Bəzi yerli məmurların özbaşınalığı, yarıtmazlığı dövlətə qarşı kampaniya aparmaq istəyənlərə bəhanə verir...

13-04-2021, 09:41           
Bəzi yerli məmurların özbaşınalığı, yarıtmazlığı dövlətə qarşı kampaniya aparmaq istəyənlərə bəhanə verir...
Azərbaycanın 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı Vətən müharibəsi torpaqlarımızın erməni işğalçılarından azad olunması ilə nəticələndi. Bütün müharibələrdə olduğu kimi, Vətən müharibəsində də itkilərdən qaçmaq mümkün deyildi. Baxmayaraq ki, Azərbaycan müharibədə müasir dünyada ən qabaqcıl texnologiyalardan istifadə etməklə itkilərin sayını minimuma endirməyi bacardı, amma ermənilərin vəhşiliyi üzündən 2800-dən çox igid döyüşçümüz şəhid oldu, minlərlə döyüşçümüz yaralandı, müxtəlif bədən xəsarətləri aldı. Bundan əlavə, 100-dək mülki əhali vandalizmin qurbanı oldu.

Azərbaycan hökuməti müharibənin gedişindəcə yaralıların, zərərçəkənlərin hərtərəfli qayğı ilə əhatə olunması istiqamətində zəruri addımları atmağa başlayıb. Hərbi əməliyyatların davam etdiyi günlərdə şəhid olan döyüşçülərin dəfni yerli icra strukturlarının hesabına həyata keçirildi, dəfn xərclərinin qarşılanması üçün ailələrə vəsait ayrıldı. Müharibə başa çatandan dərhal sonra yaralıların, şəhid ailələrinin bütün problemlərinin həlli istiqamətində real addımlar atıldı. Dövlətin və cəmiyyətin birgə fəaliyyətini nəzərdə tutan YAŞAT Fondu yaradıldı. Qısa müddətdə fonda on milyonlarla manat vəsait toplanıb. Öz fəaliyyətində şəffaflıq və hesabatlılığı əsas tutan fondun əməkdaşları indiyədək 2881 nəfər şəhid ailəsi, qazini evində ziyarət ediblər. Ümumilikdə 5554 nəfər fond tərəfindən öhdəliyə götürülüb.

İndiyədək 2621 nəfər yaralı fonda müraciət edib, onların müalicəsi üçün zəruri addımların atılmasına başlanıb. Bu sırada yaralı qazilərin qardaş Türkiyəyə müalicəyə göndərilməsi də var. Belə ki, indiyədək 51 qazi Türkiyəyə göndərilib, 4 nəfərin müalicəsi başa çatıb, onlar Azərbaycana dönüblər.

Ümumilikdə, YAŞAT Fondu indiyədək şəhid ailəsi və qazilər üçün 18 milyon manatdan yuxarı vəsait xərcləyib. Bu məbləğin 11 milyon 437 min manatı 2796 şəhid ailəsi və qazinin mənzil şəraitinin yaxşılaşdırılmasına sərf edilib. Daha 3 milyon manata yaxın vəsait 868 nəfərin bank və digər borclarının ödənməsinə yönəldilib. 1,7 milyon manat vəsait 703 şəhid ailəsi və qazinin müalicə, 52,5 min manat 35 nəfərin təhsil xərclərinin ödənməsinə sərf olunub.

Bundan əlavə, özəl banklar, kredit təşkilatları və mağazalar da şəhid ailələri, qazilərin borclarını siliblər. Məsələn, “Kapitalbank” 292 nəfərin 109 min manata yaxın kredit borcunu silib.

Azərbaycan dövlətinin bütün qurumları şəhid ailələri və müharibə əlilləri, iştirakçılarının problemlərinin həlli üçün səfərbər olunub.

Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibədə yaralanmış hərbçilər, müharibə əlilləri, erməni terrorundan zərər çəkənlər, müharibə iştirakçıları və onların yaxınları əsas hədəf qrupları olaraq müəyyənləşdirilib. İndiyədək nazirlik tərəfindən bu hədəf qruplarından olan 20 min şəxs müxtəlif sosial dəstək tədbirləri ilə əhatə edilib. Bura sığorta ödənişləri və ərzaq payı alanlar daxil deyil.

Nazirliyin Dövlət Sosial Müdafiə Fondu tərəfindən Vətən müharibəsində yaralanan hərbçilərlə evlərində görüşlər keçirilir. Bu görüşlərdə eyni zamanda onların və ailələrinin sosial təminat hüquqlarının reallaşdırılması üçün monitorinqlər aparılır. İndiyədək yaralanmış qazilərin 83 faizi ilə belə görüş keçirilib.

Nazirlik tərəfindən 2862 şəhidin 7314 ailə üzvünə 13333 sosial ödəniş (pensiya (1877), müavinət (4290), təqaüd (7166)) təyinatı aparılıb. Proses yekunlaşmaq üzrədir. Bundan əlavə, mülki şəhidlərin (93 şəhid) 206 ailə üzvünə 400 sosial ödəniş təyin edilib. Müharibə ilə əlaqədar 283 qaziyə əlillik və bununla əlaqədar sosial ödənişlər təyin edilib.

Prezident İlham Əliyevin göstərişinə əsasən məcburi köçkünlər üçün inşa olunmuş mənzillərin şəhid ailələrinə və müharibə əlillərinə verilməsinə başlanıb.

Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2014-2019-cu illərdə uçota alınmış şəxslər, həmçinin 2020-ci ildə hərbi əməliyyatlar, o cümlədən Vətən müharibəsi zamanı şəhid olanların ailələri və bu müharibə əlilləri 5 il ərzində mərhələli şəkildə mənzil və ya fərdi evlərlə təmin olunacaq (11 min mənzil və fərdi ev, o cümlədən 2021-ci ildə 3 minədək mənzil və fərdi ev).

Prezident İlham Əliyev bəyan edib ki, həm Birinci, həm İkinci Qarabağ müharibəsində şəhid olmuş övladlarımızın Bakıda, Sumqayıtda, Abşeron rayonunda yaşayan ailələrinə bu ilin sonuna qədər mənzillər veriləcək: “Yəni bu proqramı biz Bakı, Sumqayıt və Abşeron rayonunda bu ilin sonuna qədər tam icra edəcəyik. Digər şəhər və rayonlarımızda yaşayan şəhid ailələri üçün binaların, fərdi evlərin tikintisi davam etdirilir. Əminəm ki, yaxın gələcəkdə bu proqram tam icra olunacaqdır”.

2021-ci ilin planı üzrə artıq 230 mənzil şəhid ailələri və müharibə əlillərinə verilib.

Nazirliyin xətti ilə indiyədək 2950 ailəyə (10 min ailə üzvü) psixo-sosial dəstək göstərilib, psixoloji konsultasiyalar keçirilib. “Onlayn psixoloji xidmət” (050 406 75 85) təşkil olunub. Zənglərə 5 psixoloq cavab verir. 1517 zəng cavablandırılıb, o cümlədən psixoloji xidmətlə bağlı 1067 zəng qəbul edilib (zənglər əsasında 70 şəxs psixiatra yönləndirilib, 43 şəxsin evində əyani psixoloji dəstək göstərilib).

Vətən müharibəsi başa çatandan indiyədək ƏƏSMN-in reabilitasiya müəssisələrində 500 nəfərə reabilitasiya və sosial-psixoloji xidmətlər göstərilib.

16 hərbçi yüksək texnologiyalı müasir protezlə, əlavə olaraq 510 müharibə əlili 2370 reabilitasiya vasitəsilə təmin edilib, müharibədə yaralanmış qazilərin mühərrikli təkərli oturacaqla təminatına başlanıb. Daha 12 hərbçinin müasir protezlə təmin olunması üçün ölçülər götürülüb.

Prezident İlham Əliyev müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün ən müasir protezlər sifariş edildiyini, 300-dən çox qazinin bu protezlərlə təmin ediləcəyini deyib: “Bizim ayaqlarını itirmiş qazilərimizin artıq bir neçəsi bu protezlərlə təmin edilib və onlar normal həyata dönə biliblər. Bu protezlər dünyanın aparıcı şirkətlərinin məhsuludur, ən müasir protezlərdir. Bu protezlər imkan verəcək ki, bizim qazilərimiz normal həyata qayıda bilsinlər”.

2021-ci ildə reabilitasiya xidmətləri göstərilən şəxslərin illik sayının 3 dəfə artırılaraq 30 minə çatdırılması nəzərdə tutulur.

ƏƏSMN tərəfindən ailə üzvlərindən əlilliyi olan və sağlamlıq imkanları məhdud 300-dən çox şəxsə birdəfəlik maddi yardım ayrılıb. Nazirliyin sosial tərəfdaşları tərəfindən 110 mindən çox ərzaq payı həssas qruplara verilib (H.Əliyev Fondu 100 min, “Bravo” 10 min, UNİCEF 2 min ailəyə ərzaq payı çatdırıb).

Dövlət şəhid ailələri və qazilərin işlə təminatına da xüsusi diqqət yetirir. İndiyədək özünüməşğulluq proqramına 4140 nəfər belə şəxs cəlb edilib. Əməkhaqlarının bir hissəsinin birgə maliyyələşdirilməsi Proqramı da daxil olmaqla, hədəf qruplarına aid 365 nəfərə (işədüzəltmə) göndəriş verilib, 860 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib.

Nazirlər Kabinetinin yanvarın 13-də qəbul etdiyi sərəncamla hərbçilərin tibbi-sosial ekspertizasının operativ, vaxtında, keyfiyyətlə və mərkəzləşmiş şəkildə aparılması məqsədilə əmək və əhalinin sosial müdafiəsi nazirinin sədrliyi ilə komissiya yaradılıb. Komissiya hərbi əməliyyatlar zamanı xəsarət almış hərbi qulluqçuların birgə əyani müayinədən keçirilməsi, aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə əlaqəsinin müəyyənləşdirilməsi, sənədlərin sürətlə rəsmiləşdirilməsi, tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin e-sistemə daxil edilməsi və nəticə olaraq əyani müayinə keçirməklə əlilliyin qiymətləndirilməsi funksiyasını yerinə yetirir.

Eyni zamanda müharibə, 1990-cı ilin 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirməklə, Çernobıl AES-də hərbi xidmətlə ilə əlaqədar əlilliyi olan şəxslərdən I dərəcə üçün - 250 manatdan 400 manata; II dərəcə üçün - 230 manatdan 350 manata; III dərəcə üçün - 210 manatdan 300 manata; milli qəhrəmanlar üçün - 1500 manatdan 1800 manata çatdırılıb, “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslər üçün Prezidentin aylıq 2000 manat olan təqaüdü təsis olunub.

Vətən müharibəsi dövründə erməni vəhşilərinin raket atəşləri nəticəsində həlak olan mülki vətəndaşlar da dövlətin diqqətindən kənarda qalmayıb. Belə ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na 20 noyabr 2020-ci il tarixdə dəyişiklik edilməklə, şəhid statusu Gəncə və Naftalan şəhərlərində, Bərdə rayonunda erməni təxribatı nəticəsində həlak olmuş mülki şəxslərə də aid edilib.

Şəhidlər, müharibə ilə əlaqədar əlilliyi olanlar, müharibə veteranları barədə elektron reyestrin yaradılması məqsədilə qanunlara dəyişiklik layihəsi hazırlanıb, vizalar toplanlıb, baxılması üçün Milli Məclisə təqdim edilib.

Beləliklə, Vətən müharibəsi şəhidlərinin ailələri, qazilər, əlillər Azərbaycanda ölkə rəhbərliyi səviyyəsində böyük dövlət qayğısı ilə əhatə olunublar. Lakin bəzən yerli məmurların məsuliyyətsiz davranışları nəticəsində hansısa əlilin, şəhid ailəsinin, qazinin problemlərinə vaxtında reaksiya verilmir. Müxtəlif dairələr dərhal bunu bütövlükdə müharibə iştirakçılarına qarşı ümumi dövlət siyasəti kimi təqdim etməyə, dövlətin həyata keçirdiyi böyük fəaliyyətlərə kölgə salmağa çalışırlar. Lakin aydın məsələdir ki, dövlətin diqqətini daim öz həyatlarında görən şəhid ailələri, qazilər bu iddiaların real olmadığını bilirlər. Dövlət üçün mühüm olanı da budur: vətəndaş onun yanında olduğunu görsün...

“Yeni Müsavat”ın ekspert qrupu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.