Solovyovun “Qarabağdakı ermənilərə Rusiya pasportu” sayıqlaması - reaksiyalar
13-11-2020, 10:13
Sentyabrın 27-dən bəri Azərbaycana qarşı qərəzli danışmaqdan yorulmayan rusiyalı telejurnalist Vladimir Solovyov ortalığa təzə hoqqa çıxarıb. Ermənipərəst mövqeyindən bir addım da geri çəkilməyən teleaparıcı Jirinovski kimi yersiz, qeyri-ciddi, qıcıqlandırıcı açıqlamalar verməyə başlayıb.
“Yeni Müsavat” xəbər verir ki, Solovyov Qarabağdakı ermənilərə Rusiya pasportu verilməsi təklifini irəli sürüb. Onun ağlına görə, bu halda rus qoşunu Ermənistandan dərhal çıxarıla bilər.
Azərbaycanın sülh şəraitində yaşamaq istəyən ermənilərin ölkə vətəndaşlığını tanıyacağı haqda bəyanatları fonunda bu, təsadüfdürmü? Rusiya ilə sərhədi olan separatçı Abxaziyada, Cənubi Osetiyada, Dnestryanı ərazilərdə, Donbasda bu cür “milliləşmə” əməliyyatının hansısa anlamı var. Çünki Rusiya ilə sərhəddirlər. Amma Rusiya ilə sərhədi olmayan Qarabağdakı bir ovuc erməniyə Rusiya vətəndaşlığı vermək hansı hüquqa əsaslana bilər? Solovyovun bu təklifinin arxasında hansısa hiylə da ola bilər. Lakin ilk baxışdan onun yenə sayıqlamasına bənzəyir. Çünki bu təklif rəsmi səviyyədə hansısa tərəfdən səslənməyib. İkincisi, hüquqi baxımdan nonsensdir.
Əslində Solovyov müharibənin getdiyi 44 gün ərzində bir dəfə də olsun susmadı. O, dayanmadan Azərbaycan əleyhinə çıxış edir, cığal, qıcıqlandırıcı mövqe tutur, az qala “Qarabağ Ermənistandır” demək istəyirdi.
Deputat Aqil Abbas “Yeni Müsavat”a bildirdi ki, nə Rusiya belə bir addım atar, nə də Solovyov Rusiya deməkdir. “Solovyov özü üçün danışır. Onun fikrini biz Moskvanın mövqeyi kimi qiymətləndirə bilmərik. Onun işi belə boş söhbətlər etməkdir. Hər axşam bir sürü çaqqalı efirə yığır və danışırlar. Qoy danışsınlar. O gün də deyirdi ki, erməniləri oradan köçürmək etnik təmizləmədir. Yaxşı, 250 min azərbaycanlını köçürmək bəs nə idi? Ona görə Solovyovun işi danışmaqdır. Digər tərəfdən də Azərbaycan buna razı olmaz. Əgər Qarabağda qalan ermənilərə rus pasportu paylansa, bu, başqa ölkənin daxili işinə müdaxilə etməkdir”, - deyə A.Abbas fikrini açıqladı.
Onun sözlərinə görə, Rusiyanın belə niyyəti də yoxdur, olsaydı əvvəldən müharibə aparmağa imkan verməzdi: “Rusiya işğalçı kimi yox, sülhməramlı olaraq Qarabağa gəlib. Necə ki bizim İraqda, Əfqanıstanda sülhməramlı kontingentimiz var. O demək deyil ki, Əfqanıstanı ələ keçirməyə getmişik. Odur ki, Solovyova fikir verməyə dəyməz. Sadəcə, milçək bir şey deyil, ürək bulandırır. Ümumiyyətlə, Rusiyanın fikri varıydı ki, kim SSRİ-də doğulubsa, ona vətəndaşlıq versin. Amma bu ideya kənarda qaldı. Abxaziya və Osetiyanı Qarabağla müqayisə etmək olmaz. Rusiya onların müstəqiliyini tanıdı. Onlara vətəndaşlıq verə də bilər. Bunu ona görə edirdi ki, gürcülər qorxub həmin yerlərə getməsinlər. Amma Qarabağ bizimdir. Buna Azərbaycan da razı olmaz, Rusiya da belə mənasız addım atmaz”.
Siyasi analitik Qabil Hüseylinin “Yeni Müsavat”a bildirdiyinə görə, Solovyov kimilər səfeh, cəfəng, Azərbaycanın ərazi bütövlüyü əleyhinə çevrilmiş təkliflər verməyə davam edirlər. Onun fikrincə, bu təklif Solovyovun olmaya bilər: “Mümkündür ki, Moskvanın siyasi kluarlarında dolaşan fikirlərdir. Ancaq ermənilər bura köçürülüblər, məskunlaşıblar, azərbaycanlılarla birgə yaşayıblar, Azərbaycan vətəndaşı olublar. Sadəcə, bəzi boşboğazlar Donbasda, Krımda tətbiq edilən priyomları Azərbaycanda da həyata keçirmək arzusundadırlar. Amma nə beynəlxalq hüquq, nə də güclü orduya malik, arxasında Türkiyə, Pakistan dayanan Azərbaycan bu əməllərə yol verməz”.
Politoloq hesab edir ki, bölgədə yeni münaqişə ocağının yaradılmasına səy göstərilir: “Amma dünya və beynəlxalq münasibətlər sürətlə dəyişir, baş verən dəyişikliklər Rusiyanın xeyrinə inkişaf etmir. O baxımdan əvvəl sınaqdan çıxarılmış praktikanı Rusiya sərhədindən uzaq bölgə olan Qarabağda tətbiq etməyə çalışmaq siyasi iflasa gətirib çıxara bilər. Zənnimcə, belə xülyalara düşənlər bu işin aqibəti haqda ciddi düşünməlidirlər. Odur ki, belə sayıqlamaların qarşısını almaq üçün Azərbaycan və onun siyasi lideri hər zaman ayaqdadır, öz müttəfiqləri ilə birgə belə düşünülməmiş hərəkətlərə yerindəcə cavab vermək əzmindədir”.
Deputat Qüdrət Həsənquliyev isə müsahibəsində deyib ki, biz bu razılaşmaya şəhidlərimizin qanı hesabına nail olmuşuq: “Gələcəyə baxmaq lazımdır. Bölgənin inkişafı Azərbaycan, Türkiyə, Rusiya və İranın dostluq və əməkdaşlığından keçir. Rusiya sülhməramlılarının olduğu dövrdə Dağlıq Qarabağın erməni sakinləri Azərbaycan pasportu ilə təmin olunacaq, milli valyutamız yeganə tədavül vasitəsi kimi tətbiq ediləcək. Dağlıq Qarabağda mövcud olmuş cinayətkar rejimin tanınmasından, yaxud müvəqqəti də olsa ona hansısa statusun verilməsindən söhbət belə getmir. Dağlıq Qarabağdakı yaşayış məntəqələrində yerli idarəetməni Azərbaycan dövləti təşkil edəcək”.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu RBK-ya müsahibəsində deyib ki, bu mövzuda yazan hər kəs Stepanakertin adını unutsun: “Azərbaycan ərazisində belə bir şəhər yoxdur. Xankəndi şəhəri var, xahiş edirəm bu adı yadda saxlayın”.