“Xankəndidə, Xocalıda bütün məsələlərin başında Azərbaycan duracaq”
20-11-2020, 18:43
"Təkcə rus sülhməramlıları olmayacaq, onlarla yanaşı bizim türk qardaşlarımız da Azərbaycana gəlirlər".
Teref.az xəbər verir ki, bunu ehtiyyatda olan polkovnik Nazim Əhmədov deyib.
Polkovnik bildirib ki, Rusiya sülhməramlılarının işğaldan azad edilən ərazilərimizə gəlməsində bizim üçün təhlükəli heç bir məqam yoxdur:
"Rusiya sülhməramlıları 5 illik gəliblər. Bu müddətin bitməsinə 6 ay qalmış (xidmətin 4 il 6 ayında) nəsə problem, narazılıq olsa, biz onların müqaviləsinə qol çəkməşək Azərbaycanı qeyd-şərtsiz tərk etməlidirlər. Onların da əsas məqsədi ondan ibarətdir ki, işğaldan azad edilən ərazilərdə yaşayacaq vətəndaşlar qayıdandan sonra ermənilərlə azərbaycanlılar arasında qarşıdurma baş verməsin, təxribat törədilməsin. Həm də Ağdamda olduğu kimi Kəlbəcər və Laçın rayonlarının da Azərbaycana təhvil verilməsində rus sülhməramlılarının böyük rolu olacaq. Onlar yerdə qalan ərazilərimizi də bizə təhvil verəcəklər.
Biz o əraziləri müharibə yolu ilə azad etsəydik, yenə itkilər verəcəkdik. Onu da bilirik ki, müharibə itkisiz olmur, yaralı da olur, şəhidimiz də olacaqdı və s. Bunların da qarşısının alınması üçün sülhməramlılar gətirildi. Burada bizim üçün təhlükəli heç bir məqam yoxdur. Yenə deyirəm, əgər hansısa bir problem yaranarsa, birincisi bizim türk qardaşlarımız yanımızdadır, bütün bu proseslərə nəzarət edəcəklər və ikincisi də müqavilədə 5 il göstərilib, bitmə vaxtına 6 ay qalmış etirazımızı bildirəcəyik ki, siz bu əraziləri tərk etməlisiniz.
Bildiyiniz kimi, Türkiyə Böyük Millət Məclisi Azərbaycana hərbi qüvvələr göndərilməsi ilə bağlı qanun layihəsini təsdiqlədi və o qanunda türk hərbiçilərinin 1 illik gəldiyi göstərilib. Lakin hər ilin sonunda bu müqavilə yenə 1 illik artırıla bilər. Bunun üçün də heç bir maneçilik, problem yoxdur. İstər-istəməz türk qardaşlarımızın hər il bu müqavilənin müddəti uzadılaraq daha bir il, sonra yenə bir il və s. qalacaqlar. Məqam gələndə biz rus sülhməramlılarına deyəcəyik ki, "Sizlə müqaviləni dayandırırıq, sizə yaxşı yol, köməklik etdiyiniz üçün çox sağ olun, gedə bilərsiniz. Türk qardaşlarımız bizimlə birgə bölgəyə nəzarət edəcək". Burada insanlarımızı narahat edəcək heç bir problemli məqam yoxdur. Başa düşürəm ki, camaat arasında ruslarla bağlı hansısa bir narahatlıq var, amma buna heç bir əsas yoxdur.
Bu müddət ərzində də o ərazilərdə öz əhalimizi yerləşdirəcəyik, onlar orada yaşayacaqlar. Xankəndinin, Xocalının güc strukturları, dövlət qurumları hamısı rəsmi Bakı tərəfindən təyin olunacaq. Bütün məsələlərin başında Azərbaycan duracaq, Azərbaycanın bayrağı orada dalğalanacaq, Azərbaycanın manatı və əsas da Azərbaycanın şəxsiyyət vəsiqələrini daşıyacaqlar. Azərbaycan vətəndaşlığını qəbul edən sabitlik şəraitində yaşayacaq, yoxsa yaxşı yol, gedə bilərlər. Ona görə də narahatlığa heç bir əsas görmürəm". /Milli.az