TÜRK ALBAN DÖVLƏTİ

18-11-2020, 07:52           
TÜRK  ALBAN  DÖVLƏTİ
Azərbaycan Türklərinin ilkin və orta əsr mədəniyyəti daha çox xristanlıqla bağlı olmuşdur. Eramızın I-II əsrlərində Azərbaycanın Adərbayqan və Albaniya bölgələrini dövrün siyasi hadisələrində fəal iştirak edən Türk Arsaki sülaləsinin nümayəndələri idarə etmişlər. Nəhayət,bizim eranın 224-cü ilində Pars vilayətinin hakimi Ərdəşir Papakan ölkədəki qarışıqlıqlardan istifadə edərək Azərbayqan Arsakı sülaləsinin hakimiyyətinə 226-cı ildə son qoymuş, Adərbayqan ərazisi Sasanilərin canişinlik sisteminə daxil edilmişdir. Azərbaycanın şimal hissəsində isə Albaniya Türk Arşakiləri Sasanilərlə qohumluq əlaqələri yaratmışsa da Sasanilərə tabe olmamış,xristian Roma ilə ittifaq bağlamağı Sasanilərə tabe olmaqdan üstün tutmuş,bununla da Azərbaycanın Aran bölgəsi yeni siyasi-ideoloji və mədəni mərhələyə qədəm qoymuşdur.
Buna baxmayaraq getdikcə güclənən Sasanilər nəhayət 262-ci ildə, I Şapurun hakimiyyəti dövründə (241-272) Albaniyanı da Alban hökmdarı I Vacenin (255-262) ölümü ilə Sasani İmperiyasının tərkibinə daxil etmişdilər.
Farsların istər Əhəmənilər istərsə də Sasanlər dövründə təkallahlı dini olan Azərdüştlüyü Atəşpərəstliyə çevirməsi ilə Azərdüstlüyün dünyəvi dinə çevrilə bilməməsi, xalqın xoşbəxt həyat arzularına uyğun olan yer üzərində ədalətin təntənəsini tələb edən Maniliyi, daha sonralar isə Məzdəkiliyi isə məhv etməsi sonda Azərbaycanın Sasanilərə tabe olmaq istəməyən quzey hissəsi olan Albaniyada xristanlığa meyl yaratmışdı.
Albaniyada xristianlıq eramızın I əsrindən yayılmağa başılasa da erkən xristanlıq burada möhkəmlənə bilməmiş,əhali köhnə dini əqidələrini qoruyub saxlamışdılar.

Albaniyada IV əsrdən başlayaraq xristanlığın təbliği və yayılması yeni bir mərhələyə qədəm qoymuşdu ki, bu işdə Alban hökmdarı Urnayr və Adərbayqanlı Arşaki parf mənşəli Qriqorinin xüsusi rolu olmuşdur. Qriqorinin vasitəsilə xaç suyuna salınaraq xristanlığı qəbul edən Alban hökmdarı Urnayr Qriqorini baş keşiş kimi Albaniyaya gətirmiş, Qriqorinin təşkilatçılığı ilə yuxarı Qarabağın Amaras kəndində kilsə tikdirmişdi. Urnayrın ölümündən sonra Alban taxtına 371-430-cu illərdə II Vaçaqan,Mirhavan,Satay və Asay kimi hökmdarlar çıxmasına baxmayaraq Albaniyada xristanlığın mövqeyi zəifləmiş onlardan sonra hakimiyyətə gələn Arsvaqen (430-440) və oğlu II Vaçedən (440-463) sonra 30 il ərzində Albaniya öz müstəqilliyini itirmiş,ölkə Sasanilərin təyin etdiyi “Mərzban” tərəfindən idarə olunmuşdur. Beləliklə, ayrı-ayrı dövrlərdə Sasanilərə tabe olan Albaniya nəhayət III Vaçaqanın dövründə (493-510) öz müstəqilliyənə qovuşmuş əhali xristanlığı qəbul etmiş, bu məqsədlə III Vaçaqan dini məktəblər açdırmış,498-ci ildə “Aquen məclisi”ni çağıraraq xristian dininə aid qanunlar qəbul etmişdi.Bu qanunlardan sonra siyasi şərait Albaniyada xristian dininin təbliğinə imkan versə də xristianlıq əsasən Albaniyanın Arsak (Qarabağ) Kambeçan vilayitləri və Qisdə (Qəbələdə)dərin kök sala bilmişdi. Bunun da əsas səbəblərindən biri hələ alban hökmdarı Arani sülaləsinin nümayəndəsi Sanatürkün zamanında xristianlığa meyilli bir qrup Alban əyanının müqəddəs Qriqorinin nəvəsi, Albaniya və İberiyanın yepiskopu Qriqorisi öz ölkələrinə dəvət edərək onu Albaniyanın katalikosu elan etməsi, və Alban hökmdarı Arsvaqeinin Mesrop Mastosun Albaniyaya gəlməsinə şərait yaratması olmuşdur. Doğrudur, Qriqorisin vəfatından sonra Albaniya əhalisinin bir qismi yenə də bütpərəstliyə qayıtmış və ölkədə xristianlıq öz mövqeyini yalnız Arsakda (Qarabağda) saxlamışdı. Lakin V əsrin birinci yarısında Yerusəlimdən Albaniyanın Uti vilayətinə gələn Mesros Mastos Qisdə (indiki Kişdə) məskən saldıqdan və burada xristianlığı yaymağa başladıqdan və Albanlar üçün 52 hərifdən ibarət əlifba tərtib etdikdən sonra bu ərazidə xristianlıq yenidən canlanmağa başlamış və nəhayət Alban hökmdarı III Vaçaqanın hakimiyyəti dövründə rəsmi dövlət dini elan edilmişdi.
III-VII əsrlərdə Albaniyanın erkən orta əsr mədəniyyəti mürəkkəb siyasi şəraitdə inkişaf etmişdi. Albaniyanın iqtisadi və mədəni inkişafını xarici müdaxilələr, bir tərəfdən xristian Bizans və Sasanilərin yürüşləri, digər tərəfdən də şimal tayfalarının hücumları, sonda Albaniyanın ərəb xilafəti tərəfindən ayrıseçkilik yaratmışsa da bu dövrə aid ən mühüm maddi və mənəvi işğalı və bütün bunlarla əlaqədar olaraq daxildə dini ideologiyalar arasında gedən çəkişmələr ləngitsə də erkən orta əsrlərdə də Albaniyada zəngin bir maddi və mənəvi mədəniyyət yaranmışdı.
Xristianlğın Albaniyada yayılması əhali arasında dini-mənəvi mədəniyyət nümunələri məhz xristianlıqla bağlıdır. Albaniyada bu dövrdə bir sıra şəhərlər salınmış, saraylar, məbədlər və kilsələr inşa edilmişdi. Xristianlığın Albaniyada rəsmi dövlət dini kimi qəbul edildiyi dövrdən etibarən Albaniya ərazisində dini və məişət arxitekturası baxımından yeni formalar meydana gəlmiş, tikinti mədəniyyəti dörd əsr boyunca xristian arxitekturası tipində yaradılmışdı. Albaniyanın Qarabağ, Kəlbəcər, Laçın, Qubadlı, Naxçıvan, Şəki, Qəbələ, Qax, Zaqatala, Mingeçevir və s. bölgələrində Alban məbədləri, Cavanşir və Ağdərə qalaları məhz erkən orta əsr maddi mədəniyyət nümunələridir. Tədqiqatçıların fikrincə ilk orta əsrlərdə Albaniyada ən mürəkkəb quruluşlu memarlıq abidəsi sayılan 30-a qədər monastır tikilmişdi.

Albaniyanın ilk kilsəsi bu ərazidə ilk dəfə xristianlığı yayan apostol Faddeyin şagirdi Yelişa tərəfindən Qəbələ yaxınlığındakı Qis (indiki Kiş) kəndində tikdirilmişdi. Bu kilsə tarixi qaynaqlarda “Şərq kilsələrinin anası”kimi qeyd edilmişdi. Tədqiqatçıların fikrincə Albaniyada ilk və sonrakı kilsələrin çoxu qədim dini ibadətgahların və məbədlərin yerində bərpa edilmişdi. (bax: Azərbaycan tarixi, Bakı 1994, səh. 205).
Albaniyada III-VII əsrlərdə şəhər quruculuğu geniş vüsət almış,xeyli miqdarda yaşayış və ibadətlə bağlı binalar, məktəblər kitabxanalar tikilmiş, körpülər inşa edilmiş, suvarma kanalları çəkilmişdi. Alban hökmdarı Cavanşir (616-680) mədəniyyətin inkişafına geniş şərait yaratmış, onun dövründə Bərdə şəhəri siyasi və mədəni baxımdan əhəmiyyətli bir şəhərə çevrilmişdi. Musa Kalankatlı Albaniya tarixinə həsr etdiyi “Albanların tarixi”adlı əsərində Alban hökmdarı Cavanşirin sarayını təsvir edərkən göstərir ki,Cavanşir sarayını künbəzdən tutmuş kandaradək hər yeri naxışlarla bəzətdirdi. Divarlara başdan-başa ipək parçalar çəkdirdi. Kainatın ziyası olan Cavanşiri qoruyub saxlayan yataq otağının qapısını gümüşə tutdurdu, üzərində oyma naxışlar açmağı əmr etdi. Alban xristianlığının qədim mərkəzlərindən biri olan və hələ antik dövrlərdə şəhər kimi formalaşan Bərdə şəhərində xristian dini və ideoloji fikir cərəyanları cəmləşmişdi.
Albaniya ərazisində arxeoloji qazıntılar nəticəsində tapılmış abidələrlə yanaşı xeyli miqdarda yerüstü xristian abidələri də mövcuddur. Bu abidələr yerli tikinti materialı olan çiy kərpic,çay daşı,əhəngdaşı və bişmiş kərpiclə tikilmiş məbədlərdən ibarətdir. Belə abidələrə Qəbələ, Naxçıvan, Mingeçevir, Şamaxı, Bərdə, Ağdam, Fizuli, Ağdərə, Ağcabədi, Laçın, Kəlbəcər, Qax və s. bölgələrdə rast gəlinir. Bunlardan V əsrin sonu VI əsrin əvvələrinə aid “Ağoğlan kilsəsi” VI-VII əsrlərə aid Ağdam bölgəsinin Sofulu kəndində olan “Govurqala məbədi” və s. Alban memarlığının incəliklərini öyrənmək baxımından ən dəyərli nümunələrdir. Ağ daşdan inşa edilmiş “Govurqala məbədi”nin şərq hissəsində xüsusi otaqdan ibarət mehrab, abidənin dörd qapısı,hamar yonulmuş daşlarla örtülü döşəməsi, Alban hökmdarı Hammanın qardaşına aid üzəri yazılı daş sənduqədən ibarət məzarı aşkar edilmişdir.
Albaniyanın ən erkən kilsə binaları tədqiqatçılara görə uzunsov, kümbəzsiz məbədlər olmuşdur. İndiyə qədər bu tipə aid abidələrdən yalnız altısı öyrənilmişdir ki,bu abidələrdən dördü Mingeçevirdən,biri Kəlbəcərdəki “Xotavənd”monastr kompleksindən,digəri isə Ağdam rayonunun “Govurqala” adlı qədim şəhər yerindən aşkar edilmişdir. Govurqala şəhər yerindən dördkünc formalı,bünövrəsi çay daşından,üst hissəsi isə ağ daşdan tikilmiş bir neçə yaşayış binasının qalıqları da üzə çıxarılmışdır. Tədqiqatçılar Govurqalanı Alban hökmdarlarının yay iqamətgahı kimi şöhrət qazanmış Aluen şəhərinin qalıqları hesab edirlər.
Bərdə şəhərində aparılmış arxeoloji qazıntılar nəticəsində uzunluğu 11 metr, eni 6 metr olan, sütunları daş və kərpiclə tikilmiş, VII əsrə aid qalın divarlı məbəd aşkar edilmişdir ki, tədqiqatçılar bu abidəni Alban tarixçisi Musa (Moisey) Kalankatlının “Albaniya tarixi” (“Ağvan tarixi”, “Albanların tarixi” kimi də göstərilir)ndə qeyd etdiyi Alban hökmdarı Cavanşirin iki il müddətinə tikdirdiyi böyük kilsə hesab edirlər. Tədqiqatçılar həmçinin Albaniya dövrünə aid Bərdə şəhərindən bazilika formasına malik məbəd və Ağcabədi bölgəsinin Təzəkənd yaşayış məntəqəsindən üç cüt sütundan ibarət bir bina aşkar etmişlər.
Arxeoloqlar Alban dövrünə aid Alban və Pəhləvi yazıları, müxtəlif dövrlərə aid əhalinin ictimai həyatında mühüm yeri olan üzərində xüsusi işarələr və yazılar həkk edilmiş ölçülərinə görə bir-birindən fərqlənən daş və gil bütlər (Daş bütlət əsasən adam boyda düzəldilmişlər) və heykəllər, şüşə əritmə və dulus kürələri və müxtəlif qəbirlər aşkar etmişlər.
Alban dövrünə aid metal əşyalar özlərinin texniki mükəməlliyi, süjet və üslubuna görə Roma, Bizans və Sasani məmulatlarından fərqlənir. Tədqiqatçıların fikrinə görə irili-xırdalı bütün Alban maddi mədəniyyət nümunələri həm özünün istehsalı, həm də onların üzərində həkk olunmuş müxtəlif təsvirlər, naxışlar baxımından yeni keyfiyyətlərlə zənginləşdirilidiyindən digərlərindən əsaslı şəkildə fərqlənirlər.
Xristianlıqla bağlı Alban maddi mədəniyyət abidələri istər meamrlıq,istərsə plan quruluşu və istərsə də naxış və bəzəkləri və hətta xaçları baxımından digər xristian abidələrindən əsaslı şəkildə seçilirlər. Belə ki, Alban abidələrində digər xristian abidələrindən fərqli olaraq xristianlığa qədər bu ərazidə mövcud olmuş digər dini ayinlərin simvolikaları əks olunmuş, xaç obrazlı Alban xaç daşlarında sadəcə xaç deyil, xristianlığa qədərki inamların və kainatı dərk etmənin əlamətlərini özündə cəmləşdirən işarələr də öz əksini tapmışdır. Alban xaçlarının bütün kompozisiyaları Göylə Yerin əlaqəsi, Günəş işıq və məhsuldarlıq simvolu kimi əks olunmuşdur.
Alban dövrünə aid abidələrdən ən məşhuru “Qanzasar” “Amaras” və “Yelisey” məbədləridir .
Sank-Peterburq şəhərinin Ermitaj muzeyində saxlanılan üzərində Alban hökmdarı Cavanşirin təsviri olan 35,6 sm hündürlüyündəki tunc buxurdan da Alban dövrünün nadir sənət incilərindəndir.
Alban maddi mədəniyyət nümunələri kimi Alban mənəvi mədəniyyət nümunələri də o dövr Azərbaycan Türklərinin mədəniyyət tarixinin dərk olunmasında mühüm rol oynayır. Ümumiyyətlə hər bir xalqın maddi mədəniyyəti ilə mənəvi mədəniyyəti bir-birilərini tamamlayır. Mənəvi mədəniyyətin yaradıcısı olan xalqın malik olduğu cəmiyyətin inkişafı nəticəsində onun maddi mədəniyyəti yaranır. Albaniyada mövcud mənəvi mədəniyyət nümunələrinin xeyli hissəsi günümüzə qədər gəlib çatmasa da Albaniya dövlətinin mövcud dövrdə Türk tayfası olan Qarqarların dilində 52 hərfdən ibarət müstəqil Alban yazısı meydana gəlmiş, V əsrdə Alban hökmdarı III Vaçaqan məktəblər açdırmış, təhsil vermək üçün müəllimlər toplamış, kahinlərin və digər təbəqələrdən olan insanların uşaqlarını həmin məktəblərə cəlb etmiş, onlara təqaüd ayırmış məktəblərə müdür təyin etmiş və bütün bunlardan zövq almışdı.

Alban hökmdarı Cavanşir hakimiyyəti dövründə təhsilin, elmin və mədəniyyətin inkişafına xüsusi fikir vermiş, alimləri, şairləri, memarları, mahir sənətkarları öz sarayına toplamış, ölkənin çiçəklənməsinə nail olmuşdur. Cavanşirin hakimiyyəti dövründə Moyses Kaqan Kaykutlu (bəzi mənbələrdə Moisey Kalankatlı) eramızın I-X əsrlər Albaniyası (əsərin 4-cü kitabı X əsrdə əlavə edilmişdir-Bax: Mirza Bala, “Azerbaycan tarihinde Türk Albanya”, Ankara 1951, səh.10-11) və Albanların tarixinə aid məşhur “Ağvanlar tarixi” (bəzi mənbələrdə “Alban tarixi” və ya “Albanların tarixi”) əsərini yazmışdır. Azərbaycanın tarixi coğrafiyasını, etnogenezini, ictimai-siyasi, iqtisadi, ideoloji və mədəni tarixini ehtiva edən bu əsər öncə Alban dilində yazılmış, sonradan başqa dillərə tərcümə edilsə də əsil mətin hələlik əldə edilməmiş, “Ağvanlar tarixi” adı ilə bizə qrabar (qədim erməni) dilində bir çox əlavə və təhriflərlə gəlib çatmışdır.
Alban kilsə məclislərinin 488-ci il “Aquen” və 705-ci il “Bərdə” qurultaylarının qərarları da Alban mənəvi, tarixi əbədi mədəniyyət nümunələri kimi çox dəyərlidir.
Albaniyada xristianlığın geniş təbliği üçün ölkəyə gətirilmiş dini kitabların, həmçinin Homerin “İliada” və Vergilinin “Eneida” əsərlərinin Alban dilinə tərcüməsi və Alban katalikosu Bəkirin zəngin kitabxanası Alban mənəvi mədəniyyətinin nə dərəcədə yüksək bir səviyyədə olduğunu göstərir.
Çox təəssüflər olsun ki, bu Alban dilindəki mənəvi mədəniyyət nümunələri günümüzə qədər gəlib çatmamışdır. Alban katalikosu Bəkirin zəngin kitabxanası isə erməni qriqoryanlar tərəfindən Tərtər çayına atılaraq məhv edilmişdir.
Albaniya dövlətini I-VI əsrələrdə Arsak, VII əsrdən VIII əsrin əvvəllərinə qədər Mehran Türk sülalələri idarə etmişlər. Nəhayət 705-ci ildə ərəb sərkərdəsi Məhəmməd İbn Mərvanın Alban hakimi Şeruyə və qohumlarını xilafətin paytaxtı Şama (Dəməşqə) gətirərək orada edam etdirilməsi ilə Albaniyada Mehranlılar sülaləsinin hakimiyyətinə son qoyulmuş, bundan sonra Albaniyada xrisitian dini öz yerini İslam dininə tərk etmişdi. Nəticədə Azərbaycan Türklərinin yaratdığı bütün maddi mədəniyyət nümunələrinə qonşuluqdakı xristianlar sahib çıxdı, onları özününküləşdirərək dünyaya öz mədəniyyətləri kimi təqdim etməyə başladılar.
Artıq öz dövlətimizə və Alban Türklərinin yaratdığı maddi və mənəvi mədəniyyətinə tam sahib çıxmağımızın vaxtı çatıb!
AYDIN MƏDƏT OĞLU QASIMLI
Filologiya üzrə fəlsəfə doktoru
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.