Metro stansiyalarından birinə Polad Həşimovun adının verilməsi ilə bağlı AÇIQLAMA

20-07-2020, 11:44           
Metro stansiyalarından birinə Polad Həşimovun adının verilməsi ilə bağlı AÇIQLAMA
İyulun 12-dən Tovuz istqamətində gedən döyüşlərdə Azərbaycan ordusunun 12 hərbi quluqcusu şəhid olub. Şəhid olanların arasında general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev də var. Qeyd edək ki, Azərbaycan xalqı 14-də şəhərin müxtəlif ərazilərində orduya dəstək yürüşləri təşkil etmişdi. Bundan əlavə bir çox sosial şəbəkə iştirakçıları metro stansiyalara şəhidlərin adının verilməsini təklif edirlər.

Bununla bağlı KONKRET.az-a danışan “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, bu, yalnız Nazirlər Kabinetinin səlahiyyətinə daxil olan məsələdir. Adların verilməsi və dəyişdirilməsi Nazirlər Kabinetinin müstəsna səlahiyyətindədir. “Bakı Metropoliteni” QSC adla bağlı təklif vermək səlahiyyəti yoxdur.Yəni bu məsələlər yalnız Nazirlər Kabinetində müzakirə oluna və qərar verilər bilər. Düşünürəm ki, insanlarımız bununla bağlı təkliflərini Nazirlər Kabinetinə də ünvanlamalıdırlar”.

Deputat Müşfiq Cəfərov vurğulayıb ki, tarix boyu ölkəmizin müstəqilliyi, torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə minlərlə insanımız iştirak edib və şəhidlik zirvəsinə qalxıb.

Bu gün respublikamızın ərazisinin qorunmasında, müstəqil dövlət kimi yaşamasında və inkişaf etməsində şəhidlərimizin böyük rolu olub. Məhz bu səbəbdən də hər bir azərbaycanlı onları tanımalı, sevməli, onların xidmətlərini daim xatırlamalı, qiymətləndirməli, tanıtdırmalı, bugünkü və gələcək nəsillərimizə örnək olan ömürlərindən dərs almalı, onlara minnətdar olmalıdır.

Şəhidlərimizin tanıdılması və öyrənilməsinin əhəmiyyəti bir də ondan ibarətdir ki, müstəqil Azərbaycan Respublikasını qorumaq, onun sərhədlərini sarsılmaz etmək, işğal olunmuş torpaqlarımızı azad etmək üçün dövlətin güclü milli ordusu, Silahlı Qüvvələri olmalıdır. Azərbaycan gəncləri orduda xidmət etməyi özlərinin ən ümdə, ən şərəfli borcu hesab etməlidirlər. Şəhidlərimizin qəhrəmalıqlarını özlərinə nümunə götürməlidirlər.

Torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların, qanlı döyüşlərdə misilsiz şücaət göstərənlərin qəhrəmanlığının qiymətləndirilib dəyərləndirilməsində ən yüksək dərəcə budur ki, bu insanların bir çoxu ölkəmizin ən ali fəxri adına – Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülüblər. Milli Qəhrəmanların həyat yolunu, döyüş şücaətlərini hər bir Azərbaycan vətəndaşı bilməli, ondan örnək götürməli, təbliğ etməlidir. Çünki onların həyat yolu bizi qələbəyə aparan yoldur”.

Deputat qeyd edib ķi, torpağın hər bir qarışı bizim üçün candan əzizdir: “Ona görə ki, bu torpaq üçün canından keçmiş, mənfur düşmənlərimizlə mübarizədə şəhid olmuş insanların qanından toğrulun. Dünyada hər bir qəhrəmanlığın, fədakarlığın, hər hünərin və zəfərin əsası əqidədir. Əqidə isə ilk növbədə vətənə bağlılıqla ölçülür.

Xalqımız əsrlərlə vuruşub, döyüşüb və böyük qurbanlar veribdir. Bu mübarizələrdə vətənimizə, ölkəmizə, dövlətimizə, xalqımıza böyük sədaqət göstərən qəhrəmanlar çox olubdur. Məhz buna görə də Azərbaycan bir müstəqil dövlət kimi yaşamış və inkişaf etmişdir. Bu qəhrəmanların igidlik xəbəri bütün Azərbaycana yayılıb. Bu xəbər hamıda, vətən sevgisi olan hər bir insanda qürur hissi oyadıb.

Azərbaycanın qəhrəmanları öz vətənini, yurdunu, xalqını, torpağını sevərək, vuruşaraq, şəhid olmuş, öz əməlləri ilə Milli Qəhrəmanlıq zirvəsinə çatmışdılar. Bu gün torpaqlarımızın 20 faizi Ermənistanın işğalı altındadır. Yüz minlərlə insanımız qaçqın və məcburi köçkün həyatı yaşayır. Hər bir Azərbaycan gənci hər an torpaqlarımızın azad edilməsi uğrunda şəhidlik, qəhrəmanlıq zirvəsinə hazır olmalıdır.

Xalqı yaşatmaq üçün canından keçən igid oğullar heç zaman unudulmurlar. Nəsillər onları yaşadır, sənətkarlar bu ölməz övladların mənəvi abidələrini ucaldırlar. Dövlətimiz də bu istiqamətdə bir sıra addımlar atır. Şanlı döyüş yolu keçmiş qəhrəmanlarımızın adına küçə və meydanlar verilir, abidələri və büstləri ucaldılır, adlarına məqalələr yazılır, xatirə kitabları çap edilir.

Tarix kitablarında Azərbaycanın adını ucadan-uca tutan qəhrəmanların adı verilib, hər birinin öz döyüş hünəri, rəşadəti, öz tərcümeyi-halı göstərilib. Onların hamısını eyni məqsəd, eyni amal birləşdirib – Azərbaycanın suverenliyi, dövlətçiliyi və torpaqlarımızın bütövlüyü. Azərbaycanın Milli Qəhrəmanları barədə çox sayda kitablar yazılmış, televiziya vasitəsilə kifayət qədər verilişlər hazırlanmış, sənədli filmlər çəkilmişdir.

Torpağı Vətənə çevirən, onun adını al qanı ilə günəşli üfüqlərə yazan – onun qəhrəman şəhidləridir.

2020-ci il iyul ayında mənfur ermənilərin vətənimizə təcavüzü zamanı qəhrəman hərbçilərimiz Azərbaycanın dövlətçiliyi, müstəqilliyi və ərazi bütövlüyünü təcavüzdən qorunması üçün mübarizəyə qalxdılar və şəhid adına ucaldılar. Bununla da hər bir vətəndaş dərk etdi ki, dövlətini, torpağını qorumaq onun müqəddəs borcudur. Təbiidir ki, müharibə qansız, itkisiz ötüşmür. Azərbaycan xalqı bu haqq mübarizəsində dəfələrlə şəhidlər veribdi.

Dövlət tərəfindən milli qəhrəmanlara, onların ailəsinə hər cür şərait yaradılıb, müxtəlif imtiyazlar verilib. Milli qəhrəmanların ailələri hər cür imtiyaza layiqdirlər. İnanıram ki, bütün hallarda dövlət onlara lazımi qayğını göstərəcək. Milli qəhrəmanların adlarını daşıyan məktəblər, küçələr, uşaq bağçaları, parklar var, onlar üçün hazırlanan anım günləri də dövlətin diqqətinin nəticəsi olaraq dəyərləndirilə bilər. Hazırda bir sıra ziyalılarımız təkliflər irəli sürürlər ki, yeni açılacaq olan metro stansiyası iyul şəhidimiz general Polat Həşimovun adını daşısın. Bu çox yaxşı olardı. Onsuz da tarix bu cür qəhrəmanlarımızı unutdurmayacaq. Təbii ki, bir vətəndaş kimi qürurla söyləyirəm ki, bizim qəhrəmanlarımızın adına küçələr, stansiyalar verilməli və abidələr ucaldılmalıdır. Mən bu təklifi səmimi qəlbdən dəstəkləyib, icrası üçün əlimizdən gələni əsirgəməyəcəyimi bildirirəm. Bir vətəndaş kimi, bir millət vəkili kimi mən də öz növbəmdə rəsmi qurumlara yazılı müraciətimi edəcəm. Bizim övladlarımızın, bizim gənclərimizin Polat Həşimovun adını daşıyan stansiyadan çıxması bizim üçün ancaq qürur ola bilər.

Qeyd edim ki, şəhidlik zirvəsinə yüksələnlərin hər birinin həyatı hamımız üçün bir örnək, bir nümunə olmalıdır

Şəhidlərimizin qəhrəmanlığı bu gün yeni həyata atılan, orduda xidmətə yollanan və hərbi xidmətə hazırlaşan gənclər üçün örnəkdir. Vətən yolunda canlarını fəda etmiş, şəhid olmuş şəxslərin həyatı, onların qəhrəmanlığı bütün xalqımız üçün, xüsusilə də gənclərimiz üçün dərsdir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.