Koronavirusdan ölüm artır - Səbəblər virusun özü qədər qorxuludur
12-11-2020, 20:34
"Ola bilər koronavirusun daha aqressiv ştamları ortaya çıxıb. Virusun mutasiya növünün aqressiv olması səbəbindən ölüm hallarının artması istisna edilmir"
Son həftələr Azərbaycanda təkcə koronavirusa yoluxanların yox, COVID-19 xəstəliyindən ölənlərin də sayı artır. Noyabrın 11-də COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib. Noyabrın 10-da isə bu rəqəm 15 nəfər olub. Noyabrın 9-da 12 nəfər COVID-19-dan vəfat edib. Bu rəqəmlər göstərir ki, koronavirusdan son günlər ölüm hallarında nəzərəçarpacaq artım var.
Sputnik Azərbaycan koronavirusdan ölüm hallarının artmasının səbəbini araşdırıb.
Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, koronavirusdan ölüm hallarının artmasının səbəbi yoluxma sayının artması ilə bağldıır: "Rəqəmlərdən də görünür ki, son bir həftədir ki, koronavirusa yoluxma sayı artıb. Noyabrın 10-da koronavirus infeksiyasına 1346 yeni yoluxma faktı qeydə alınıb. Bu artım fonunda koronavirusdan ölüm hallarının artması gözlənilən idi. Deyərdim ki, ölüm sayı yoluxma sayına uyğundur. Buna görə də virusa yoluxanlar arasında ölüm hallarında artım var".
Ə.Rüstəm bildirir ki, koronavirusdan ölüm halları daha çox yanaşı xəstəlikləri olanlar arasında qeydə alınır: "Koronavirusa yoluxanlar arasında ölüm halları yanaşı xəstəlikləri olanlarda daha çoxdur. Əgər COVID-19-a yoluxan xəstənin yanaşı xəstəliyi yoxdursa, onun bu virusdan ölməsi mümkün deyil. Çünki koronavirus özü ölümcül virus deyil. Bu virus yanaşı ağır xəstəlikləri olan şəxslərə yoluxduqda daha təhlükəli və öldürücü olur. Ona görə də biz tibb işçiləri koronavirusa yoluxmamaq üçün insanları müəyyən qaydalara əməl etməyə səsləyirik. Ola bilər ki, hər hansı bir gəncin koronavirusa yoluxması onun orqanizmi üçün təhlükə törətməsin. Amma həmin şəxsin ətrafında yanaşı xəstəliyi olan insan varsa onun koronavirusa yoluxması həyatı üçün təhlükə yarada bilər. Elə bu gün COVID-19 xəstəliyinə yoluxan insanlarda ölüm hallarını artıran bir amil də budur".
Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov Sputnik Azərbaycan-ın sorğusuna cavabında bildirib ki, koronavirusdan ölüm hallarının daha çox qeydə alınmasında COVID-19-a yoluxan şəxslərin kortəbii müalicə olunması rol oynayır.
Baş infeksionist bildirir ki, xəstəxanalara ağır vəziyyətdə daxil olan xəstələrin böyük əksəriyyəti evdə qeyri həkim-mütəxəssislər, tibb bacıları, hətta bəzi hallarda ümumiyyətlə tibb təhsili olmayan şəxslər tərəfindən müalicə olunurlar: "Həmin xəstələrin ağırlığının düzgün qiymətləndirilməməsi, müalicənin qüsurlu olması, vaxtında xəstəxanaya yerləşdirilməməsi ağır, bəzi hallarda ölümcül fəsadların inkişafına yol açır. Evdə müalicəsinə icazə verilən yüngül xəstələrə müxtəlif antibiotik və hormonal dərmanların istifadəsi yolverilməzdir. Antibiotik preparatların virusa heç bir təsiri yoxdur, əksinə bədəndə olan faydalı mikroorqanizmləri məhv etməklə və immun sistemi zəiflətməklə zərər vurur, eyni zamanda hormonal preparatlar bu halda xəstəliyin əlamətlərini təhrif edərək xəstədə aldadıcı yaxşılaşma təəsüratı yaradır və ağırlaşmalar baş verərsə, çox geç aşkarlanır və gecikmiş hospitalizasiyanın nəticəsi bir çox hallarda faciəvi olur. COVID-19 xəstəliyinə yoluxmuş şəxslərə təkidlə tövsiyə edirəm ki, həyatlarını riskə atmasınlar. Özlərini narahat hiss etsələr gecikmədən yaşayış yeri üzrə poliklinikaya müraciət etsinlər. Mütləq sağlamlıqlarını yalnız müvafiq ixtisaslı peşəkar həkimlərə etibar etsinlər".
Koronavirusa yoluxmuş şəxslər isə evdə müalicə almalarının səbəbini təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin onları xəstəxanaya aparmaması, xəstəxanalarda yer olmadığı ilə əsaslandırırlar. Bununla bağlı sosial şəbəkələrdə də çoxsaylı şikayətlər əks olunur.
TƏBİB-in aparıcı mütəxəssisi Elnarə Baxış Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkəmizdə koronavirusa yoluxmuş şəxlərin müalicəsi üçün kifayət qədər çarpayı fondu var.
İnfeksionistlər arasında koronavirusa yoluxmuş şəxslər arasında ölüm hallarının artmasını bu virusun mutasiyası, aqressivləşməsi ilə bağlayanlar da var.
İnfeksionist Nilufər Məmmədova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, son həftələr koronavirusa yoluxanlar arasında ölümdə artımın baş verməsinin bir neçə səbəbi var: "Ölüm hallarının artmasının bir əsas səbəbi virusa yoluxma hallarının artmasıdır. Amma digər əsas səbəb virusa yoluxmanın gizlədilməsi ilə bağlıdır. Bu gün COVID-19 xəstələri arasında ölüm daha çox xəstəxanaya gec müraciət edənlərdə müşahidə edilir. Reanimasiyaya gec daxil olma boğulma şikayətlərini artırır. Ölüm faktları daha çox ağırlaşma ilə xəstəxanaya gec daxil onların arasında çoxdur. Digər səbəb isə virusun özü ilə bağlıdır. Ola bilər koronavirusun daha aqressiv ştamları ortaya çıxıb. Virusun mutasiya növünün aqressiv olması səbəbindən ölüm hallarının artması istisna edilmir".
Qeyd edək ki, son günlər alimlər koronavirusun yeni mutasiyalarını aşkarlayıblar. Amerika alimləri SARS-CoV-2 virusunun yeni mutasiyalarını üzə çıxarıblar. Virusun yeni növlərindən biri daha yoluxucudur. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən yaydığı xəbərə görə, alimlərin elmi işinin nəticəsi "mBIO" jurnalında öz əksini tapıb. Qeyd edək ki, pandemiyanın birinci dalğasında S-proteininə təsir göstərən D614G mutasiyası Hyustondakı COVID-19 xəstələrinin 71 faizində qeydə alınmışdı. İkinci dalğada isə bu mutasiyasının yayılması 99,9 faizə yüksəlib. Mütəxəssislərin fikrincə, virusun sözügedən mutasiyası bütün dünyada xəstəliyə yoluxmuş insanlar üçün xarakterikdir. Texas Universitetinin alimləri, virusunun dayanıqlığını müəyyən etmək üçün onun müxtəlif genetik variantlarını araşdırıblar. Onlar üzə çıxarıblar ki, D614G mutasiyası virusun patogenliyinə təsir göstərmir, ancaq təbii seçmə əlamətləri onun düşdüyü mühitə daha çox uyğunlaşmasına gətirib çıxarır. Buna görə də alimlər yeni mutasiyanın SARS-CoV-2-nin yoluxma qabiliyyətini artırdığı qənaətinə gəliblər. Eyni zamanda, laboratoriya təcrübələri göstərib ki, ən azı bir yeni mutasiya virusun insanların SARS-CoV-2 infeksiyaları ilə mübarizə aparmaq üçün təbii olaraq yaratdığı neytrallaşdırıcı antikordan yayına bilir. Mütəxəssislərin fikrincə, bu xüsusiyyət virusun həmin növünün immun sistemini aldatmasına imkan verə bilər. Ümumilikdə, tədqiqat çərçivəsində koronavirusun 285 mutasiyası aşkar edilib.
Onu da xatırladaq ki, koronavirusdan ölüm halları təkcə Azərbaycanda artmayıb. Noyabr ayının 4-də qonşu Rusiyada koronavirusa rekord sayda yoluxma və ölüm faktları qeydə alınıb. Rusiyada həmin sutkada 19768 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Bir gün ərzində 389 nəfər ölüb. Noyabr ayının 5-ə olan məlumata görə, qonşu Gürcüstanda koronavirusdan 20 nəfər ölüb. Bütün bunlar koronavirusun mutasiya edərək daha aqressiv növünün yayılması ilə bağlı aylar öncə verilən qorxunc proqnozların özünü doğrultduğunu göstərir.