“Yalnız Paşinyan yox, onu hakimiyyətə gətirən Qərb dairələri də...” - Şərh
14-11-2020, 09:51
Hazırda Ermənistan 1992-93-cü illərdəki Azərbaycanı xatırladır. İdarəçilikdə naşı, səriştəsiz, qeyri-peşəkar şəxslərin təmsil olunması ölkəni bir-birinin ardınca böhranlara və fəlakətə sürükləyir. Sentyabrın 27-dən başlanmış və noyabrın 10-da başa çatan hərbi mərhələ sübut etdi ki, Ermənistan hakimiyyəti məntiqli, rasional düşüncəyə malik deyil. Onlar erməni xalqının yox, sırf xarici qüvvələrin maraqlarına xidmət edirlər. Ermənistan hazırda vətəndaş müharibəsi ərəfəsindədir.
Bunu Teleqraf.com-a YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Hüseynov bildirib.
Deputat qeyd edib ki, müharibədə sarsıdıcı məğlubiyyətə uğramış Paşinyan iqtidarı ölkə daxilində baş qaldıran narazılıq və xalq qəzəbini söndürmək üçün amansız repressiyalara başlayıb.
Millət vəkilinin sözlərinə görə hazırda Ermənistanda müxalifət partiyalarının hökumətin fəaliyyəti ilə bağlı tənqidləri cəmiyyətə “milli xəyanət” kimi təqdim olunur:
“Artıq Nikol Paşinyanın istefası tələbi ilə keçirilən kütləvi aksiyalarda 10 müxalifət lideri saxlanılıb. Müxalifətçilər hərbi vəziyyət zamanı mitinq təşkil etmək və dövlət sirrini açıqlamaqda təqsirləndirilir. Eyni zamanda Ermənistanda dövlət orqanlarının və vəzifəli şəxslərin hərəkətlərini tənqid etmək, bununla bağlı məlumatları yayımlamaq qadağan edilib. İşğalçı ölkədə hakimiyyəti, hətta bələdiyyələri belə tənqidə görə 1200 avro cərimə tətbiq edilir. Buna görə sosial şəbəkə istifadəçiləri və jurnalistlər açıq şəkildə hakimiyyətin özbaşınalığı və cinayətlərini tənqid edə bilmirlər”.
Aydın Hüseynov vurğulayıb ki, bu gün regionda yaşanmış müharibə və dağıntılara görə yalnız Paşinyan yox, onu hakimiyyətə gətirən Qərb dairələri də məsuliyyət daşıyırlar.