Mağazalarda meyvələrin “əl yandıran” qiymətləri - FOTO
7-05-2020, 20:39
Koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən xüsusi karantin rejiminə görə Azərbaycanda və digər ölkələrdə sərhədlər bağlanıb. Bunun nəticəsində sərnişindaşıma dayandırılıb, insanların hərəkəti məhdudlaşdırılıb. Bu məhdudiyyətlər yükdaşımalara aid edilməyib.
Lakin bununla belə, dünyada və Azərbaycanda bəzi məhsulların qiymətində bahalaşma müşahidə edilir. Xüsusilə də son günlərdə mağazalarda meyvə tərəvəzin qiyməti bahalaşıb.
Musavat.com xəbər verir ki, meyvə ilə bərabər bəzi kosmetik məhsulların da qiymətində artım müşahidə edilir.
Əvvəlcə onu qeyd edək ki, hazırda karantin rejimi və mövsümlə bağlı olaraq bazarlarda bəzi meyvələrin satışı baxımından qıtlıq yaşanır. Ekspertlər bildirirlər ki, bundan istifadə edən mağazalar isə həmin məhsulların qiymətini artırıblar.
Hazırda supermarketlərdə almanın qiyməti 3 manat və daha yüksək, armud 6 manat 69 qəpiyə, qreyfurt 3 manat, narın kiloqramı 5 manat, çiyələyin kiloqramı 4 manat, alçanın kiloqramı isə 6 manat 75 qəpikdir.
Küçə ticarəti ilə məşğul olanlar isə almanın kiloqramını 2 manata, çiyələyi 2 manata, armudu 3 manat 50 qəpiyə satırlar.
Əvvəlki illərdə 4 əddədi, 5 ədədi 1 manata satılan limonun 1 ədədi bu gün marketlərdə 70 qəpiyədir.
Mağazalarda tərəvəzin də qiyməti bazarla müqayisədə xeyli yüksəkdir. Onu da bildirək ki, hazırda Bakıda bazarlarda meyvə qıtlığı yaşansa da, tərəvəz baxımdan qıtlıq müşahidə edilmir.
Mağazalarda pomidorun kiloqramı 2 manat, xiyarın kiloqramı 1 manat 50 qəpik, göyərtinin dəstəsi 15 qəpiyə satılır.
Bazalarda isə 80 qəpiyə pomidor, 1 manata xiyar, 10 qəpiyə 1 dəstə göyərti almaq mümkündür.
Mağazada çalışanlar bildirdilər ki, mağazalarda mövsümü başa çatmaqda olan meyvələr baha satılır. Digər meyvələrin isə qiyməti növbəti günlərdə ucuzlaşacaq...
Musavat.com