İnternet problemi niyə həllini tapmır - Ekspertdən AÇIQLAMA

13-04-2021, 10:37           
İnternet problemi niyə həllini tapmır -
Son günlər ölkədə, eləcə də paytaxt Bakıda internet təchizatında problemlər yaşanır. Ya internet birdən-birə zəifləyir, abunəçi müqavilədə göstərilən sürəti ala bilmir, ya da müəyyən vaxtlarda tamamilə kəsilir.

Hazırda dərslərin onlayn keçirildiyini, o cümlədən bəzi şirkət və işçilərin onlayn işlədiyini nəzərə alsaq, bu problem ciddi fəsadlar yaradır, narazılıqlar ortaya çıxır. Abunəçilər bu haqda haqlı şikayətlərini bildirdikdə isə interneti təmin edən şirkətlər “hazırda təmir işləri aparılır, tezliklə problem aradan qaldırılacaq”, - deyə cavab verir.

Bəs ölkədə internetlə bağlı problem niyə səngimək bilmir?

Məsələ ilə bağlı “Yeni Müsavat” olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mövqeyini almağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz mövzu ilə bağlı qeyd edib:

“Ölkəmizdə hələlik keyfiyyətli internet problemi öz həllini tapmayıb. Xatırlayıram ki, bir neçə il öncə ölkə Prezidenti də öz çıxışlarında ölkədə keyfiyyətli internet məsələsinə diqqət çəkmişdi.

Bəs keyfiyyətli internet nə deməkdir? Yəni dayanıqlı və yüksək sürətli. Hətta üçüncü də var - əlçatanlıq. Bəs əlçatanlıq necədir? Əlçatanlıq varsa dayanıqlılıq, sürət necədir? Bununla bağlı ölkəmizdə problem var. Düşünürəm ki, bu problem təkcə provayderlərin və yaxud hansısa qurumun problemi deyil, ölkə üzrə köklü problemdir.

Vaxtilə bu köklü problemi həll etmək üçün 2014-cü ildə böyük bir dövlət proqramı hazırlanmışdı. Bunun üçün isə büdcədən yarım milyard manat ayrılmışdı. Yəni pullar Neft Fondundan veriləcəkdi. Deməli, problem var idi ki, bu cür proqram işlənilmişdi. Hətta xarici qurumlar da cəlb edilmişdi, onlar ölkəmizə gələrək, analizlər aparmışdılar və sairə. Lakin son anda hökumət bu proqrama pul ayırmaqdan imtina etdi və problem olduğu kimi qaldı.

Bundan sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi öz imkanları daxilində nələrisə etdi. Yəni bir neçə rayon və Bakı ətrafındakı kəndlərdə problemin həlli yolunda bir sıra tədbirlər həyata keçirdi.

Hazırda bölgələrdə, eləcə də Bakıətrafı kənd və rayonlarda, xüsusən də Xırdalanda, Abşeronda keyfiyyətli internetlə bağlı problem var. Regionlardakı internet ADSL internetdir, yəni telefon xəttinin üstündə oturan internet. Hansı ki, dünyanın bir çox ölkələrində bu texnologiyanı arxivə göndəriblər. Təsəvvür edin, abunəçi internetə görə telefondan istifadə etmir, amma telefonun pulunu ödəyir, ona görə ki, onun üstündə internet alır. Bu, biabırçılıqdır.

Strateji yol xəritəsinə görə də məsələ öz həllini tapmalı idi. Lakin təəssüf ki, dövlət səviyyəsində bu problem hələ də öz həllini tapmayıb.

Bəs problemin həlli nədir?

Bura böyük investisiya qoyulmalıdır.

Özəl və dövlət provayderlərlə birlikdə bunu müzakirə etməlidirlər. Əgər bundan sonra da məsələni dövlət və ya özəl provayderlərin üzərinə buraxsaq, bu məsələnin həlli onillər çəkəcək.

Xüsusilə pandemiya dövründə rəqəmsal sahibkarlıqla bağlı Azərbaycanın qarşısında duran dördüncü sənaye inqilabının çağırışlarını nəzərə alıb, bu problemi həll etməliyik. Əks halda, bizi ciddi problemlər gözləyir.

Daha bir məsələ ilə bağlı da qeydim var, dövlətin onlayn təhsillə bağlı təhsil sisteminə göstərdiyi dəstəyi qüsurlu hesab edirəm. Qonşu Gürcüstanda, Qazaxıstanda və Ukraynada distant təhsilin keyfiyyətli təşkili üçün təhsil Nazirliyinə bir neçə yüz milyon vəsait dəstək verildi. Müəllim və şagirdlər üçün kompüterlər, planşetlər alındı, sürətli internet təmin olundu ki, təhsil batmasın. Bizdə isə bütün məsələ Təhsil Nazirliyinin üstünə atıldı ki, get, öz hesabına distant təhsili təşkil et. Bu cür yanaşma doğru deyil. Məlum məsələdir ki, ölkədə əksəriyyətin distant təhsilə əli çatmır və ya çətinlik çəkir".
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.