“Fransanın iki istedadlısından biri…” – Avropada məşhurlaşan bərdəli

13-04-2021, 10:30           
“Fransanın iki istedadlısından biri…” –
Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında dünyaca məşhur olan, amma azərbaycanlı olduğunu çox az adamın bildiyi, çoxumuzun isə bundan xəbərsiz qaldığı şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.

Haqqında internetdən məlumat əldə etdiyimiz şəxs Fransa idmanının tanınmış simalarındandır.

Murad Əliyev – boks üzrə Fransa yığmasının azərbaycanlı üzvü

Murad Əliyev 1995-ci il iyulun 31-də Rusiyanın paytaxtı Moskva şəhərində anadan olub. Milliyyətcə azərbaycanlıdır. Murad 6 yaşında valideynləri ilə birlikdə Fransanın Lill şəhərinə köçüb, indi də bu ölkədə yaşayır. Atası Bərdədən, anası isə Ağdamdandır.

Müsahibələrindən birində atasının biznes fəaliyyəti ilə əlaqədar Lilə köçdüyü deyib.

Xarici ölkələrdə yaşamalarına baxmayaraq, ailə üzvlərinin Azərbaycan köklərinə bağlı olduğunu söyləyib: “Altı yaşımdan Fransadayam və boksla məşğulam. Vətəndaşlıq alandan sonra Fransa yığmasının üzvü oldum. Ailəmizdə hər kəs evdə Azərbaycan dilində danışır. Anam ağdamlı, atam bərdəlidir”.

Murad ilk məşqlərinə də Fransada başlayıb.

Fransa çempionu

Murad 91 kiloqramdan yuxarı çəki dərəcəsində Frana millisinin heyətində çıxış edir. Boksçunun boyu 2.01 metrdir.

2013-cü ilin aprelində ağır çəkidə (91 kq-a qədər) gənclər arasında Fransa çempionu adını qazanıb.

2018-ci ildə super ağır çəkidə (91 kq-dan yuxarı) Fransa çempionatında çıxış edib. Dörddəbir finalda Luka Bataya məğlub olub.

Dünya arenasında

II Avropa Oyunları sınaq matçlarından sonra Murad Əliyevin Fransa millisinin heyətində rinqdə çıxdığı ilk rəsmi beynəlxalq yarış olub.

Murad Əliyev 2019-cu ildə Belarusda keçirilən II Avropa Oyunlarının iştirakçısıdır. Super ağır çəkidə (91 kq-dan yuxarı) çıxış edib. 1/16 finalda latviyalı Evanders Servutsa qalib gəlib. 1/8 finalda rumıniyalı Mixay Nistoru rinqdən kənarlaşdırıb. 1/4 finalda bolqar Petar Belberovdan üstün olub.

ƏTRAFLI
BOSCH Azerbaijan
Yarımfinalda almaniyalı Nelvi Tiafaka heç bir şans verməyib. Finalda isə ukraynalı Viktor Vıxristə məğlub olaraq, Avropa Oyunlarının gümüş medalını aktivinə yazıdırıb.

Murad Əliyev həmin il super ağır çəkidə (91 kq-dan yuxarı) dünya çempionatında çıxış edib. 1/8 finalda ingilis Freyzer Klarka məğlub olaraq, mundialdan medalsız ayrılıb.

Fransanın ən istedadlısı

Fransalı jurnalist Morqan Mauri II Avropa Oyunlarındakı yüksək performansı ilə yadda qalan azərbaycanlını “Toni Yokadan sonra Fransanın ən istedadlı boksçusu” adlandırıb.

Maurinin iddiasına görə, Murad Nelvi Tiafakı I raundda nakauta salsa da, serbiyalı hakim bunu görməzdən gəlib: “Fransa Toni Yokadan sonra daha bir istedadı ağır çəkidə üzə çıxardı. 23 yaşlı Murad Əliyev Minskdə keçirilən Avropa Oyunları turnirinin finalına vəsiqə qazanıb”.

Əliyev ilk qarşılaşmalarından sonra fransalı jurnalistə açıqlamasında bunları deyib: “Gəncliyim Fransada keçir. Bu ölkəni ağır çəkidə təmsil etdiyim üçün xoşbəxtəm, çünki hamı səni izləyir”.

Mauri qeyd edib ki, ona bu idman növünün sirlərini öyrədən atası keçmiş SSRİ-nin həvəskar boksçusu olub. Atası 1.92 m boyda, 120 kq çəkidə meydana çıxıb: “Atam gənc vaxtlarımda Fransa komandasını təmsil edəcəyimi söylədi. Uşaq ikən belə bir gələcək mənə qeyri-müəyyən görünürdü, amma atamın uzaqgörən olduğunu etiraf etməliyəm”.

Azərbaycana gəlmək arzusu

Murad Əliyevin Avropa Oyunlarındakı performansı Azərbaycan mətbuatının da diqqətini çəkib.

O, yerli mətbuata açıqlamasında yarışlarda iştirak edən azərbaycanlı boksçularla ünsiyyətdə olduğunu söyləyib: “Azərbaycan yığmasının boksçularının hamısını tanıyıram. Məhəmməd Abdullayevlə bir yerdə məşq etmişik”.

Murad nə vaxtsa Azərbaycanın uğurları üçün də meydana çıxa biləcəyini istisna etməyib və bunun dəvətə bağlı olduğunu dilə gətirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.