Ermənistan Azərbaycan mövqelərini Serbiyanın mərmisi ilə atəşə tutub FOTOFAKT
22-07-2020, 00:03
Virtualaz.org saytı hücumdan bir neçə gün əvvəl və Tovuz istiqamətində gedən döyüşlər zamanı Serbiyadan Ermənistana böyük miqdarda müxtəlif çaplı minaatan döyüş sursatlarının gətirildiyi barədə məqalə dərc etmişdi.
Bu məlumat isə geniş reaksiya doğurdu, ertəsi gün Serbiyanın Azərbaycandakı müvəqqəti səfiri Danica Veinoviç Azərbaycan Xarici İşlər Nazirliyinə çağrıldı. Serbiya səfirini xarici işlər nazirinin müavini Xələf Xələfov qəbul etdi, xanım Veinoviçə Azərbaycan və Serbiya bir-birlərinin suverenliyini və ərazi bütövlüyünü tanıdıqlarını, ölkələrin özlərinin də strateji tərəfdaş olduqlarını xatırlatdı. Bu baxımdan, Serbiya tərəfinin Ermənistanın təcavüzkar siyasətini və Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən təcavüzü dəstəklədiyi addımı Azərbaycan xalqı və rəhbərliyi arasında dərin təəssüf və acı məyusluq doğurur.
Bundan dərhal sonra Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirdi ki, Serbiya tərəfindən Ermənistana silah satılması məsələsi araşdırılır və bununla əlaqədar Azərbaycanın Serbiyadakı səfirliyinə müvafiq tapşırıqlar verilib.
Eyni zamanda, Tovuz bölgəsindəki atəş zonasında aparılan ballistik müayinə nəticəsində Ermənistan ordusunun istifadə etdiyi minaatan mərmilərinin Serbiya istehsalı olduğu müəyyən edildi.
Xüsusilə, eyni mərmidən 14 iyul tarixində Tovuz rayonunun Ağdam kənd sakini Əziz Əzizovun (1944-cü il təvəllüdlü) evinə düşmüşdü. Yaşlı kişi atəş nəticəsində ölmüşdü.
Virtualaz.org