Kremlin priyomları, Bakının açmadığı şifrələr: hansı düyünlər cəmiyyəti qorxuya salıb? - Özəl

18-11-2020, 09:46           
Kremlin priyomları, Bakının açmadığı şifrələr: hansı düyünlər cəmiyyəti qorxuya salıb? - Özəl
Ermənistan aldığı nokautun psixoloji təsirlərindən uzun illər çıxa bilməyəcək. Dünya ermənilərinin, onların diasporlarının, lobbilərin “Artsax” utopiyası üçün xərclədiyi milyonlar havaya sovruldu. İndi ermənilər kart-blanş kimi Dağlıq Qarabağın statusuna ümid edir. Onların gözləntisi Xankəndi, Xocavənd, Xocalı, Ağdərə və Əsgəran ərazilərinin müqəddəratının arzuladıqları şəkildə həll olunacağıdır. Anaxeber.info məlumat verir ki, Azərbaycan, Rusiya tərəfindən hər hansı status olmayacağı açıqlanıb. Hətta mədəni muxtariyyat verilmir. Yalnız Rusiya XİN başçısı Sergey Lavrov dumanlı ifadələrlə Dağlıq Qarabağ ifadəsi işlədib. Bu, ümumi Qarabağı ayırmaq deməkdir. Amma narahat olmağa hələ ki ciddi əsaslar yoxdur. Rusiya tərəfindən heç bir iddia, yaxud ürəkbulandıran təkliflər bu saatadək səslənməyib. Sadəcə, Moskva və Bakı sülhməramlıların baş komandanı general Rüstəm Muradovun separatçıların dəstəbaşı Araik Aryutunyanla niyə görüşdüyünə dair rəsmi izahat verməyiblər. Hətta Azərbaycan da Rusiyadan bunu soruşmayıb. Baxmayaraq ki, Tovuz döyüşlərindən sonra prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə zəng açaraq Ermənistana daşınan silah-sursatın hesabını soruşmuşdu. Və bu hadisə geniş müzakirələr açmışdı. Əlbəttə, indi tamamilə başqa mənzərə ilə qarşılaşırıq, Kremldən hesab istəmək, onu hiddətləndirmək ümumi işin gedişinə zərər vura bilər. Son dərəcə korrekt olmaq lazımdır ki, planlar gerçəkləşsin. Ona görə Aryutunyanla Muradovun görüşünə susqunluq müşahidə olunur. Oxşar görüşü sülhməramlıların hərbi prokuroru keçirib. Dolayısı ilə “Artsax” anlayışını və oradakı separatçıları saymaq deməkdir. Eyni suallar Xankəndinə yerləşən rus sülhməramlıları və İrəvandan bu şəhərə dönən ermənilərlə bağlıdır. Bu məsələlərə də aydınlıq gətirilmir. Digər bir məsələ - “DQR prezidenti” deyir ki, döyüş davam etsəydi, Azərbaycan bir neçə günə tanınmamış “respublika”nı bütövlükdə ələ keçirəcəkdi. Bu açıqlamasından sonra da R.Muradovun onunla Xankəndidə görüşməsi və Araikin hələ də orada qalması suallar doğurur. Belə çıxır ki, döyüşlərin dayanması separatçı rejimi quyunun dibindən xilas edib, onların Xankəndidə qalmasını təmin edib. Bu, təhlükəlidir və xalqa izahı verilməlidir. Təbii, ümid edilir ki, onlar dözməyib nə vaxtsa gedəcəklər, Azərbaycan qanunları ilə yaşamaq istəməyəcəklər. Bu, işin siyasi-psixoloji tərəfidir. Lakin Dağlıq Qarabağın həmin rayonlarının yuridisiyası açıq saxlanır. Heç bir açıqlama verilmir ki, əgər status yoxdursa, həmin rayonlarda da vətəndaşlarımız yaşayacaqlarsa, bunu niyə bəyan etmirlər, ad çəkmirlər. Sözsüz ki, imzalanan üçtərəfli razılaşmanın bəyanat olduğu deyilə bilər. Ortada nə saziş, nə hüquqi tərəfləri tam aydınlaşdıran bir sənəd var. Bəyanat isə atəşin dayanması, sülhməramlıların yerləşməsi və Dağlıq Qarabağa aid olmayan Kəlbəcər, Laçın və Ağdamın boşaldılması haqdadır. Bu prosesi də dekabrın 1-dək diqqətlə gözləməli olacağıq. Beləliklə, cəmiyyəti noyabrın 10-dan ikiyə haçalayan, içinə qurd salan və şübhə toxumları səpən nüanslar var, hələ də rəsmi, açıq izahat yoxdur. Eləcə də türk sülhməramlılarının Qarabağda yerləşməyəcəyinin dəqiqləşməsi, yalnız monitorinq aparmaq səlahiyyətlərinə malik olması daxili auditoriyanı xeyli dərəcədə pərişan edir və qəzəbləndirir. Çünki türk ordusu həm bizim perspektiv üçün qarantiyamızdır, həm də rus sülhməramlılarını neytrallaşdırmaq, balans yaratmaq fürsətidir. Bu da səbəbsiz deyil. Azərbaycan cəmiyyətində rus fobiyası formalaşıb və 90-cı illərdən qalan qorxu illər sonra növbəti bəla ilə üzləşmək ehtimalı doğurur. O mənada bütün əndişələrə, söz-söhbətlərə son qoymağın yolu ictimaiyyəti agah etməkdir. Hər halda ilin sonunda yarımçıq məsələlərin müzakirəsi üçün neytral zonada dörd tərəfli görüşün şahidi ola bilərik. Söhbət 2+2, yəni Türkiyə-Azərbaycan və Rusiya-Ermənistan tərəflərinin birgə danışıqlarından gedir. Razılaşmada Dağlıq Qarabağın statusu barədə heç nə deyilmir. Söhbət ermənilərin də yaşadığı Azərbaycan SSR-i tərkibindəki Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) ərazisindən gedir. Bu qeyri-müəyyənlik bizi 1988-ci ilə qaytarır, yenə yuxarı Qarabağda ermənilər, ətrafda azərbaycanlılar yaşayacaq. Amma necə... ABŞ-ın Eurasianet nəşrinin redaktoru Joshua Kuchera BBC-yə deyib ki, Azərbaycan ordusunun tutduğu ərazilər xaricində Dağlıq Qarabağ qısa müddətdə, görünür, erməni qüvvələrinin nəzarəti altında qalacaq. Ancaq müqavilədə uzunmüddətli həll barədə heç nə deyilmir. Başqa bir mühüm nüans – rəsmi olaraq Ermənistan Rusiyanın müttəfiqidir. Eyni zamanda İrəvan Putinin “NATO-su” şərti adı olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. İndisə münaqişəli olmuş Qarabağ ərazisində rus sülhməramlıları yerləşib. Yəni boynunu sağa dönürsən rus, sağa çevirirsən rus, ermənilər üçün hər yan bir rus... Bununla da Ermənistan dəhşətli tələyə düşdü və Paşinyan ölkəsini Kremlin vassalığından xilas edə, qopara, Qərbə tam daşıya bilmədi, yenə asılılığı qaldı. Görəsən, bu regiona ruslarla sülh gələcəkmi...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.