Niyə 12 saat işləyirik? - GİLEY

19-11-2020, 17:18           
Niyə 12 saat işləyirik? - GİLEY
Bakıda bəzi şirkətlərin vətəndaşları iş saatından əlavə işlərə cəlb etməsilə bağlı “MediaPost”a şikayət daxil olub.
Şikayətdə bildirilir ki, bu ilin fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev işçilərin 8 saatdan artıq işlədilməsinin yolverilməz olduğunu bildirib. Buna baxmayaraq bəzi şirkətlər hələ də işçilərini 12 saat işlədir.

Bəs məsələnin qanuni tərəfi necədir və belə neqativ hallarla üzləşən işçi nə etməlidir?
Hüquqşünas Ramil Süleymanov “MediaPost”a bildirib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə, 5 günlük iş həftəsinə uyğun olaraq işə götürən işçini gündəlik 8 saatdan, həftəlik isə 40 saatdan artıq işlədə bilməz. 6 günlük iş həftəsi üzrə isə iş saatı 7 saatdan çox ola bilməz.
Hüquqşünas bildirib ki, bəzi hallarda qanunvericilik normal iş vaxtından əlavə iş saatına icazə verir:

“Bununla bağlı işə götürən əmr imzalamalıdır və işçi buna razılıq verməlidir. Amma əlavə iş saatı gün ərzində 2 saatdan, ay ərzində isə 2 dəfədən artıq təkrarlana bilməz. Zərərli iş sahələrində isə əlavə iş saatı gün ərzində 1 saatdan və ay ərzində 2 dəfədən artıq təkrarlana bilməz”.

R. Süleymanov deyib ki, təəssüf ki, həm dövlət qurumlarında, həm də özəl şirkətlərdə belə qanunsuz hallara rast gəlinir. Bu isə birbaşa Əmək Məcəlləsinin pozulması deməkdir və belə hallarda işçi mütləq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinə(DƏM) həm elektron qaydada, həm də yazılı qaydada şikayət edə bilər:

“DƏM vətəndaşın şikayəti əsasında araşdırmalara başlaya bilər və işçiləri istismar edən şirkət cərimə edilə bilər. Bu tipli qanunsuzluqlara yol verən şirkətlər (fiziki, hüquqi və vəzifəli şəxslər) İnzibati Xətalar Məcəlləsininin 192-ci maddəsinə əsasən 700-3500 manat arasında maliyyə cəriməsi ilə üzləşə bilərlər. İşçilərə isə əlavə iş saatına görə, normal tarif maaşlarının hər saatının minimum 2 qatı qədər pul ödənilir".

R.Süleymanov əlavə edib ki, Həmkarlar İttifaqları olan qurum və ya şirkətlərdə bununla bağlı məsələ əsasən kollektiv müqavilələrlə tənzimlənə bilir. Yəni, işçi üzləşdiyi bu kimi qanunsuzluqlarla bağlı öz Həmkarlar İttifaqlarına da müraciət edə bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.