Qarabağ komendantı Rüstəm Muradov özünü tabasaranlı adlandırdı - tabasaranlılar kimdir?
17-11-2020, 18:41
Sevinc Əliyeva: “Tabasaranlılar Dağıstanın yerli xalqlarından biridir və Dağıstan xalqları qrupuna, Qafqaz dil ailəsinə daxildirlər”
Məlum olduğu kimi, Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradovdur. R.Muradovun milliyyəti son günlər ən çox müzakirə edilən məsələlərdən biridir.
“RİA Novosti”nin yaydığı məlumata görə, R.Muradov milliyyətini açıqlayaraq milliyyətcə tabasaran olduğunu və münaqişədə iştirak edən millətlərə aid olmadığını qeyd edub. “...Milliyyətimə gəldikdə, bu hər kəs üçün bu qədər maraqlıdırsa, mən Dağıstan Respublikasında anadan olmuşam, milliyyətcə tabasaranlıyam, qonşu dövlətlə milliyyətcə heç bir əlaqəm yoxdur” - deyə R.Muradov Rusiya Müdafiə Nazirliyinin şənbə günü yaydığı videoda bildirib.
R.Muradov, həmçinin, deyib ki, tabasaranlar Dağıstan Respublikasının cənub-şərqində yaşayan ən qədim yerli xalqlardan biridir.
Muradov onu da deyib ki, onun üçün milliyyət məsələsi yoxdur, münaqişə bölgəsində hərbi borcunu yerinə yetirir: “Mən Rusiya Federasiyasının vətəndaşıyam, Rusiya Federasiyası Silahlı Qüvvələrinin hərbçisiyəm və mənim üçün Rusiya Federasiyasının qanunları, xüsusən də Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Müdafiə naziri və rəislərimin bütün fərman və sərəncamları icra əmridir. Mənim üçün bir zabit olaraq milliyət yoxdur. Tapşırıqlarımı nəzərdə tutulduğu kimi yerinə yetirirəm”.
Qeyd edək ki, bu günlərdə R.Muradov ləğv olunmuş qondarma “DQR”in sabiq “rəhbəri” Araik Arutunyanla görüşündə də tabasaranlı olduğunu deyib.
Tabasaranlılar kimlərdir, onların etnik mənşəyi hansı xalqlarla bağlıdır?
“Tarixi və mədəni baxımdan tabasaranlılar bizə yaxındırlar”
Tarix elmləri doktoru, professor Sevinc Əliyeva “Bakı-Xəbər”ə bildirdi ki, tabasaranlılar Dağıstan xalqları qrupuna və Qafqaz dil ailəsində məxsus xalqdır. Tabasaranlılar Dağıstanın yerli xalqlarından biri kimi burada yaşayan azərbaycanlılarla sıx qohumluq, dostluq, sülh, əmin-amanlıq şəraitində yaşayırlar. Dağıstan Respublikasında 300-dən artıq xalqın nümayəndəsinin yaşadığını deyən S.Əliyevanın sözlərinə görə, tabasaranlılar da Dərbənd xanlığının tərkibində yaşayan xalqlardan biri olub. “Tabasaranlılar Dağıstanın yerli xalqlarından biridir və Dağıstan xalqları qrupuna, Qafqaz dil ailəsinə daxildirlər. Tabasaranlılar Dağıstanda azərbaycanlılarla yanaşı yaşadıqları üçün bizim dilimizi də bilirlər, xalqımızı da yaxşı tanıyırlar, tabasaranlılarla azərbaycanlıların qarşılıqlı qohumluq əlaqələri də var. Onlar bu ərazidə qədim dövrlərdən yaşayırlar, dinc, sülhsevər xalqdırlar. Tabasaranlılarla azərbaycanlıların tarixi-mədəni, yazı əlaqələri mövcuddur. Hətta Sovet dövründə tabasaranlılar Dağıstandakı Azərbaycan məktəblərində bizim dilimizdə oxuyublar. Ona görə də onlar bizi yaxşı anlayırlar. Tabasaran azərbaycanlıları da var” - deyə bildirən S.Əliyeva bildirdi ki, Qafqaz xalqların bağı adlandırılır, çünki burada ən müxtəlif xalqların nümayəndələri yaşayırlar. “Tarixi və mədəni baxımdan tabasaranlılar bizə yaxındırlar. O vaxt Dərbənd xanlığı var idi və başqa xalqlar kimi, tabasaranlılar da bizim xalqla birgə o xanlığın tərkibində yaşayırdılar” - deyə alim vurğuladı.