Bir başçı həbs edilir, amma digəri yenə rüşvət alır… – SƏBƏB

2-05-2020, 18:37           
Bir başçı həbs edilir, amma digəri yenə rüşvət alır… – SƏBƏB
Bizim üçün çox xoşdur ki, Vüqar Gülməmmədov Hesablama Palatasının sədridir və Milli Məclis tərəfindən formalaşan quruma rəhbərlik edir. Hər kəs onu respublikada peşəkar mütəxəssis kimi tanıyır. Məndən əvvəl həmkarlarım qeyd etdi ki, Hesablama Palatası ölkədə maliyyə intizamının gücləndirilməsi istiqamətində çoxlu tövsiyələr verir. Biz hər il təkliflərlə tanış oluruq. Bu təkliflər mahiyyət etibarı ilə yenidir.

Teref.az xəbər verir ki, bu fikirləri Milli Məclisdə çıxışı zamanı millət vəkili Qüdrət Həsənquliyev deyib.

“Şəxsən mən deputat fəaliyyətim dövründə rastlaşmamışam ki, hansısa qanun təqdim edilsin və bildirilsin ki, Hesablama Palatasının tövsiyələri əsasında dəyişikliklər edilir. Nəyi təklif etmək istəyirəm? Doğrudan da Hesablama Palatasına lazımdırsa, biz ora əlavə ştatlar verək, mütəxəssislər cəlb edilsin. Yəni qanunverciliyə konkret təkliflər təqdim edilsin. Hesablama Palatası Milli Məclis tərəfindən formalaşdırıldığı üçün bizim müvafiq komitələrlə fərdi qaydada işləməlidir”, – millət vəkili bildirib.

Deputatın sözlərinə görə, elə bir orqan yoxdur ki, Hesablama Palatası orada araşdırma aparıb hər şeyin qaydasında olduğunu müəyyən etsin:

“Hamısında mütləq qanun pozuntusuna rast gəlinir. Deməli, biz sistemli formada islahatlar aparmalıyıq.

Hazırda görürük ki, DTX və DİN tərəfindən korrupsiyaya qarşı mübarizə gücləndirilir. İcra başçıları həbs edilir. Bir rayonda icra başçısı saxlanılır, digər rayonda icra baçısı əvvəlki formada işini davam etdirir. Niyə?

Belə korrupsiya cinayətləri halında rüşvət verənlər məsuliyyətə cəlb edilmir. Ona görə də insanlar rüşvər verirlər. Bilirlər ki, sabah buna görə məsuliyyətə cəlb olunmayacaqlar. Amma onlar bilsələr ki, buna görə məsuliyyətə cəlb edilə bilərlər, ehtiyat edərlər. Vəzifəli şəxslərin bir çoxunun qorxmadan qanunları pozmaqda davam etməsinin səbəbləri var. Bir qismi hesab edir ki, onlar hansısa formada cinayət məsuliyyətindən yayına bilərlər. Bu daxili inam onları cinayətkar əməllərini davam etdirməyə sövq edir. Biz onların niyə belə fikirləşdiyini düşünməliyik. Deməli, bizim sistemli şəkildə islahat aparmağa ehtiyacımız var. Buna qanunvericiliyi təkmilləşdirməklə nail olmaq olar. Bunun üçünsə parlamentin komitələri üzərinə ciddi iş düşür. Vüqar müəllim hesabatını və təkliflərini müvafiq dövlət orqanlarına təqdim edir. Vüqar müəllim, müvafiq dövlət orqanları bir çox hallarda qanunlarda boşluqların olmasından yararlanırlar. Ona görə, siz ünvanı seçəndə – düzdür onlara da göndərməlisiniz – amma çalışın, daha çox qanunverici təşəbbüs subyektləri ilə əməkdaşlıq edin ki, biz qanunvericilikdə olan boşluq və ziddiyyətləri görək. Biz qanunverici orqanın nümayəndələriyik. Qanunları tətbiq etmədiyimiz, onun icrası ilə məşğul olmadığımız üçün boşluqları görə bilmirik. Amma siz yoxlamalar zamanı bunu ortaya çıxarırsınız. Ümid edirəm ki, bizim bu təkliflərimizi nəzərə alacaqsanız”. /Axar.az/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.