İnsanı tez qocaldan qidalar
19-11-2020, 03:30
Həddindən artıq “fast-food”, yağlı və duzlu qidalar, həmçinin marqarinli və çox qızardılan ət qəbul etmək insanı tez qocaldır.
“Report” xəbər verir ki, qidalardakı trans yağları ürək xəstəliyi riskini artırmaqla yanaşı, damarlarınızı da zədələyir. Dəridə qan axını yavaşlayır və bu erkən yaşlanmağa səbəb olur.
Həddindən artıq şəkər istehlakı da qlikasiya adlanan prosesi sürətləndirir. Bu proses bədəndəki zülalları və lipidləri zədələyir, kollagenə təsir edir və qırışların yaranmasına kömək edir, çünki zülallar və lipidlər dərinin elastikliyinə cavabdehdir.
Duz isə bədəndə mayenin çıxmasının qarşısını alır və nəticədə bədəndə şişkinlik yaranır. Bundan əlavə, suyun hüceyrələrdən çıxarılmasına səbəb olan duz susuzluq əmələ gətirir. Bədən susuzlaşdıqda dəri qırışır və daha sürətlə qocalır.
Çoxlarının sevdiyi kolbasa və sosiskalarda çox miqdarda duz və konservant maddələr var. Bu qidalar kollagen istehsalı üçün çox vacib olan “C” vitaminin səviyyəsinə mənfi təsir göstərir. Buna görə həkimlər qırmızı ət istehlakının azaldılmasını tövsiyə edirlər.
Mütəxəssislər hesab edir ki, kofein də bədəni susuzlaşdırır. Bunun qarşısını almaq üçün: hər fincan qəhvədən sonra bir stəkan su için və dərinizi nəmləndirməyi unutmayın.
Nəhayət, qızardılmış kartof, ədvalı qidalar və kömürlə qızardılan ətlər epidermal hüceyrələrə zərər verir. Acılı qidalar qan damarlarını genişləndirir, qızartı və şişməyə səbəb olur. Kartof və digər yağda qızardılmış qidalarda dərini qocalda bilən sərbəst radikallar mövcuddur.