Rusiya sülhməramlıları Kəlbəcərdəki Xudavəng monastrında post qurdu - Nə baş verir?
16-11-2020, 18:07
Rusiya sülhməramlıları Kəlbəcərdəki Xudavəng monastrı yerləşən ərzidə iki post qurub.
Cebhe.info xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.
Rusiya sülhməramlılarının baş leytenantı Oleq Kovalenko bildirib ki, postların biri monastrın yerləşdiyi yaşayış məntəqəsinin girişində qurulub. Digəri isə monastrın yanındadır. Rusiya hərbçisi bildirib ki, yerləri onlara monastrın din xadimi Ovannes göstərib: "Biz əvvəlcə anlaşılmazlıq və hətta təxribat olacağını güman edirdik. Ancaq gözləntimiz özünü doğrultmadı. Yerli sakinlər (hələ bölgəni tərk etməyən ermənilər nəzərdə tutulur - Cebhe.info) bizi sevinclə qarşıladılar. Bu, mənim tapıntım idi. Əhali bizə ən azı mənəvi dəstək verir".
Hərbçi bildirib ki, ilk günlər əhalidə ruh düşkünlüyü hiss olunub. Onlar gəlib monastrla viadalaşıblar. Ancaq orada Rusiya sülhməramlılarını gördükdən sonra əhval-ruhiyyələri qayıdıb.
Qeyd edək ki, noyabrın 25-dək Kəlbəcəri təhvil verməli olan ermənilər oradakı evləri və meşəni yandırmaqla yanaşı, tarixi abidələrə də ziyan vururlar.
Belə ki, ermənilər Kəlbəcər rayonu ərazisindəki qədim tarixi abidə olan Xudavəng monastırını sökməyə başlayıblar. Onlar monastırda qədim əşyaları, əsərləri və digər qiymətli əşyaları Ermənistana daşımağa başlayıblar.
Xatırladaq ki, Kəlbəcər rayonu ilə Dağlıq Qarabağ arasında yerləşən monastır IX-XIII əsrlərdə Alban şahzadəsi Vaxtanqın həyat yoldaşı tərəfindən inşa olunub. 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğaldan sonra onlar 1954-cü ildə qəbul edilən Haaqa Konvensiyasını pozaraq, monastırı saxtalaşdırıblar. Kəlbəcərin işğaldan azad edilməsindən sonra ermənilər monastırdakı zəngləri, məşhur Alban Xudavəng monastırının xaç daşlarını və digər qiymətli əşyaları sökərək qeyri-qanuni olaraq Ermənistana aparıblar.