən koronavirus xəstəsi olan 416 xəstənin 20 faizinin miokard infarkt keçirdiyini qeyd ediblər.
Məqalədə yazılır ki, tromblaşmanın artması Covid-19 virusunun ağır formalarından biridir. Xəstələrin bədəninin hər yerində, o cümlədən, ayaqlarında və ağciyərlərində tromblar meydana gəlir.
Bu diabet və ürək xəstəliyi olan xəstələrdə xəstəliyin niyə daha ağır keçdiyini də izah edir. Həmin insanlarda ürək-damar sistemi daha çox yüklənmiş olur.
Qaraciyər
Covid-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilən xəstələrin əhəmiyyətli bir hissəsində qaraciyər fermentlərinin yüksək səviyyədə olması, virusun bu orqana ziyan vurduğunu göstərir. Lakin bunun nədən qaynaqlanması məlum deyil. Bilinmir ki, buna immun sisteminin qıcıqlanması, virus əleyhinə dərmanlar, yoxsa virusun özü səbəb olur.
Böyrək
Ağır hallarda Covid-19 böyrək zədələnməsinə də səbəb ola bilər. Bir araşdırmanın müəllifləri Vuhandakı xəstəxanaya yerləşdirilən 85 xəstənin 27 faizində böyrək funksiyasının pozulduğunu müəyyən ediblər. Bunun səbəbi virusun böyrəklərə birbaşa təsir etməsi və ya bədənin başqa bir təsirə, məsələn, qan təzyiqinin kəskin enməsinə reaksiya verməsilə bağlı olub-olmadığı məlum deyil.
İstənilən halda, bu dializ aparatlarına tələbatı əhəmiyyətli dərəcədə artıracaq.
Beyin
Həkimlər virusun beyinə necə təsir etdiyini hələ də anlaya bilmirlər, lakin tədqiqatlar göstərir ki, Covid-19 xəstələrində insult, epileptik tutmalar, şüur dağınıqlığı və beyin iltihabı olur.
Yaponiyadan olan bir qrup tədqiqatçı meningit və ensefalit yaranan Covid-19 xəstəsinin beyin-spinal mayesində virus izlərinin tapdığını bildiriblər. Bu, Sars-Cov-2 virusunun mərkəzi sinir sisteminə nüfuz edə biləcəyini göstərir. Yəni, xəstəlik ağciyərlərdə başlasa da, bədənin digər orqanlarında da özünü biruzə verir.