Azərbaycanda bəzi bankların bağlanmasının PƏRDƏARXASI

5-05-2020, 13:11           
Azərbaycanda bəzi bankların bağlanmasının PƏRDƏARXASI
Əkrəm Həsənov: “Təəssüf ki, Mərkəzi Bank qeyri-şəffaf işləməyə adət edib”

“Mərkəzi Bank öz günahını sahibkarın belinə qoymaq istəyir”

“AtaBank”ın Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul ödəməsi əsassız idi”

Ötən həftə Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə “AtaBank” və “Əmrahbank”ın lisenziyalarının ləğv olunması, “Ag Bank” və “NBC Bank”a isə müvəqqəti inzibatçılar təyin edilməsi ölkə gündəmini xeyli məşğul etdi, bank sektorunda yaşanan uğursuzluqlar hələ də sosial şəbəkələrdə və mətbuatda müzakirə olunmaqdadır. Məsələnin maraqlı tərəfi odur ki, sözügedən banklarla bağlı Mərkəzi Bank qərar qəbul etməzdən bir neçə gün öncə, həmin banklar Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min manat yardım ediblər. AtaBank”, “Ag Bank” və “NBC bank” hər biri 100 min manat, işçiləri maaş tələbi ilə etiraz aksiyası keçirən “Əmrahbank” isə 200 min manat Fonda pul köçürüb. Əslində, özü müflis vəziyyətdə olan bankların Fonda yardım etməsi maraqlıdır. Necə olur ki, sən öz əməkdaşlarının maaşını ödəyə bilmirsən, Fonda pul köçürürsən? Halbuki, koronavirus pandemiyası yayılanda ölkə rəhbərliyinin müəssisə rəhbərlərindən dəfələrlə tələbi bu oldu ki, “heç bir işçini ixtisar etməyin, dövlət sizin zərərinizə dəstək olacaq”. Amma pandemiya şəraitində nəinki bu banklarda ixtisarlar oldu, hətta işçilərin hamısı işini itirdi. Buna rəğmən, hələ həmin banklar Fonda dəstək də verib.

Əslində, bu elə həmin bankların əməkdaşlarının hüquqlarının pozulmasıdır. Fond həmin pullarla digər vətəndaşlara yardım edəcəksə, həmin pulların üzərində daha çox haqqı olan vətəndaşlar isə çətin durumda qalacaqsa, bu yardımın mənası yoxdur. Çünki bu gün həmin yardıma ehtiyacı olanlar elə o bankların əməkdaşları ola bilər. Bu baxımdan, lisensiyası ləğv edilən bankların Fonda pul köçürməsi ilə bağlı iqtisadçı Samir Əliyevin açıqlaması da özündə həqiqəti əks etdirir.

S. Əliyevin fikrincə, nəzarət altında olan, taleyi tezliklə həll olunacağı məlum olan banklara belə köçürmələri etməyə icazə verilməməli idi: “Çünki bu vəsaitlər artıq bankların öz pulu yox, sahibkarların, əmanətçilərin və muzdlu işçilərin əmək haqqı pullarıdır”.

Bu arada, Mərkəzi Bankın sədri Elman Rüstəmovun “İş adamlarının “AtaBank” və “Əmrahbank”da pullarının qalmasına təəssüf edirəm” açıqlaması da elə təəssüf doğurur.

E. Rüstəmovun “Hüquqi dövlətdə yaşayırıq, bizdə biznes depozitləri sığortalanmayıb” deməsindən aydın olur ki, bağlanan banklarda sahibkarların pulu batacaq. Bu da bankların müflis olması ilə yanaşı, banka depozit qoyan sahibkarın da zərər görməsi həm sahibkarların banklara etibarını öldürəcək, həm də ölkə iqtisadiyyatına zərbə vuracaq.

Artıq E. Rüstəmovun bu açıqlamasından sonra hansısa sahibkarın yaxud biznes qurumunun Azərbaycanda banklara pul qoyması inandırıcı deyil. Nə vaxtsa, bank müflis ola bilərsə, puluna geri ala bilməyən sahibkar, yaxud biznes qurumu niyə Azərbaycanda banka pul qoysun ki?! Belə bir mühitdə bank sektorunun inkişafı da heç mümkün deyil. Ölkənin bank sektorunda sağlam, şəffaf mühit olmadığı azmış kimi, baş bankir “məntiqlə bizneslə məşğul olan insan maliyyə cəhətdən daha savadlı və bacarıqlı olmalıdır, deməli onlar öz seçimlərini və risklərini düzgün idarə etməlidirlər. Bank seçəndə diqqətli olmaq lazımdır”, – deyir. Görəsən, bəs, ölkənin baş bankiri maliyyə cəhətdən savadlı, bacarıqlı adam olduğu halda, niyə 2015-ci ildə iki dəfə devalvasiya qərarı verməyə məcbur oldu? Onda niyə riskləri düzgün idarə etməmişdi?

İqtisadçı Rövşən Ağayev də lisenziyası ləğv edilən banklarda biznes hesabında sahibkarların batan pulları ilə bağlı narahatlığını bölüşüb: “4 banka inzibatçı təyin edilməsindən neçə gün keçir, hələ də açıqlama verən bir rəsmi qurum yoxdur ki, orda olan depozitlərin hansı hissəsi əhalinin, hansı hissəsi biznesindir. Biznesin cari hesablarda, uzunmüddətli depozit hesablarında, hesablaşma hesablarınd nə qədər pulu batdı. Böhran vaxtı bu da sahibkarın qazancıdır. Bütün dünya sahibkara dövlət dəstəyinin hər formasından maksimum göstərir, bizdə də banklar bağlanır, sahibkarlar yüz milyonlarla manat itirir. Bu suala da cavab verən yoxdur ki, ən azından biznesin cari və hesablaşma hesabındakı vəsaitlərin sığorta mexanizmi niyə olmasın?”

R. Ağayev qeyd edib ki, Mərkəzi Bankın rəhbəri də çıxıb buna təəssüfünü ifadə edir: “Min təəssüf bir borcu ödəmir. Sahibkarlara pulun ən lazım olduğu vaxtda bu qədər itki. Xırda və orta biznes o paraları qazanmaq üçün illərini verib. Bəlkə də bu bank iflası özü ilə neçə xırda və orta biznesi də iflas etdirəcək. MB sədri riskləri düzgün planlamağın vaciblyinə işarə vurur. Guya, hökumət riskləri düzgün planlaya bilir ki? Planlasaydı, manat 2015-ci ildə o qədər kəskin dəyər itkisilə dünyanın qısa müddətdə ən çox dəyər itirən lider valyutasına çevrilərdimi? Yaxud bu ölkədə hökumətin risk menecmenti olsa idi, ölkə son 10 ildə ən azından 10-15% də olsa neftdən asılılığını azaldardı”.

“Kreditorlar o pulu Fonddan geri tələb edə bilərlər”


Lisenziyaları ləğv olunmuş və müvəqqəti inzibatçılar təyin edilmiş bankların Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım etməsi ilə bağlı hüquqşünas Əkrəm Həsənov isə “Hürriyyət”ə dedi ki, “Ag Bank” və “NBC Bank” bağlanmayıb, onlara müvəqqəti inzibatçı təyin edilib: “Yəni bu, o demək deyil ki, onlar müflisdir. Ola bilər, müəyyən maliyyə problemi var. Ona görə, onların Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul ödəməsində problem görmürəm. Amma “AtaBank” və “Əmrahbank” məhkəmə qərarı ilə müflis hesab olunsalar, o banklarda pulu qalmış kreditorlar Koronavirusla Mübarizəyə Dəstək Fonduna ödənilən pulu geri tələb edə bilərlər. Ən bariz nümünə “AtaBank”dır. Çünki “AtaBank” çoxdan müflisdir. Mən dəqiq rəqəmləri bilmirəm, təxmini deyirəm, tutaq ki, “AtaBank”ın cəmi 500 milyon borcu var, amma əmlakı cəmi 200 milyondur. Deməli, 300 milyon çatmır, bankda kiminsə pulu qalıb, sahibkarların pulu çatmır. Onlar Koronavirusla Mübarizəyə Dəstək Fondundan həmin pulu geri tələb edə bilərlər. Yəni o pul köçürülməsinin etibarsız, əhəmiyyətsiz olduğu tələbi ilə çıxış edə bilərlər. Qanuna görə, əgər “Əmrahbank” müflis elan olunsa, bəli, bankın kreditorları dedikdə həmçinin işçiləri də başa düşülür. Yəni orada işçilərin də pulu qalıb, axı. Onlar da o pulu o Fonddan geri tələb edə bilərlər. “Əmrahbank”, “Ag Bank”, “NBC bank” -bunlar bəlkə də əslində, müflis deyillər. Yəni əslində, bunlar hesab edirlər ki, pulumuz var, vermişik. Amma “AtaBank” müflis idi, hamı da onu bilirdi ki, onun pulu olmamalıdır. Buna görə də “Ata bank”ın ora pul ödəməsi ümumiyyətlə, əsassız idi və bu pulu geri tələb etmək olar”.

““AtaBank” Fonda 100 min pul köçürüb, amma borcları isə 10, bəlkə də 100 milyonlarladır”

“Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul köçürmələrinə rəğmən, o bankları niyə bağladılar” sualına Ə. Həsənov belə cavab verdi: “Onun ona heç bir dəxli yoxdur. Əgər Mərkəzi Bank əsaslandırırsa ki, bank müflisdir. Əlbəttə ki, o, onu bağlaya bilər. “AtaBank” Fonda 100 min pul köçürüb, amma borcları isə 10, bəlkə də 100 milyonlarladır. Yəni ki, onları ödəyə bilmir. Buna görə də 100 min ödəməklə canını qurtarmırsan ki. Onun ona dəxli yoxdur”.

““Əmrahbank”ın, “Ag Bank”ın heç ağlına gəlmirdi ki, bunlara qarşı Mərkəzi Bank belə addım ata bilər”

“Yəni hökumətə bir jest etmək məqsədi daşıya bilərdi” dedikdə Ə. Həsənov bildirdi ki, nəinki jest, “hamı verir, biz də verək” yanaşmasıdır: “Mən heç fikiləşmirəm ki, onlar bunu ona görə etmişdilər ki, “bizə qarşı heç nə etməsinlər”. “Əmrahbank”ın, “Ag Bank”ın heç ağlına gəlmirdi ki, bunlara qarşı Mərkəzi Bank belə addım ata bilər. Çünki bu bankların müştəriləri ilə problem yox idi. Amma “AtaBank”la, “NBC Bank” aylardır ki, əmanətləri qaytarmır. Bu, faktdır. Ola bilərdi ki, bunlar nəsə jest etmək istəyib. Amma yenə deyirəm, “Əmrahbank”la, “Ag Bank”ın müştərilərə pulu qaytarmasında problem olmayıb”.

“Qeyri-şəffaflığın kökündə korrupsiya niyyəti də ola bilər”

“Namiq Hüseynov adlı sosial şəbəkə istifadəçisi hüquqi şəxslərin “Əmranbank”da 23 milyon manat, “AtaBank”da 15 milyon manat civarında pulu olduğuğunu qeyd edib. Mərkəz Bank özü niyə açıqlamır ki, bu banklarda olan depozitlərin nə qədər hissəsi əhalinindir, nə qədər hissəsi sahibkarlarındır” sualına gəlincə, Ə. Həsənov belə cavab verdi: “Aydın məsələdir ki, fiziki şəxslərin banklarda pulu daha çoxdur. Hüquqi şəxslər isə vaxtında gəlib pullarını çıxardıblar. Yəni elə də çox qalmayıb. “Niyə açıqlanmır”, bu, artıq Mərkəzi Banka olan sualdır. Təəssüf ki, bizim Mərkəzi Bank qeyri-şəffaf işləməyə adət edib. İstənilən normal inkişaf etmiş ölkədə bankı bağlayan mərkəzi bank ilk növbədə bunu bəyan edir ki, “mən filan səbəbə görə, bankı bağlayıram”. Özü də ictimaiyyətə detallalı əsaslandırmalıdır və dərhal bildirməlidir ki, orada bu qədər pul qalıb. Qeyri-şəffaflıq nə üçündür? Təəssüf ki, sabah orada nəyisə dəyişmək imkanına malik olmaq üçündür. Hətta bu, korrupsiyaya da müəyyən şərait yaradır. Mən “BankStandart”la bağlı baş verənləri xatırlayıram, nə qədər fərqli rəqəmlər deyilib. Gündə bir şey deyilirdi. Sabah da məlum olur ki, sən demə, bu rəqəm düz deyil. Buna görə, haradan əmin olaq, bəlkə bank pulu alandan sonra gəlib pulları oradan çıxarıblar. Ona görə, qeyri-şəffaflığın kökündə korrupsiya niyyəti də ola bilər”.

“Sahibkar da pulu mütanasib şəkildə bir yerdə götürməlidir”

Həsənov diqqətə çatdırdı ki, biznes hesabları ilə bağlı sığorta mexanizmi heç bir ölkədə yoxdur: “Sadəcə bizim əmanətlərin sığortlanması sistemi qanunda eybəcərdir. Qanunun birinci səhvi boşluğudur. Bizdə hazırda əmanətlərin tam sığortlanması sistemidir. Yəni əmanətlərin sığortlanması sistemi fiziki şəxslərin pulunu tam verir. Sonra da bankın əmlakından, verdiyi kreditlərdən o sığortalanmış əmanətlərə sərf etdiyi pulu götürür. Bu halda da artıq sahibkarlara heç nə qalmır. Nəzərə alsaq ki, Əmanətlərin Sığortlanması Fondu da orada xeyli qanun pozuntularına yol verir, qeyri-şəffafdır. Yəni pulu dağıdır və sahibkara qalmır. Buna görə də əksər ölkələrdə birincisi, əmanətlərin tam sığortalanması yoxdur. Yəni sən sahibkarın hesabına fiziki şəxslərin əmanətini tam sığortlama aparmısan.

İkincisi də əksər ölkələrdə belə qayda yoxdur ki, Fond bank bağlanandan sonra pulunu birinci öz pulunu götürsün. Niyə sən pulunu birinci götürməlisən? Hamı, sahibkar da pulu mütanasib şəkildə bir yerdə götürməlidr. Tutaq ki, Fondun orada 10 milyon xərci varsa, mənim sahibkarın 1 milyon pulu qalıb. Bəli, onun birə nisbətində pulumuzu götürməliyik. Amma bizdə belə deyil. Bu qanunvercilikdə olan ədalətsizlik əsas səbəblərdən biridir. Digər tərəfdən də bankın ləğvi prosesində olan biabırçılıqlardır. Və Mərkəz Bank banklara elə bərbad şəkildə nəzarət edir ki, son nəticədə ümumiyyətlə, bağlanan bankda pul az olur. Məsələn, Almaniyada 50-60 ildir ki, bir bank belə, müflis olmayıb. Çünki mərkəzi bankı vəzifəsini düzgün, vicdanlı, savadlı yerinə yetirir. Banklara elə nəzarət edir ki, onlar bu həddə çatmır, bizdə isə yox, Mərkəzi Bank çox şeyə göz yumur, sonra da Elman Rüstəmov çıxır deyir ki, biznes hesabları batacaqdır. Batacaq, bəs siz hara baxırsınız? Siz onda nəyə nəzarət edirsiniz? Yəni o da digər problemdir”.

“Qanunvericilik bu məsələdə sahibkarlarımızı müdafiə etmir”

Ə.Həsənov hesab edir ki, müflis banklarda pulu qalanlar kreditorlar komitəsi tərtib etməlidirlər: “Onlar Əmanətlərin Sığortlanması Fonduna nəzarət etməlidirlər ki, bankın əmlakını ucuz qiymətlə, rüşvətlə satmasınlar, banka borcu olanlara əsassız güzəştlərə getməsinlər, korrupsiyaya yol verməsinlər, pullar qayıtsın ki, onlara nəsə çatsın. Yəni bu işi başlı-başına buraxmamalıdırlar. Bizdə sahibkarlar oturub gözləyirlər. Necə “BankStandart”, “Texnika Bank”, “Zamin Bank” bağlananda oldu, gözləyirlər ki, “fond bizə pul verəcək”, verməyəcək. Həm də qanunvericiliyin dəyişməsinə çalışmalıdırlar. Qanunvericilik, əslində, bu məsələdə sahibkarlarımızı müdafiə etmir. Ümumiyyətlə, Azərbaycanda “Kreditləşmə haqqında” qanunvericilik çox bərbad gündədir, geridə qalıb və sahibkarları qorumur”.

“Hansı ölkədə sahibkarın pulu bankda tam batıb?”

“Əlbəttə ki, sahibkar risklərini düzgün idarə etməlidir. Amma siz düz deyirsiniz, heç bizdə bunu dövlət edə bilmir. Sadəcə, sahibkar əmin olmalıdır ki, onun pulunu yerləşdirdiyi banka Mərkəzi Bank düzgün nəzarət edir və hətta o bank bağlansa da belə, onun pulu orada tam batmayacaq. Hansı ölkədə sahibkarın pulu bankda tam batıb? Heç bir ölkədə. Son illərdə bir misal göstərsin ki, sahibkarın pulları tam batıb. Belə misal yoxdur, ancaq bizik. Buna görə, faktiki Mərkəzi Bank öz günahını sahibkarın belinə qoymaq istəyir”, – deyə hüquqşünas vurğuladı.

“Mərkəzi Bank nə edib ki, illər boyu qanunvericilik pozulub?”

Ə.Həsənov onu da nəzərə çatdırdı ki, əvvəl müflis olan banklarda da sahibkarların pulları batıb: “Söhbət ondan gedir ki, banklar hesabat verir. Buna audit şirkətləri də göz yumurlar. Yəni yalançı auditor rəyləri verirlər. Mərkəzi Bank bunları qəbul edir. Sahibkar da baxır ki, bu bankda hər şey qaydasındadır. Mərkəzi Bankın borcudur müəyyən etsin ki, bu bankın maliyyə hesabatı düzgün deyil. O, bunu illərlə etmir, sonra da deyir ki, pulunuz batacaq. Ən bariz nümunə “BankStandart”ın ləğvi prosesində Ali Məhkəmə ləğv planı təsdiq edib və Ali Məhkəmə ləğv planında yazır ki, “BankStandart”da illər boyu qanunvericilik pozulub. Yaxşı, bəs onda Mərkəzi Bank nə edib ki, illər boyu qanunvericilik pozulub? Bir də deyirəm, hamısı bank nəzarətinin problemidir və bunun birici günahkarı elə Mərkəzi Bankdır”.

Şamo EMİN, Hurriyyet.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.