Geyləri qırıb qurtarmaq mümkündürmü? - Tanınmış həkim yazdı
14-05-2020, 09:04
Bir qrup siyasinin iclasından kiçik fraqmentə şahidlik etdim. Dalbadal bir neçə dəfə dinlədim. Sonra eləcə durub düşündüm. İki dəqiqəlik videoda onlarla insan haqları pozuntusu var idi, amma bir çağırış, daha doğrusu, bir dilək məni yalnız özümdən çıxarmadı, sanki öldürdü.
Cəmiyyətdə belə fikir dövran edir ki. sanki "geyləri qırıb qurtarmaq" mümkün idi, Hitler "əmicələri" "prostu" vaxt edib bu işi qurtara bilmədi.
Çoxunuz deyil, əksəriyyətinizin cins anlayışının biologiyasından xəbəri yoxdur, amma yerinə mədəniyyət tarixindən gələn stereotiplər, yəni yalanlarla doldurmusunuz.
Mən də sizin aranızda yetişən bir həkim kimi bunların həqiqi bioloji tərəflərini bilmirdim. İşim insanın cinsi həyatı olduğu üçün məcburən oxuyub bir şeylər öyrənə bildik.
Dostlar, sizin qısaca "geylik" dediyiniz şey əslində çox müxtəlif cinsi davranışların bir hissəsidir sadəcə. Sizin "normal", ingilislərin "straight" dediyi qrupda necə maraqlı cinsi davranışlar var ki. xəbərsizsiniz. Məsələn, qadın var ki, partnyorunun üstünə sidiyini buraxmadan orqazm ola bilmir. Bu imkanı əldə etməyəndə, depressiyaya girir. Siz onları kənardan "bıııy, az, aaz, aaz, filankəsin lay kimi əri var, bu da alma kimi arvaddır, amma əri gedib kənarda əyrimçənin biri iə gəzir, bu da mısmırığını yernən bir sallayııııııf elə də gedir, belə də" deyildiyi dedi-qoduların personajları olaraq tanıyırsınız.
Belə nümunələr çoxdur, cinsi davranış şəkilləri çoxdur, bu gün "norma, sapına qədər erkəkkk" dediyiniz çox adam müəyyən şərtlərdə həmcinsləri ilə münasibətdə olurlar da...sizin xəbəriniz olmur. Bilirsiniz, mən vaxtımın çoxunu əməliyyat edərək keçirirəm və dolayısı ilə çox şey görürəm. Tibbi dildə deyəcəm, çox maraqlansanız, dediklərimin Azərbaycan dilində nə demək olduğunu bir yerlərdən soruşarsınız. Mən anal nahiyyəsində halqavari kondilomları olan bığıburma mehriban babalar da görmüşəm, ağsaqqallar da.
Qısa deyəcəm indi. Bütün dünyada, bütün cəmiyyətlərdə həmcins münasibətlərinin görülmə sıxlığı ortalama 7%-dir. Siz dünyanın ən dəqiq metodları ilə bu insanları təsbit edib "qırsanız" demirəm, zira bu məfhumu dilimə belə almaq istəmərəm, sadəcə təcrid etsəniz, yeni nəsildə həmcins münasibətlər quran insanlar doğulacaq mı? Bəli!
Yeni qurduğunuz cəmiyyətdə həmcins münasibət quran insanların ortalaması nə qədər olacaq?
Yeddi faiz.
Bu dünyada cinsi əlaqə varsa, bu dünyada uşaq doğulacaqsa, həmişə...həmişə həmcins cinsi əlaqə quran insanlar olacaq.
Bu, insanın təbiətdir.
Amma "geyləri qıraq" demək isə ən yumşaq ifadə ilə alçaqlıqdır.
Vasif İsmayıl
Tanınmış həkim
pravda.az