“İcbari tibbi sığortaya keçid niyə baş tutmur?” – MƏHƏMMƏD TALIBLI

2-05-2020, 12:42           
“İcbari tibbi sığortaya keçid niyə baş tutmur?” – MƏHƏMMƏD TALIBLI
“Azərbaycan vətəndaşları bu il də icbari tibbi sığortasız yaşamalı olacaq”

“Vətəndaşın həkim seçimi və xəstəliyinin müalicəsi üçün dövlət resurslarından istifadə imkanı azad səhiyyənin əsasıdır. İnsan isə özünü o zaman azad hesab edər ki, onun üçün tibbi xidmət sistemi yaradılsın və həmin texniki-tibbi nəaliyyətlərdən bəhrələnə bilsin. Çünki sağlam həyat tərzi keçirmək istəyən hər bir insan üçün öz sağlamlığını qorumaq onun məsuliyyəti və marağı daxilindədir. Dövlət ona görə dövlətdir ki, vətəndaşının özünün qoruya bilmədiyi hüquqları onun üçün yarada bilsin. Bu mənada nisbətən azgəlirli insanların sosial bərabərliyinin və təhlükəsizliyinin qorunması dövlət üçün əsas olmalıdır”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər iqtisadçı Məhəmməd Talıblıya məxsusdur.

M. Talıblı sual edir ki, 20 ilə bu problemi niyə həll etmək olmur: “Bildiyimiz kimi “Tibbi Sığorta Haqqında” qanun hələ 1999-cu ildə qəbul olunub. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi isə 2016-cı ildə yaradılıb. Düzdür, bir neçə rayonda pilot layihələr həyata keçirilib. Pilot layihə isə Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərini əhatə etmişdir”.

“Neft qiymətlərinin enməsinin mənfi təsiri səhiyyə sisteminə dəydi”

M. Talıblının sözlərinə görə, hökumət özünün icbari tibbi sığortaya keçidlə bağlı hesablamalarında qeyd edib ki, cari ldə əgər orta əməkhaqqı 620 manat təşkil edilməsini nəzərdə tutaraq sığorta yığımları il ərzində icra edilərsə, bu cəmi 500 milyon manat edəcək: “Dövlət büdcəsindən isə 1 milyard manat ayrıldığını nəzərə alanda məlum olur ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin toplam büdcəsi 1,5 milyard manat səviyyəsində nəzərdə tutulurdu. Lakin pandemiya mövzusu hökuməti çətinə saldığı üçün birinci imtina edilən məsələ kimi icbari tibbi sığorta xərclərini kəsməsi oldu. Yəni dünya bazarında neft qiymətlərinin enməsinin mənfi təsiri səhiyyə sisteminə dəydi. Parlamentin 30 mart 2020-ci il tarixində keçirilən plenar iclasında “Tibbi sığorta haqqında” qanuna dəyişikliklər edilərək, onun icrası növbəti ilə keçirildi. Azərbaycan vətəndaşları bu il də icbari tibbi sığortasız yaşamalı olacaq. Xəstəliyi olanlar ümidlərini göydə Allaha, yerdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində axtarmaq yerinə Zaurun, Xoşqədəmin verilişlərində göz yaşları müqabilində ona çarə axtaracaqlar. Budur, icbari tibbi sığortanın doğurduğu acı gerçəklik…”.

Şamo EMİN, Hurriyyet.org












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.