ÜST: Mütəxəssislərimiz Uhanda Çinli həmkarları ilə məhsuldar qarşılıqlı fəaliyyət göstərirlər
2-02-2021, 05:51
Koronavirusun mənşəyini öyrənmək üçün Çinin Uhan şəhərində olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndə heyətinin üzvləri Çin mütəxəssisləri ilə məhsuldar qarşılıqlı fəaliyyət göstərirlər.
APA TASS-a istinadən xəbər verir ki, bunu ÜST mütəxəssisi Maria van Kerxove brifinqdə deyib.
Keçirilən görüşlərdən razılığını ifadə edən ÜST rəsmisi bildirib ki, səfər barəsində ətraflı məlumat verilir: “Bu məlumatlar təhlil edilməlidir və hazırda danışıqlar davam edir”.
Maria van Kerxove əlavə edib ki, ÜST-ün beynəlxalq nümayəndə heyəti missiya müddətində hansı istiqamətdə səfər etməyə lazım olduqda özləri qərar verirlər.
ÜST-ün Təcili yardım proqramının direktoru Maykl Rayanın sözlərinə görə, Uhanda çalışan mütəxəssislər onları maraqlandıran müvafiq sahələr üzrə məlumatlar toplamaqda davam edirlər.
Qeyd edək ki, ÜST mütəxəssisləri yanvarın 14-də yeni koronavirusun mənşəyini öyrənmək üçün Çinə səfər ediblər.