“Tərtər işi”ndə yeni MÜBHƏM: - “Məsələ başqa istiqamətə yönəldilir”

12-04-2021, 17:19           
“Tərtər işi”ndə yeni MÜBHƏM:
Son günlər müzakirə olunan əsas məsələlərdən biri hələ 2017-ci ildə baş verən “Tərtər işi” hadisələridir. Üzərindən dörd il keçməsinə rəğmən, hadisə barədə müxtəlif versiyalar, iddialar səslənməkdədir. Bəzilərinin fikrincə, atılan radikal addımların səbəbkarları indiyədək əllərini-qollarını sallayaraq gəzirlər. Yəni bu dəfə cinayət cəzasız qalıb. Fakt isə ondan ibarətdir ki, sözügedən hadisə zamanı 100-dən çox əsgər və zabit işgəncələrə məruz qalıb, 25 nəfərə uzunmüddətli həbs cəzası verilib və ən azı 9 nəfər işgəncə nəticəsində öldürülüb.

Həmin hərbi cinayət barədə “Sherg.az”a danışan təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayılın sözlərinə görə, məsələdə qaranlıq məqamlar heç də az deyil:

“Düzdür, vətənə xəyanət var idi. Özü də həmin proseslər 2005-ci ildən başlamışdı. Lakin işgəncələr, qanunsuz əməllər də danılmazdır. “Tərtər işi”ni törədənlər cəzalarını alsalar da, bəzilərinin fikrincə, həmin cəza cinayətə adekvat deyil.

Bildiyim qədərilə 70-dən çox zərərçəkən olub. Düşünürəm ki, Baş prokurorluq bu hadisəni yenidən araşdırmalı və ictimaiyyətə dolğun informasiya verməlidir.

Əks halda manipulyasiya etmək istəyənlər olacaq. Belə ki, əsl cinayətkarlar kənarda qaldığı halda, istiqamət bilərəkdən başqa istiqamətə yönəldilir.

Dediyim kimi, belə halların qarşısını almaqdan ötrü yenidən ciddi tədqiqat aparılmalı və cəmiyyətə obyektiv informasiya verilməlidir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.