General oğlu 4.5 milyon manatlıq əmlaka hərracda 305 min manata sahib olub

6-05-2020, 14:57           
General oğlu 4.5 milyon manatlıq əmlaka hərracda 305 min manata sahib olub
Aprel ayında prezidentin sərəncamı ilə əfv olunan keçmiş MTN generalı Sübahir Qurbanovun oğlu Erkin Qurbanzadə adına olan əmlakın həbsdən azad olunması ilə bağlı atasından məhkəməyə şikayət edib.

Nəsimi Rayon Məhkəməsi iddianı təmin etmədiyi üçün o, Bakı Apellyasiya Məhkəməsinə şikayət edib və iş araşdırılması üçün hakim Azad İmanovun icraatına verilib.

Qeyd edək ki, keçmiş MTN generalları həbs olunanda özlərinin və yaxın ailə üzvlərinin adlarına olan əmlakların üzərinə həbs qoyulmuşdu. Belə ki, “MTN işi” gedən zaman Cəmşid Novruzov adlı zərərçəkən bildirib ki, Bakı şəhərinin mərkəzində, “Zabitlər bağı”nda yerləşən və “Royal Bank”ın mərkəzi ofisinin köçürülməsi məqsədilə tikilmiş 3 mərtəbəli bina ona məxsusdur, lakin müxtəlif yollarla əlindən alınıb və təqsirləndirilən Sübahir Qurbanovun oğlu Erkin Qurbanzadə tərəfindən mənimsənilib. Ancaq təqsirləndirilənin vəkilləri zərərçəkmişin Bakı şəhəri, Mərdanov qardaşları, 94A ünvanında yerləşən binaya, ümumiyyətlə, heç bir aidiyyatı olmadığını bildirmişdilər.

Belə ki, bir vaxtlar C.Novruzovun atası Şövqi Novruzova icarə əsasında verilmiş həmin torpaq sahəsinin sənədlərinin də hazırda hansı vəziyyətdə olduğu məlum deyil. Bu sahədə tikilmiş binanın isə mülkiyyətçisi olaraq “Royal Bank”ın digər işçisi göstərilir və həmin bina ona etibarnamə ilə bankın sahibi Əli Cam tərəfindən verilib. Sonradan bina 305 min manata hərrac yolu ilə Erkin Qurbanzadəyə satılıb. S.Qurbanov C.Novruzovun 4,5 milyon manat dəyərində olan üçmərtəbəli qeyri-yaşayış obyektini sabiq vəkili Valeriy Vəliyev və Elçin adlı şəxsin vasitəsi ilə oğlu Erkin Qurbanzadənin adına keçirməyə müvəffəq olub.

S.Qurbanovun vəkili V.Vəliyev C.Novruzovun əmlakı ilə bağlı saxta sənəd düzəldərək, Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) Bakı Şəhər Ərazi İdarəsinə (BŞƏİ) ərizə ilə müraciət edib. 2012-ci ilin sentaybr ayının 14-də həmin idarənin qərarı ilə ərizənin icrası qeyri-mümkün hesab edilib. Daha sonra V.Vəliyevlə S.Qurbanovun tanışı ilə birgə ƏMDK yanında DƏDRX-nin BŞƏİ-nə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə üz tutublar. 2013-cü ilin fevral ayının 13-də məhkəmənin qəraına əsasən, ƏMDK yanında DƏDRX-nin BŞƏİ S.Qurbanovun tanışının adına çıxarış verib. Bundan bir müddət sonra S.Qurbanovun tanışı həmin əmlakı həraca çıxarıb. O, saxta yolla əldə etdiyi əmlakı hərrac yolu ilə 300 min manatdan 1 milyon 200 min manat arasında satmaq niyyətində olduğunu bəyan edib (halbuki əmlakın bazar dəyəri 4,5 milyon manat olub). S.Qurbanovun oğlu E.Qurbanzadə isə həmin əmlakı 305 min manata alıb. 2013-cü ilin aprel ayının 25-də S.Qurbanovun tanışının satdığı əmlaka E.Qurbanzadə öz adına çıxarış almağa nail olub. /“Yeni Sabah”/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.