Xəstəxanada rüşvət verib vaksin arayışı almaq iddiası
9-04-2021, 08:21
Ekspert: “Bunu etmək necə mümkün olub, necə ediblər?”
Son günlər koronavirusla bağlı məlumatlar ölkənin əsas gündəminə çevrilib. Virusa yoluxanların çoxalması və ölüm saylarının artması ölkəmizdə vaksinasiya işlərinin daha da sürətləndirilməsini zəruri edib. Artıq Azərbaycanda 1 milyondan çox şəxs vaksin olunub. Yaxın gələcəkdə isə vaksin olunanlara xüsusi güzəştlərin ediləcəyi bildirilir.
Bu arada vaksinlərlə bağlı müxtəlif xəbərlər də yayılmaqdadır. Qəzetimizə oxuculardan bildirilib ki, vaksin olunmadan, aşağı tibbi heyətə rüşvət verib, vaksin olunmaqla bağlı möhürlü arayış almaq mümkündür. Bu xəbər nə dərəcədə doğrudur? Ümumiyyətlə, vaksinasiya prosesinə nəzarətdə hər hansı boşluqlar varmı? Mövzu ilə bağlı ekspertlərin fikrini öyrəndik.
Gülnarə Əhmədova
Bizimlə söhbətdə infeksionist Gülnarə Əhmədova bildirib ki, saxta kağız düzəltmək mümkünsüz işdir: "Mənim işlədiyim 15 saylı şəhər xəstəxanasında bu mümkün deyil. Çünki burada icra hakimiyyətinin nümayəndəsi bizim otağın qarşısında oturur, ciddi nəzarət edir, eləcə də Gigiyena və Epidemiologiya Mərkəzinin, Daxili İşlər Nazirliyinin nümayəndələri yoxlama aparırlar. Mən anlamıram, harada bunu etmək necə mümkün olub, necə ediblər. Bəlkə nəzarət olmayan yerdə ediblər, bilmirəm. Bu, həm də hər bir insanın vicdanına bağlıdır. Yalan danışmağı bacaran, aşağı intellektli birisi yalnız bunu edə bilər. Normal adam bunu eləməz".
Vüqar Cavadzadə
Tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə də mövzu barədə “Yeni Müsavat”a danışıb: "Bu, sadəcə, şayiədir. Elə bir şey ola bilərmi? Proses camaatın gözünün qarşısında aparılır. Üstəlik, dərman olan flakonlar təhvil, təslim olunur. Necə ola bilər, axı o kağızlar sayla gəlir. Vaksin də sayla gəlir, təhvil verilir. Günün axırına da hesabatı aparılır. Bəzi insanlar, saytlar gündəmə gəlmək, izləyici kütləsi toplamaq üçün ağıllarına gələni yazırlar. Camaat daha çox onların məlumatına istinad eləsin deyə buna əl atırlar. Səhifələri ilə biznes qururlar. Bu mümkün olan şey deyil. Çünki vaksinasiyaya dövlət qurumları cəlb olunub. Hər bir dövlət qurumunun nümayəndəsi oradadı. Vaksin də sayla verilir. Günün axırında neçəsi vurulubsa onun hesabatı aparılır. Eyni zamanda vaksinasiya pasportlarının da hesabatı aparılır, ona görə bu mümkün deyil".
Mərdan Əliyev
İnfeksionist-hepatoloq Mərdan Əliyev də çalışdığı Şamaxı Müalicə Diaqnostikasında belə bir halla rastlaşmadığını bildirib: "Məncə, bu şayiədir. Pandemiya çıxandan bəri vaksinlərlə bağlı xəbərlər də yayılmışdı, içində çip var və sairə deyilirdi. Sonra da deyirdilər ki, koronavirus yalan söhbətdir. İndi də belə bir şayiə çıxıb. Bu mümkün olmamalıdır. Xəstəxanamızda həm DİN əməkdaşları, icra hakimiyyətinin nümayəndələrinin nəzarəti var. Onlar hamısı bu işlə bir yerdə məşğul olurlar. Belə deyək də, xəstəxanada tibb heyəti tərəfindən peyvənd vurulur, amma nəzarət qurumlar tərəfindən aparılır. Ümumiyyətlə, hər yerdə belədir. Həm də pasport veriləndə də həkimlərin iştirakı olur, bir həkim etmir axı bunu. Açığını desəm, mən inanmıram buna. Bizim klinikamızda da belə bir şey olmayıb, olmaz heç vaxt".
Aqil Abbas
Mövzu ilə bağlı deputat Aqil Abbas da qəzetimizə fikrini açıqlayıb: "Mən şayiəyə, söz-söhbətə inanmıram. İnanmıram ki, Azərbaycanda hansısa həkim bunu etsin. Şəxsin vaksin olunub-olunmadığını da bilmək çətin deyil. Qoluna, iynənin vurulduğu yerə baxsaq kifayət edər. Amma mən məsləhət bilirəm ki, hamı vaksin olunsun. Yaxında özüm də olunacam, artıq ayağım sağalır. Ayağımda padaqra xəstəliyi var. Ona görə vaksin olunmamışam. Həkim dedi o sakitləşəndən sonra edə bilərəm. Hamı çiplərdən qorxurdu, çip qoymurlar ki. Amma peyvənddən sonra ölən var. Bax bu başqa söhbətdir. Ona görə deyirlər, yan xəstəliyi olanlara vaksin olmaz".