Natiq Cəfərli: “Virus olmasaydı da, neft ucuzlaşacaqdı”

2-05-2020, 10:15           
Natiq Cəfərli: “Virus olmasaydı da, neft ucuzlaşacaqdı”
“Post-pandemiya dövründə də neftin qiyməti aşağı olacaq”
“Neft və pandemiya arasında bağlılıq axtaranlar, müxtəlif komplo-teorelər irəli sürənlər var. Mülahizələr səslənir ki, virus qurtarsa, dünyada neft bahalaşacaq, yaxud neft bahalaşsa, epidemiya tamamilə aradan qalxacaq. Lakin mən bunların heç biri ilə bölüşmürəm”.

Bunu “Yeni Müsavat”a iqtisadçı-ekspert Natiq Cəfərli neftin bahalaşmasından sonra COVİD19 pandemiyasının tam aradan qalxacağı haqda iddialara münasibət bildirərkən dedi.

Onun sözlərinə görə, neftin dünya bazarındakı qiymətinin aşağı olmasını koronavirusla əlaqələndirmək məntiqli görünmür: “Dünyanın post-neft dövrünə gəlib çıxacağı haqda proqnozlar hələ 2010-cu ildən var idi. Neft istehlakı onsuz da azalır, neftin önəmi azalmağa doğru gedirdi. Hətta virus olmasaydı da, neft qiymətlərində enmə trendi baş verəcəkdi. Çünki bu proses illərdir ki, davam edir”.

N.Cəfərli 1990-cı illərdə də müxtəlif iddialar səsləndiyini xatırlatdı: “O vaxt deyirdilər ki, 2020-ci ilə qədər neft ehtiyatları tükənəcək. Amma məlum oldu ki, nəinki tükənmədi, yeni 6 neft yatağı aşkarlandı. O baxımdan koronavirusla neftin qiyməti arasında bir əlaqə görmürəm”.

İqtisadçı hesab edir ki, post-pandemiya dövründə də neftin dünya bazarındakı qiyməti aşağı olacaq: “Buna bir çox səbəblər var. Eyni zamanda alternativ enerjiyə marağın artması neftin qiymətlərinə təsir edəcək”.

Elşad Məmmədov: “Sığorta şirkətləri əlavə quruma çevrilib”

İqtisad Universitetinin professoru Elşad Məmmədov isə yenicag.az-a müsahibəsində deyib ki, qlobal iqtisadiyyatdakı böhran, o cümlədən koronavirus pandemiyası ilə bağlı proseslər neft qiymətlərinin kəskin artımına imkan verməyəcək: “Pandemiya ilə bağlı proseslər səngisə belə, dünya iqtisadiyyatındakı mövcud böhran neftə olan tələbi artırmayacaq. Şübhəsiz ki, qlobal iqtisadiyyatdakı gedişat Azərbaycan iqtisadiyyatına təsir edəcək. Çünki neft Azərbaycanın əsas ixrac məhsuludur. Uzun illər ərzində Azərbaycanın valyuta daxilolmaları, büdcənin icrası, ümumi daxili məhsulun formalaşması və eyni zamanda valyuta bazarındakı sabitlik baxımından, məhz neft amili ölkəmiz üçün ön plandadır. Neft qiymətlərinin dəyişməsi ölkə iqtisadiyyatının yeni model üzrə idarə olunmasını zəruri edib”.

Qeyd edək ki, Fransanın Avropada Prospektiv və Təhlükəsizlik İnstitutunun prezidenti Emmanuel Dupuy deyib ki, böhran bitdikdən sonra neft iqtisadiyyatında əsaslı dəyişikliklər baş verəcək. Onun sözlərinə görə, neftin qiyməti tarixdə özünün ən aşağı dövrünü yaşayır və buna bir tərəfdən COVID-19 epidemiyası böhranı səbəb olub: “Lakin digər tərəfdən demək olmaz ki, koronavirusla bağlı bu böhran baş verməsə idi, neftin qiyməti azalmayacaqdı. Neft ucuzlaşacağı gözlənilən hadisə idi və bu gün baş verən tibbi böhran bunu, sadəcə, tezləşdirdi”.

Azərbaycan bir dəfə artıq 2014-2015-ci illərdə neftin qiymətinin düşməsi ilə qarşılaşıb. Nəticədə ölkənin Mərkəzi Bankı devalivasiyaya getməyə məcbur oldu, nəticədə də milli valyuta iki dəfə ucuzlaşdı. 2013-cü ildə ortalama qiyməti 120 dollar olan neft 2015-ci ildə 30-40 dollara qədər düşdü. Son dönəmdə isə neftin qiyməti daha böyük sürətlə düşdü...

Emil SALAMOĞLU,

“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.