Avropa tənzimləyicisi AstraZeneca-nın qorxunc yan təsirini vaksinin təsvirinə əlavə edib

9-04-2021, 00:13           
Avropa tənzimləyicisi AstraZeneca-nın qorxunc yan təsirini vaksinin təsvirinə əlavə edib
Mütəxəssislər hələ ki AstraZeneca ilə bağlı tromboz yarada biləcək konkret risk faktorlarını tapa bilməyiblər.

Avropa İttifaqının dərman tənzimləyicisi - Avropa Dərman Vasitələri Agentliyi (EMA) AstraZeneca şirkətinin koronavirus əleyhinə Vaxzevria vaksininin təsvirinə onun tromboz yarada bilmək xüsusiyyətini əlavə edib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə qurumun yaydığı məlumatda deyilir.

"Çox nadir hallarda Vaxzevria preparatı ilə peyvəndləmədən sonra bəzi hallarda qanaxma ilə müşayiət olunan tromboz və trombositopeniya halları müşahidə olunub", - vaksinin təsvirinə edilən əlavədə deyilir.

Bildirilir ki, vaksinasiya aparan tibb işçiləri peyvənd olunanları vaksinin bu yan təsiri barədə məlumatlandırmalı, artıq bu peyvəndi vurdurmuş insanlara isə peyvənddən sonra iki həftə müddətində özlərində təngnəfəslik, sinədə ağrı, ayaqların şişməsi, qarında daimi ağrı, daimi və güclü baş ağrıları, görmənin zəifləməsi, iynə vurulmamış nahiyədə göyərmələr müşahidə edərlərsə, necə davranmalı olduqlarını izah etməlidirlər.

EMA AstraZeneca vaksini barədə əlavə məlumatları araşdırdıqdan sonra çərşənbə günü bildirmişdi ki, onun faydası risklərini üstələyir, amma bununla yanaşı, xəstələrdə tromboembolik fəsadların yaranması faktı ilə vaksinasiya arasında əlaqə olduğunu mümkün saymışdı.

Qeyd edək ki, mütəxəssislər hələ ki AstraZeneca ilə bağlı tromboz yarada biləcək konkret risk faktorlarını tapa bilməyiblər. Sadəcə, məlumdur ki, qeydə alınmış halların əksəri 60 yaşdan aşağı qadınlarla bağlıdır və bu hallar peyvəndlənmədən sonra iki həftə müddətində müşahidə olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru