Sərnişini daşımayan metroya ayrılan 40 milyon manat .... - Veriləcəkmi?
13-04-2021, 14:21
“Bakı Metropoliteni “QSC-nin fəaliyyət göstərməməsi vətəndaşların narazılığına səbəb olmaqdadır.
Hökumətin bu addımı müxtəlif iddialara səbəb olub. Belə bir iddia da var ki, hökumət xərclərin azaldılması məqsədilə Metropolitenin fəaliyyətini dayandırıb.
Məlum olduğu ki, “Bakı Metropoliteni” QSC də əksər dövlət qurumları kimi dövlətin dotasiyası ilə fəaliyyət göstərir. Eyni zamanda hər ilin sonunda verilən yekun hesabat zamanı qurumun ili ziyanla başa vurduğu açıqlanırdı.
Bəs bu il dövlət büdcəsindən “Bakı Metropoliteni” QSC-yə nə qədər vəsaitin ayrılması nəzərdə tutulub?
Ötən ilin yekunlarında verilən məlumatda 2021-ci ildə “Bakı Metropoliteni” QSC üçün dövlət büdcənindən 39.2 milyon manat vəsait ayrılacağı bildirilib.
Onu da qeyd edək ki, Azərbaycanda ümumilikdə nəqliyyat və rabitə xərcləri üçün 2021-ci il dövlət büdcəsindən 208,7 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılıb.
2020-ci ildə isə dövlət büdcəsindən “Bakı Metropoliteni”nə 40 milyon manat, nəqliyyat və rabitə xərcləri üçün isə dövlət büdcəsindən 302.7 milyon manat vəsait ayrılması nəzərdə tutulmuşdu.
Məlumdur ki, metropolitenin əsas xərcləri sərnişindaşımanın təşkili ilə bağlı yaranır. Təbii ki, burada işçilərin əməkhaqları, texniki təhcizat və s. xərclər də var. İndi metronun fəaliyyət göstərmədiyi bir zamanda quruma gəlirlərin daxil olmaması da aydındır. Belə olan tədridə dövlət büdcəsindən quruma maliyyənin ayrılması mütləqdir.
Amma artıq aprel ayıdır, yəni ilin 3 ay yarımı arxada qalıb, “Metropoliten” isə vətəndaşlara hər hansı xidmət göstəməyib. Qarşıdakı aylarda metronun fəaliyyətin bərpa olunub-olunmayacağı ilə bağlı hər hansı yenilik yoxdur. Belə olan təqdirdə qurum üçün ayrılan vəsaitə yenidən baxılıb-baxılmayacağı sual doğurur.
Təəssüf ki, hələ bununla bağlı dövlət qurumlarından cavab almaq mümükün olmayıb. //Cebhe.info