Ermənistan, yaxud Azərbaycan? Dağlıq Qarabağ, yoxsa “Artsax”? –İRAN MEDİASINDA "SOLAXAY" YANAŞMA VƏ TƏHLİLLƏR

27-10-2020, 10:49           
Ermənistan, yaxud Azərbaycan? Dağlıq Qarabağ, yoxsa “Artsax”?
Əziz Rzazadə

“Strateq”, 26.10.2020



Ermənistanın, yaxud Azərbaycanın tərəfini tutmalı? Bitərəfliyini, bununla bərabər, vasitəçilik təklifini, hətta Qarabağa dair planının olduğunu elan etmiş İranda media bəzən münaqişənin işıqlandırılmasına bitərəf qala bilmir.

Özünü mövcud təsnifatla mühafizəkar, ya da islahatçı qanada bağlayan KİV-lərin hamısında üç ana xətt izlənilir: “müharibə münaqişənin həll yolu deyil”; “Azərbaycanı hərbə təhrik edən ABŞ və İsraildir”; “Türkiyə bölgədə neo-Osmanlı siyasəti yürüdərək Cənubi Qafqazı öz nüfuz dairəsinə salmaq istəyir və bu məqsədlə suriyalı təkfirçilərdən istifadə edir”.

Qısası, fərqli orkestrlərin üzvləri sanki vahid dirijorun çubuğu ilə idarə olunurlar. Bu dirijorun kimliyini müəyyənləşdirmək asan olmasa da, hərdən orkestr quyusundan üzə çıxan şəxslər olur.

“Azərbaycanlı qardaşlarımız bilməlidir ki, erməniləri öldürməzdən əvvəl təkfirçilər gəncəli şiələri qətlə yetirir və onların arvadlarına təcavüz edirlər”. Bunu “Vətən-e emruz”a keçmiş spikerin qardaşı, İranın İnsan Haqları üzrə Şurasının katibi Məhəmməd Cavad Laricani demişdi.

Hədyanın səsləndiyi geniş müsahibə bir KİV-dən digərinə köç edib. Əsəbdən kənara tüpürüb Laricaninin təhqiramiz açıqlamasını bir təhər unutmaq olardı, amma həmin açıqlamadan düz 2 gün sonra, oktyabrın 11-i gecəsi Gəncə Ermənistan ərazisindən bombalanıb. Nə qocaya, nə cavana, nə kişiyə, nə də qadına aman verilib.

Xatırladım ki, oktyabrın 17-də baş vermiş ikinci bombalanmada 5 uşaq canını tapşırıb.

Məncə, Gəncə qətliamı ilə əlaqədar ombudsman Səbinə Əliyevanın vəzifədaşı olan Laricaninin qulağında sırğa dəliyi açmasına ehtiyac var.

“Xəbər onlayn” Kanadada qana bulaşmış uşaq paltarlarını xiyabanlarda sərgiləməklə Qarabağda “soyqırımının dayandırılması”na çağıran İran əsilli, amma etnik mənşəyi bəlli qadını gözə soxur, amma Azərbaycanın mülki yaşayış məntəqələrinin atəşə tutulması dair fotoları bu sayt görməməzliyə vurur.

Müharibənin qızgın çağında kilsədə nişan mərasimini əks etdirən fotoları paylaşmış “Fəraru” saytı da.

İrad tutulacaq rəsmi KİV-lər belə var. Biri dövlət televiziyası – “Səda və Sima”dır. Sentyabrın 27-dən başlayan hərbi əməliyyatların lap əvvəlində IRIB döyüşlərin “Ermənistan və Azərbaycan sərhədində” (“dər mərz-e Ərmənestan və Comhuri-ye Azərbaycan”) getdiyini bildirirdi. Daha sonra iki dövlət “arasında” (“miyan”) sözü yerini tapdı.

Bununla belə, IRIB-in saytında “2 Ermənistan şəhərinin bombalanması” xəbərini oxuyanlar, mənim kimi, söhbətin Şuşa və Xankəndidən getdiyini görüblər. Hesabatın altına yazılmış şərhlər (o cümlədən mənim), yəni səhvin dərhal düzəldilməsi istəyi qulaqardına vurulub.

“Diplomacy Irani”-də də son vaxtlar Qarabağ ana mövzudur və hər növ təhlilçi bu saytda ürəyini boşaldır. “Öz müqəddəratını təyinetmə hüququ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində ən vacib prinsipdir” – bunu Prezident Strateji Araşdırmalar Mərkəzinin baş elmi işçisi Vəli Kuzegər Kalici yazıb. Halbuki müəllifin özü də qeyd edir ki, ““Dağlıq Qarabağ Respublikası”nın adının “Artsax Respublikası”na dəyişdirilməsi, bu bölgədə “prezident və parlament seçkiləri”nin heç biri beynəlxalq birlik, hətta Ermənistan Respublikası tərəfindən tanınmayıb. O cümlədən Dağlıq Qarabağın müstəqilliyi…”

Gündəlik “Etemad” qəzetində Həsən Beheştipurun təhlilində isə qeyd olunur: “Məntiqi qiymətləndirmələr göstərir ki, nə Azərbaycan Respublikasının bu bölgəni azad etmək üçün kifayət qədər hərbi gücü var, nə də Ermənistanın Dağlıq Qarabağı muxtar dövlətə və ya öz ərazisinin bir hissəsinə çevirmək gücü. Münaqişənin indiki mərhələsinin səbəbi Türkiyədən, habelə son illərdə İsraildən aldığı silah-sursatla müharibədə qalib gəlmək üçün hərbi gücdən istifadə edə biləcəyini düşünən Azərbaycan Respublikası rəsmilərinin səhv hesablanmasıdır”.

Ümumən əksər təhlillər və dəyərləndirmələrdə naşılıq göz deşir. Münaqişənin kökünü bilməmək bir yana, deyəsən, adamlar ömrləri boyu bircə dəfə olsun dünyanın siyasi xəritəsinə baxmayıblar. Bəzi hallarda isə açıq qıcıq, üzə çıxan küdurət, dizləri titrədən xof və həsəd eynəksiz görünür.

“Xorasan” qəzetini daha çox narahat edənsə İran vətəndaşlarının Araz çayı boyu uzanan sərhəd zolağında gedən döyüşləri canlı izləməsi olub. Bununla bağlı hətta bir psoxoloqdan rəy alınıb və əlbəttə, Azərbaycan əsgərinin rəşadətinə sevinən, “Yaşasın Azərbaycan!” alqışı deyən türk əsilli insanların davranışı düzgün hesab olunmayıb, bundan çəkinməyə çağırılıb.

Ermənistan-Azərbayca münaqişəsinin hazırkı vəziyyətinə hamıdan çox “ürəyi yanan” gündəlik “Şərq” qəzetidir. Ayətullah Xamnəinin 4 vilayətdəki nümayəndəsinin ortaq bəyanatını “İranın bitərəf mövqeyi üçün təhlükə” sayan həmin KİV hələ 3 il əvvəl indi tənqid hədəfi olmuş dördlüyün bir üzvü tərəfindən qınanmışdı.

Xatırladım: Ərdəbil imam-cüməsi 2017-ci ildə “Şərq” qəzetində “Dağlıq Qarabağ Respublikasının xarici işlər naziri” Masis Mailyanla geniş müsahibəyə etiraz etmişdi. “Özünü “Dağlıq Qarabağın xarici işlər naziri” adlandıran bu şəxs əsl cinayətkardır”, – deyə etiraz məktubunda Seyyid Ameli bildirmişdi.

İslahatçı medianın “DQR naziri”ndən müsahibə almış yazarı Salar Seyfəddini indi də “Entexab” saytında “Ölkənin şimal-qərbində “təhlükəsiz bufer zonası” niyə milli təhlükəsizlik üçün vacibdir?” adlı məqaləsində yazır ki: “Görünür, bu dəfə münaqişənin əhatəsini genişləndirməklə, böhranı İrana yönəltmək planları var. Buna görə də, İslam Respublikası terrorçu qüvvələrin varlığı və ölkənin şimal-qərbindəki sərhədləri boyunca şiddətli təhlükənin böyüməsinə həssaslıq göstərməli və ciddi davranmalı, bu qüvvələri qaçılmaz təhlükə kimi qiymətləndirməlidir”.

Bir sözlə, Azərbaycan-İran sərhədində artıq rəsmi Bakının suveren hüquqları bərpa olunduğu halda, Salar Seyfəddini “bufer zona”nın yaradılmasını təklif edir. Yəni İran ordusunun Azərbaycanla həmsərhəd bölgəsinə təcavüz etməsini!

Buna nə ad verəsən!?

ISNA agentliyinin bir xəbərində isə, ən azı, təəccüb doğuracaq sual verilir: “Niyə Xudafərin körpüsü qarşısında Azərbaycan bayrağı dalğalanır?” (“Çera pərçəm-e Azərbaycan dər rui pel Xodafərin bala rəft?”)

Nümunə sayını bitirirəm, daha çox ürək bulandırmağa ehtiyac yoxdur. Kim deyibsə, düz deyib, qələm soldan sağa da yazır, sağdan sola da. Yəni İran mediası, eləcə də təhlilçilər cümləni sağdan sola yazsa da, bəzən bu, sadalanmış nümunələrdəki kimi, “solaxay” yazılardır. Onlara tutarlı cavab vermək gücündəyəm, amma bunu etmək həvəsində deyiləm – cavabı Azərbaycan əsgəri verir.strateq.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.