DSX generalının istintaqı davam edir – Baş Prokurorluqdan açıqlama

13-11-2020, 22:02           
DSX generalının istintaqı davam edir – Baş Prokurorluqdan açıqlama
Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini, general Əfqan Nağıyev və onunla birlikdə həbs olunan vəzifəli sərhədçilər barədə cinayət işi bir neçə yerə ayrılıb. Dörd nəfərin işi ayrılaraq Bakı Hərbi Məhkəməsinə göndərilib. Bunlar DSX-nın Sahil Mühafizəsinin polkovnikləri Nemət Pənahov və Müzəffər Namazovdur. Balıqçılıqla məşğul olan daha iki nəfər – Xalis Quliyev və Arif Abdullayev də onlarla birlikdə mühakimə olunacaq.

Məhkəmədən bildirilib ki, bu işə Elbəy Allahverdiyevin sədrlik etdiyi hakimlər kollegiyası baxacaq. Məhkəmənin hazırlıq iclası isə noyabrın 24-nə təyin edilib. Bu iş üzrə həbs olunanlardan general Ə.Nağıyev barəsində həbs-qətimkan tədbiri sonradan dəyişdirildi, o, ev dustaqlığına buraxıldı. Ə.Nağıyev barəsində cinayət işinə də xitam verildiyi haqda məlumat yayılıb. Lakin Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə Azadlıq radiosuna açıqlamasında bu barədə deyilənləri təkzib edib. O bildirib ki, bu cinayət işi üzrə təqsirləndirilən şəxslərin işləri hissə-hissə məhkəməyə göndərilir. General Ə.Nağıyevlə bağlı isə istintaq davam edir.

Xatırladaq kı, general Ə. Nağıyev və Sahil Mühafizə Xidmətinin vəzifəli şəxsləri bu ilin mayında Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanıb. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 311.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülmüşdü.

Ə. Nağıyev təqsirləndirilən şəxs qismində tanınıb, barəsində həbs qərarı veriləndən sonra prezident İlham Əliyev onu DSX-nın rəis müavini vəzifəsindən azad etmişdi.

Sahil Mühafizə Xidmətinin vəzifəliləri Xəzərdə balıq ovu ilə məşğul olmaq üçün balıqçılardan rüşvət almaqla suçlanırlar. İddia olunur ki, toplanan vəsait hər ayın sonunda Ə. Nağıyevə çatdırılır, o da pulun bir hissəsini onların arasında bölürdü.

Ə.Nağıyev və digər təqsirləndirilən şəxslərin bu ittihamlara münasibəti məlum deyil.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.