ÜST-dən XƏBƏRDARLIQ: Alkoqollu içkilər xərçəngə səbəb ola bilər
19-11-2020, 06:12
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bürosunda qadınlarda düz bağırsaq xərçəngi və döş xərçəngi kimi bir sıra onkoloji xəstəliklərin yaranması ilə alkoqollu içkilərin kiçik dozalarda belə qəbulu arasında birbaşa əlaqənin olduğunu müəyyənləşib.
Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Regional Bürosunun yeni bülletenində məlumat verilir.
ÜST bəzi xərçəng növlərinin və bununla birgə onlarla digər qeyri-yoluxucu xəstəliklərin alkoqollu içkilərlə əlaqəli olması barədə xəbərdarlıq edir. Avropa regionunda alkoqollu içkilər hər gün 2 min 545 nəfərin ölümünə səbəb olur. Təkcə 2018-ci ildə 180 min nəfər bu səbəbdən xərçəng xəstəliyinə tutulub. Onlardan 92 min nəfəri həyatını itirib.
“Bu, heç də xərçənglə bağlı növbəti adi “qorxuducu” təzyiq deyil. Alkoqollu içkilərin hətta kiçik dozalarla qəbulunun belə onkoloji xəstəliklərə səbəb olması barədə əlimizdə inandırıcı faktlar var. İctimaiyyət bilməlidir ki, tərkibi əsasən etil spirtinin qatışığından ibarət olan alkoqollu içkilərin qəbulu xərçəng xəstəliyinin yaranmasına səbəb olur”, - deyə ÜST-nin Avropa bürosunda ölkə proqramları şöbəsinin direktoru Nino Berdzuli söyləyib.
Belə ki, Berdzulinin sözlərinə görə, 2018-ci ildə ÜST-nin Avropa regionunda təxminən 45 min 500 nəfər qadında süd vəzi xərçənginə səbəb olmuş alkoqollu içkilər 12 min nəfərin həyatına son qoyub. Bundan əlavə, alkoqollu içkilərin qəbulu nəticəsində təxminən 59 min 200 nəfər qadın və kişidə çənbər və düz bağırsaq xərçəngi yaranıb ki, onların da 28 mini həyatını itirib.
Bu rəqəmlər ÜST tərəfindən hazırlanmış “ÜST-nin Avropa regionunda alkoqol və xərçəng: daha effektiv profilaktikaya çağırış” adlı yeni məlumat bülletenindən götürülüb.
Alkoqollu içkilərin qəbulu səbəbindən 2018-ci ildə regionda xərçəng xəstəliyinə tutulma hallarının 11 faizinin əksəriyyətində gündəlik doza bir şüşə pivədən (500 ml.), iki stəkan şərabdan (200 ml.) və ya 60 ml. spirtli içkidən artıq olmayıb.
ÜST Avropa regionundakı ölkələri alkoqollu içkilərin qəbulunu azaltmaq və bu problemlə bağlı vətəndaşların məlumatlılığını təmin etmək istiqamətində səyləri birləşdirməyə çağırıb.
“Bu istiqamətdə müvafiq tədbirlər artıq bir sıra ölkələrdə tətbiq olunur. Lakin görülən işlər səmərəli olsa da, onlar regionun bir çox ölkələrində hələ də kifayət qədər populyar deyil. Biz tədbirlərin səmərəli nəticələr verdiyini bilirik. Bizə sadəcə onların tətbiqinin miqyasını genişləndirmək lazımdır”, – deyə ÜST-nin Avropa Ofisinin alkoqol və qanunsuz narkotik maddələr üzrə proqram rəhbəri Kartina Feyrerra-Borges qeyd edib.