Çavuşoğlunun Bakı mesajları ekspertlərin şərhində

13-11-2020, 10:30           
Çavuşoğlunun Bakı mesajları ekspertlərin şərhində
Ekspertlərə görə, nazirin dedikləri həm Rusiyaya, həm də Ermənistana yönəlib
Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Bakıda verdiyi mesajlar diqqət çəkib.

“İşğal edilmiş Azərbaycan ərazilərinin tamamı Azərbaycana veriləcək. Digər tərəfdən, bu razılaşmanın altında Ermənistan rəhbərinin imzası varmı? Var”. Bu sözləri Çavuşoğlu noyabrın 12-də Bakıda keçirdiyi brifinqdə deyib. “Biz daha öncə atəşkəs imzalamışıq, yenə pozarıq desələr, o zaman bədələni ödəyərlər. Burada Azərbaycan qan tökməyə həvəsli deyil, hər nə qədər himnində ”həm qadirik, həm hazırıq" deyirsə, Azərbaycan bu işin çözülməsi üçün çox səbr edib", - o qeyd edib.

Türkiyəli nazir ümid edir ki, Ermənistan keçmişdəki səhvlərindən dərs çıxaracaq. Eyni zamanda Çavuşoğlu onu da bildirib ki, noyabrın 13-də Rusiyadan gələcək nümayəndə heyəti ilə Türkiyə-Rusiya birgə atəşkəsə nəzarət mərkəzi ilə bağlı detallar müzakirə olunacaq. Nazir mərkəzin önəmli işlər görəcəyini, şikayətlər olduğu halda onların olduğu kimi araşdırılacağını söyləyib.

Deputat, politoloq Arzu Nağıyev “Yeni Müsavat”a bunları dedi: “Burada əsas olan önəmli məsələ odur ki, Çavuşoğlu bir daha Türkiyənin Azərbaycanın yanında olduğunu bəyan etdi. Eyni zamanda Monitorinq Mərkəzinin yaradılması və nəzarət mexanizmi Türkiyənin iştirakı ilə həyata keçiriləcək. Baxmayaraq ki, Ermənistan illər boyu bunun əleyhinə olub. Rusiya ilə Türkiyə bu məsələdə ümumi razılığa gəldilər. Burada söhbət Azərbaycanın ərazi bütövlüyündən, suverenliyindən gedir. NATO üzvü olan Türkiyə bu gün Azərbaycanın yanındadırsa, biz onu dost-qardaş ölkə kimi qəbul ediriksə, bunu bütün dünya da qəbul etməlidir, edir də. Türkiyəyə qarşı hansı sanksiyalardan, məsələlərdən asılı olmayaraq qardaş ölkə bunu bacardı, bu məsələnin sonuna qədər çatdı. Sübut etdi ki, biz bir millət, iki dövlətik. Bundan başqa, Şoyqu və Hulusi Akar arasında noyabrın 11-də bağlanmış memorandum bir daha sübut etdi ki, iki ordu bir yerdə mərkəzləşmiş qaydada koordinasiyalı şəkildə bütün proseslərə nəzarət edə biləcək. Siyasi rəhbərliyə məruzə məhz Monitorinq Mərkəzi tərəfindən həyata keçiriləcək. Bu nüansı unutmaq olmaz. Hulusi Akar və Şoyqu arasında imzalanmış memorandumun özü çox böyük əhəmiyyət kəsb edən məsələdir. Buna görə də düşünürəm ki, Türkiyənin Azərbaycanın yanında olması bizim bir millət, iki dövlət olduğumuzu bir daha sübut edir. Bütün proseslər süzgəcdən keçirildiyi kimi bu proses də Türkiyənin iştirakı ilə o süzgəcdən keçəcəkdir”.

Deputat ermənilərin anlaşmanı poza biləcəkləri yönündə olan narahatlıqlara da toxundu: “Ermənilər uzaqbaşı belə edərlər, deyərlər ki, gəlin məlum razılaşmanı ratifikasiya edək, tutaq ki, parlamentdə. Amma burada Rusiyanın imzası var. Bu imzaya onlar qarşı gedə bilməzlər. Digər tərəfdən, hansı ratifkasiyadan söhbət gedə bilər ki, bunu Paşinyan imzalayıb və o, hələ hakimiyyətdədir. Deməli, bunların fikirləri siyasidir, memoranduma görə Paşinyanı hakimiyyətdən uzaqlaşdırsınlar, yaxud digər qüvvələr hakimiyyətə gəlsin. Paşinyan isə deyir ki, həmin qüvvələr Dağlıq Qarabağa o qədər sərmayə qoyublar, indi o sərmayə batıb və onun heyfini Paşinyan hakimiyyətindən almaq istəyirlər. Bir də tutaq ki, onlar razılaşmadılar, nə edəcəklər? Atəşkəsi poza bilməyəcəklər, pozsalar belə sonuncu dəfə Qarabağı görəcəklər. Ərazilərimizdən, ümumiyyətlə, çıxacaqlar. Çavuşoğlunun son günlərdə Bakıda olmasının ayrıca böyük önəmi var. Bununla bir daha hər kəs görür ki, qardaş Türkiyə hərbi təlimlərdə, digər məsələlərdə daim Azərbaycanın yanındadır”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun şərhi çox diqqətçəkəndir: “Çavuşoğlunun dedikləri həm Rusiyaya, həm də Ermənistana mesajdır. Rus rəsmiləri bir ağızdan deyirlər ki, Türkiyə sülhməramlıları bölgədə olmayacaqlar. Təəssüf ki, bu xora Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da qoşulub. Bunun səbəbini anlamıram. Bu nə deməkdir? Türkiyə sülhməramlılarının Qarabağda olmayacağı barədə Polad Bülbüloğlunun açıqlama verməsi məndə təəssüf doğurur. Şuşa, Xocavəndin bir hissəsi, Hadrut Dağlıq Qarabağ deyilmi? Oralar Şuşa başda olmaqla, Azərbaycanın Ordusunun nəzarətində deyilmi? Biz istəsək, Türkiyə sülhməramlıları Şuşada da, Hadrutda da yerləşə bilər. Lavrov bunu deyir, çox təəssüflər olsun ki, səfirimiz bunu təkrarlayır. Türkiyə sülhməramlıları mütləq bölgədə olmalıdır, Dağlıq Qarabağ ətrafı rayonlarda deyil, istədiyimiz şəkildə qeyd etdiyim yerlərdə. Rəcəb Tayyib Ərdoğan da partiyasının qrup toplantısında bunu dedi. Rusiyanın indiki halda Dağlıq Qarabağda nə hüququ varsa, eyni hüquq Türkiyənin də var. Hulusi Akar, səhv etmirəmsə, açıq deyib ki, rus sülhməramlılarının sayı qədər eyni sayda türk sülhməramlılar Qarabağda olacaq. Bunu Akar deyir, amma rus rəsmiləri inkar edirlər.

Lavrovun erməniləri rahatlatmaq üçün belə açıqlamalar verməsi də mümkündür. Polad Bülbüloğlu Lavrovun fikirlərini niyə təkrarlayır, bunu anlamıram. Çavuşoğlu bu açıqlamaları ilə mesaj verir ki, bəyanatın bütün şərtləri yerinə yetirilməlidir. Gələn xəbərlərə görə, sanki ermənilər Kəlbəcərdən çıxmaq istəmirlər. Ayın 15-nə az qalıb. Onlar bugünlərdə Kəlbəcəri tam boşaltmalıdırlar. Erməni separatçılarının lideri Kəlbəcərdəki keşişə zəng edib ki, oraları boşaltmayın, heç nə aydın deyil. Necə yəni aydın deyil? Qorxuram ki, bir müddətdən sonra ermənilər desin ki, məğlub olmamışıq, döyüşməyə hazır idik, Paşinyan səhv etdi. İstərdim ki, yaradılan mərkəz Dağlıq Qarabağın içərisində də olsun. Bunlar üç dəfə bizə problem yaradıblar, dördüncü dəfə imkan verməyək. Necə ki, uşaqlığımda rahat şəkildə Xankəndinə gedib, oradan Şuşaya qalxa bilirdim, indi də eyni rahatlıqla oralara gedim. Problemlərin olmaması üçün mütləq Türkiyə sülhməramlıları olmalıdır. Sayları ruslardan az olmamalıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.