Planetin çəkisini artıranlar - Nə Allahın, nə dövlətin cəzasını tanıyırlar
7-05-2020, 00:03
Valideyn inzibati məsuliyyətə cəlb olunaraq bir müddət uşaqlardan uzaqlaşdırılmalıdır. Bu şəxslərin bir məsuliyyəti olmalıdır, onlar bilməlidirlər ki, uşaq həm də dövlətindir" - Kəmalə Ağazadə
Pandemiya ərəfəsində də bəzi valideynlər övladlarından imtina edirlər. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib. O, bu cür valideynlərin övladına məsuliyyətsiz davranışından danışaraq bildirib ki, əslində onlar uşaqlarını atanadək də övladlarına qarşı biganə olublar: "Martın sonunadək belə müraciətlər çox idi. Biz müraciət edənlərdən yalnız 17 ailəyə dəstək göstərə bildik. Hazırda isə bir ailənin 3 uşağını qəbul etmişik, münaqişəli ailə idi, tərəflər qeyri-rəsmi nikahda yaşayırdılar. Məndə olan məlumata görə, ana dəfələrlə övladlarını qoyub gedib. Ana deyir ki, uşaqların atası ona şiddət göstərib, ata isə deyir ki, qadının heç bir məsuliyyəti yoxdur, qadın ona şər-böhtan ataraq polisə şikayət edib. Uşaqların durumundan da bəlli olurdu ki, nə ata, nə ana uşaqlara baxacaq biri deyil. Onlar psixolji cəhətdən də normal deyildilər. Uşaqların bütün bədənləri zədələrlə dolu idi, onları bit basmışdı. Son dərəcə asosial uşaqlar idilər, ünsiyyətə girə bilmirdilər. Onlara yaxınlaşanda qorxub ağlayırdılar. Bu o deməkdir ki, onlara qarşı şiddət olub. Belə valideynlər özləri muzdlu işçi kimi çalışaraq uşaqlarına baxıcı tutsalar da, nə özləri, nə də baxıcılar bu uşaqların qeydinə qalmayıb, onlara biganə olublar.
Biz pandemiya dövründə bu cür ailələrdən uşaqların sığınacaqlara düşməsinin qarşısını almaq üçün 17 ailəyə azuqə verdik ki, bəlkə, onlar övladlarını atmazlar. Bu uşaqların sığınacağa qəbul olunmamasının səbəbi odur ki, sabah onlarda belə bir arxayınlıq yaranacaq və deyəcəklər ki, uşaq sığınacaqdadır da, istədiyimiz vaxt götürə biləcəyik. Düşünmürlər ki, biz bunu özbaşına etmirik, bu məsələyə uşaq inspektorunu, icra hakimiyyəti əməkdaşını cəlb edəcək, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məlumat verəcəyik".
"Kim qarantiya verə bilər ki, pandemiya bitdikdən sonra onlar gəlib bu uşaqlara sahib çıxacaqlar?" - deyə birlik rəhbəri əlavə edib.
K.Ağazadə deyir ki, artıq bu tip ailələr, tək anaların övladlarının qeydiyyata alınmasının zamanıdır.
Birlik sədri dəfələrlə bu cür valideynlərin yalan vədlər verdiklərini, övladlarını bir müddətdən sonra geri götürmək üçün qayıdacaqlarını deyirlər: "Onlar övladlarını sığınacağa gətirərkən övladlarını atmadıqlarını, sadəcə olaraq müvəqqəti olaraq sığınacağa yerləşdirmək istədiklərini söyləyirlər. Dəfələrlə olub ki, övladını müvəqqəti olaraq sığınacağa qoyub gedən valideynləri sonradan heç tapa bilməmişik. Hər dəfə də bildirirlər ki, niyə anaların üzərinə düşürsünüz? Bu uşaqların bioloji ataları var, amma atası müəyyən olunmayan uşaqlar da yetərincədir. Biz ona görə atanı bu prosesə cəlb edə bilmədiyimiz üçün hər zaman anadan danışırıq. Neçə dəfə olub ki, ana bizim onunla əlaqə saxlamağımız üçün əlaqə nömrə, vəsiqə qoymasına baxmayaraq biz onunla əlaqə saxlaya bilməmişik. Dəfələrlə polis vasitəsi ilə ananı tapmışıq, deyib, yox, hələ imkanım yoxdur.
Valideyn imkansızdırsa, övladını hansısa sığınacağa vermək istəyirsə, bunu sivil qaydada da həyata keçirə bilər. Valideyn sivil şəkildə uşağın dövlət müəssisəsinə yerləşdirilməsini həyata keçirtməlidir. Bəs baxa bilməyəcəkdinsə, nə üçün sən bu uşağı dünyaya gətirməyi planlaşdırırdın?
K.Ağazadənin sözlərinə görə, övladından imtina edən anaların əksəriyyəti yaşı 30-dək olanlardır: "Bu şəxslərin əksəriyyəti heç ərizə yazmağı da bilmir. Amma telefonu çox mükəmməl şəkildə isitfadə edir, hər birinin də sosial şəbəkədə hesabı var. Onların əksəriyyəti mənə elə sosial şəbəkə vasitəsi ilə müraciət edir. Bu müraciətlərdən sonra bir çoxunun şəraiti ilə də tanış olmuşam. Görmüşəm ki, şəraitsiz vəziyyətdə o uşaqlara baxılması düzgün deyil. Bu şəxslərin əksəriyyətinin rayonlarda qohumları, yaxınları yaşayırlar. Onlar isə "qoşuldum gəldim, aldatdı məni" deyərək özlərinə haqq qazandırırlar. Bəs yaxşı, bu münasibətin rəsmi tərəfi haradadır? Nə olar-olar prinsipi ilə yaşayan bu insanlar cahil və məsuliyyətsizdirlər".
Maraqlıdır, övladından imtina edən şəxslər arasında nikahda olanlar da varmı? K.Ağazadə deyir ki, bu şəxslər arasında həyat yoldaşı ilə birgə yaşayanlar çox azdır: "Əksəriyyəti deyir ki, ərə getmişəm. Adamla 15-20 gün bir yerdə yaşamaq ərə getmək deyil axı. Onlar sadəcə olaraq öz tələbatlarını ödəmək üçün əlaqə yaradır və bu şəxslərdən övlad dünyaya gətirirlər. Düşünürlər ki, hamiləlik dövründə qarşı tərəf ondan asılı vəziyyətdə qalacaq. Onlar sonrakı zamanın məsuliyyətini dərk etməyəcək şəxslərlə münasibətdə olurlar".
Birlik sədri sosial xidmət sahəsində uşaqların müdafiəsini daha da möhkəmləndirməyin vacibliyini vurğulayır: "Valideyn inzibati məsuliyyətə cəlb olunaraq bir müddət uşaqlardan uzaqlaşdırılmalıdır. Bu şəxslərin bir məsuliyyəti olmalıdır, onlar bilməlidirlər ki, uşaq həm də dövlətindir. Məsuliyyətini dərk etməyən yetərli sayda valideyn var. Bəziləri deyirlər ki, uşaq özünündür, özü bilər".