"Millətlər atasını" iki dəfə ölümdən qurtaran məscid indi öz xilasını gözləyir

3-05-2020, 21:56           
"Millətlər atasını" iki dəfə ölümdən qurtaran məscid indi öz xilasını gözləyir
Əvvəllər bura Novxanı camaatının yeganə ibadət evi imiş. Zaman-zaman kənd sakinləri öz hesablarına məscidi təmir etmək istəsələr də, buna icazə verilməyib
Abşeron rayonunun Novxanı kəndindəki "Şah Sultan Hüseyn" məscidi bir zamanlar qədim yaşayış məskəninin mərkəzi olub. İndi isə baxımsız vəziyyətdə gözdən-könüldən uzaq düşüb.

Sputnik Azərbaycan xəbər verir ki, məscid Səfəvi hökmdarlarından olan Şah Sultan Hüseynin göstərişi ilə inşa edilib. Birmərtəbəli, kürsülü tikilən məscid 4 otaqdan ibarət olub. Tikilini geniş həyət əhatə edib. Əvvəllər bura Novxanı camaatının yeganə ibadət evi imiş. "Şah Sultan Hüseyn" məscidinin daha bir tarixi əhəmiyyəti Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin İosif Stalini iki dəfə ölümdən xilas edərək, məhz bu məsciddə gizlətməsindədir. Bir vaxtlar SSRİ rəhbərlərindən birini ölümdən qurtaran bu memarlıq abidəsinin özünü isə hələ ki, xilas edən tapılmır.

Zaman-zaman kənd sakinləri öz hesablarına məscidi təmir etmək istəsələr də, buna icazə verilməyib. Məscidlə bağlı daha bir acınacaqlı məqam isə rütubət çökən, uçub-dağılan divarlarında onun tarixi abidə olduğunu, dövlət tərəfindən qorunduğunu əks etdirən hər-hansı bir lövhənin olmamasıdır. Yalnız primitiv qaydada "Şah Sultan Hüseyn məscidi" yazısı var ki, onu da kənd sakinləri hazırlayıblar. Məscid yerli əhəmiyyətli və mühafizə olunan tarixi abidələr siyahısında olsa da, görünən mənzərə bunun əksini düşünməyə əsas verir.

Problemlə bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli Sputnik Azərbaycan-a açıqlamasında bildirdi ki, sözügedən tarixi abidənin bərpa layihəsi artıq hazırdır: ""Şah Sultan Hüseyn" məscidinin bərpası karantin müddəti bitdikdən sonra görüləcək ilk işlər sırasındadır".

Ümid edək ki, uzun müddət baxımsız qalan tarixi məscid bərpa olunacaq. Əks halda bu abidə haqqında da keçmiş zamanda danışacağıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.