Akademikin sirli qətli: Plan necə qurulub? - "Pərdə çəkilir"!

13-04-2021, 17:48           
Akademikin sirli qətli: Plan necə qurulub? -
Mart ayının əvvəlləridir, bir neçə həftə sonra bahar gələcək. Elə indidən yazın ayaq səsləri duyulur, günəş bütün gücü ilə Bakını isitməyə çalışır. Birinci Fəxri Xiyabandayam, qarşımda bir heykəl var. Dar cərgədə dayanıb ona baxıram. Əslində burdan dəfələrlə keçib, əgər bədii korifeylərimizin, fikir, düşüncə insanlarımızın əksərinin soyuq məzarına baş çəkmişəm, keçmiş prezidentimiz, rəhmətlik Əbülfəz Elçibəyi ziyarət etmişəm. İlk dəfədir ki, ayaq saxlayıb bu heykələ nəzər yetirirəm.

Bu 1997-ci ilin fevralında qətl edilən görkəmli tarixçi-alim və ictimai xadim, akademik Ziya Bünyadovun məzarıdır. Dayanmağımın səbəbi isə onun qətlini araşdırmağa başlamağımdır. Diqqətlə izləyirəm, onunla səssizcə, xəyalən dialoq qururam. “Sizə nə üçün qıydılar, Ziya bəy?”- deyə sual verirəm. Şübhəsiz ki, soyuq məzarın cavabı olmur. Mən isə onu eşitməkdə acizəm. Lakin suala cavab tapmaq üçün çalışacam.
Gəlin, öncə Z.Bünyadovun öldürüldüyü o fevral gününü yada salaq.

O yaşadığı binanın qarşısında cinayətkar qrup tərəfindən vəhşicəsinə qətlə yetirilib. Həmin gündən bir qədər əvvəl Müdafiə Nazirliyindəki korrupsiya ilə bağlı əlində sənədlər olduğunu bildirib. Bu haqda parlamentin qapalı toplantısında həmkarlarına məlumat verib.

Z.Bünyadovu öldürən dəstə barəsində Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə (indiki Bakı Ağır Cinayətlər Məhkəməsi) 21 fevral 200l-ci il tarixli hökm çıxarıb.

Hökmə əsasən, dəstə üzvləri 1997-ci ilin yanvarında Bakıda yığıncaq keçiriblər. Orda Nizami Nağıyev, Cavanşir Aslanov, Mahir Zeynalov, Qalib Babayev, Tariyel Ramazanov, “Nəsrullah” adlı şəxs iştirak edib. Akademik Ziya Bünyadovun xidməti, siyasi fəaliyyətinə son qoymaq qərarlaşdırılıb. Qətlin həyata keçirilməsi planı qurulub, dəstə üzvlərinin hər birinin rolu öz aralarında bölüşdürülüb. Yığıncaqda akademikin İran müsteyidləri tərəfindən ölümünə “fətva” verildiyi vuğrulanıb. Guya ki, Ziya Bünyadov islam tarixinin tərcüməsində guya kobud səhvlərə yol verib.

Həmçinin qeyd olunub ki, N.Nağıyev, M.Zeynalov, Xanlar Cabbarov, Maarif Əliyev, Rövşən Həsənov, Qədir Abbasov, Rizvan Məmmədov, Q.Babayev Tariyel Ramiz oğlu Ramazanov istintaqa məlum olmayan, özlərini İran İslam Respublikası vətəndaşları kimi təqdim edən “Məhəmməd” və “Nəsrullah” adlı şəxslərin 1993-cü ildə Azərbaycanda, o cümlədən Bakı şəhərində islam dininin müdafiəsi pərdəsi altında ağır və xüsusilə ağır cinayətlər törədilməsi məqsədi ilə yaratdıqları “Vilayəti Əl-Fəqih Hizbullah” adlı cinayətkar birliyə qəbul olunublar. 1993-cü ildən 2000-ci il oktyabrınadək orada iştirak ediblər.
21 fevral 1997-ci il saat 16 radələrində dəstə 2 qrupa ayrılıb. Tapança-pulemyotla silahlanmış T.Ramazanov və C.Aslanov akademik Ziya Bünyadovun evə qayıtma vaxtını mobil telefon vasitəsi ilə 2-ci qrupa məlumat verib. N.Nağıyev bıçaqla, Q.Babayev isə tapança ilə silahlanıb. M.Zeynalovla birlikdə avtomaşınla akademik Ziya Bünyadovun yaşadığı binanın yaxınlığında növbəti zəngi gözləyiblər. Axşamüstü saat 6 radələrində Tariyel Ramazanov akademik Ziya Bünyadovun evinə gəlməsi barədə Mahir Zeynalova məlumat verib. O, kənar şəxslərə işarə vermək məqsədi ilə avtomaşında qalıb,
Q.Babayev binanın tinində, N.Nağıyev isə 3-cü girişin qarşısında mövqe tutub. Z.Bünyadovun mənzilinə tək getməsi barədə Q.Babayevin işarəsindən sonra N.Nağıyev binanın 3-cü girişinə daxil olaraq gözləyib. 1-ci və 2-ci mərtəbələrin arasındakı meydançada Ziya Bünyadovun arxa tərəfinə keçib, ona sağ və sol qabırğaaltı, qarın nahiyələrinə, sol əlin arxa bayır səthinə 5 dəfə ardıcıl zərbə vurub.

Həmin vaxt hadisə yerinə Qalib Babayev də özünü çatdırıb və “Makarov” markalı səsboğucusu olan tapançadan Ziya Bünyadovun sifətinin sağ yanaq nahiyəsinə, boynuna atəş açıb. Akademikin həyatına son qoyan hər iki şəxs Mahir Zeynalovla birgə avtomobillə hadisə yerindən qaçıblar. 24 mart 1997-ci ildə N.Nağıyev, M.Zeynalov, T.Ramazanov, Q.Babayev, C. Aslanov və Xanlar Cabbarov Vüsal Nəzərovun vasitəçiliyi ilə gizli yolla İrana keçmək istəyiblər. O zaman sərhəd zastavasının əsgəri Təyyar Ağakərim oğlu Ələkbərovu rüşvət verməklə ələ alıblar. O da növbədə olan əsgər Fuad Cümşüd oğlu Məmmədovu sərhəd qaydalarını pozmağa təhrik edib. Dəstə üzvləri əsgərlərlə birgə sərhəd istiqamətində hərəkət edərkən xidmətdə olan digər əsgərlər Rasif Niyazi oğlu Baxışov və Rauf Qasıməli oğlu Cəfərova müqavimət göstəriblər. Onlara basqın edib T.Ələkbərovun xidməti avtomat silahını əlindən alıblar. R.Cəfərovun silah tətbiq etməsi nəticəsində Qalib Babayev ölüb, sıravi vətəndaş Rasif Baxışov ağır dərəcəli bədən xəsarəti alıb. N.Nağıyev, M.Zeynalov, T.Ramazanov, X.Cabbarov və C.Aslanov isə hadisə yerindən qaçaraq İran ərazisinə keçiblər. Məhkəmə hökmünə əsasən, M.Zeynalov və N.Nağıyev ömürlük, digərləri isə müxtəlif müddətə azadıqdan məhrum etmə cəzasına məhkum olunublar.

Hökmdən N.Nağıyev, digəriləri və müdafiəçiləri apelyasiya şikayətləri verərək bəraət hökmü çıxarılmasını xahiş ediblər. Apelyasiya Məhkəməsinin cinayət və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmi kollegiyasının 24 iyul 2001-ci il tarixli qərarı ilə Nizami Nağıyev və müdafiəçisinin apellyasiya şikayətləri təmin edilməyib. Hökm ona aid hissədə dəyişdirilmədən saxlanılıb.

Ziya Bünyadovun qətlindən 24 il ötüb. Hələ də müəmmalar, qaranlıq qalan məqamlar cəmiyyətdə sual doğurur.

Tanınmış politoloq, sabiq təhlükəsizlik zabiti Ərəstun Oruclu “Sherg.az”a akademikin qətlinin müstəqillik dövründə törədilən açılmamış cinayətlərdən biri olduğunu söyləyib:

“ Akademik öldürülməsindən dəral sonra burda "Hizbullah" terror təşkilatının əlinin olduğu iddiası irəli sürüldü və bir neçə nəfər həbs olundu. 2000-ci ildə Abşeron rayon icra hakimiyyətinin başçısının oğlu saxlanıldı və atası işdən çıxarıldı. Məhkəmə prosesi açıq olmadığından onu birinci iddia ilə necə əlaqələndirdilər deyə bilmərəm. Hər halda bir qətlə görə iki ayrı-ayrı qrup fərqli vaxtlarda mühakimə olunursa, bu cinayətin açılmadığını göstərir. Qeyd edirlər ki, Z.Bünyadov qətlindən bir müddət əvvəl açıqlama verib, onda Müdafiə Nazirliyindəki maliyyə pozuntuları ilə bağlı hansısa faktlar olub. Düşünmürəm ki, Azərbaycanın daxilindəki bir məmur qrupu, yaxud da nazir, Yeni Azərbaycan Partiyasının sədr müavini Ziya Bünyadova əl qaldırsın. Çox güman ki, onun qətli ölkə xaricindən sifariş olunub. Məqsəd də düşündüyümüzdən daha uzaq gedən idi. Tarixçiləri, alimləri öldürənlər uzun müddətli planlar qururdular. Gördük ki, Z.Bünyadovun ölümündən sonra tarix elmində bir boşluq yarandı. Yenidən tarixi sovet dövründə olduğu kimi ideoloji platforma üzərində yazmağa, saxtalaşdırmağa başladılar. Fikrimcə, Z.Bünyadovun öldürülməsi dövlət quruculuğumuzun gələcəyinə atılan güllə idi. Amma iş dəqiq və dərindən araşdırılmadığı üçün aydınlaşmadı”.

“Atlas” araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib ki, bu cinayət o dönəm Azərbaycanda ciddi rezonans doğurub:

“Qatillər axtarılırdı, sonra cinayətkarların tapıldığı söylənildi. Məhkəmə ilə bağlı müəyyən yazılar var idi. Dedilər ki, etirafçıların günahları yoxdur. Adətən belə hadisələrdə qatillər günahlarını sonradan inkar edirlər. Cəmiyyətin bir hissəsində də şübhələr qalıb. Düşünülür ki, qətlin tam sifarişçiləri həbs olunmayıb. Ona görə bu məsələlər mediada bir daha işıqlandırılmalıdır. Çünki Ziya Bünyadov sıradan bir adam deyildi. Azərbaycanın tanınmış akademiki idi, gənc yaşında Sovet qəhrəmanı olmuşdu. Siyasi həyatımızda mühüm rolu vardı. Onun qətlinin məhkəməsi açıq keçirilməli idi. Yenə də gec deyil. Qatillərlə bağlı dəqiq faktlar mövcuddursa, onlar haqqında bütün məlumatların açıqlanmasına ehtiyac var”.

BDU-nun “Jurnalistika” fakültəsinin professoru Qulu Məhərrəmli deyib ki, Ziya Bünyadovun qətli indiyə qədər sirrli qalıb:

“Fərqli versiyalar iləri sürüldü. Əvvəlcə din motivli olduğu söylənildi. O dövrdə Ziya Bünyadovun siyasi fəaliyyəti təhrif olundu, parlamentdəki sərt çıxışları fonunda baş verən hadisələr nəzərdə tutuldu. Bu cinayəti yenidən araşdırmaq və sözün həqiqi mənasında əsl təqsirkarlaır tapmaq hüquq mühafizə orqanlarının işidir. Çünki məşhur qatillərdən biri Hacı Məmmədov tutulanda sözügedən cinayətdə əlinin olduğu deyildi... Bu artıq başqa motivli yanaşma idi. Məncə, hələ də qaranlıq nüanslar çoxdur. Biz bunu siyasi qətl hesab edirik. Ziya Bünyadov siyasi xadim, millət vəkili olub. O bu xalqın adamı idi və onun heysiyyəti uğrunda çarpışırdı. Ona görə bütün ehtimallar obyektiv araşdırılmalıdır”.
Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl isə mövsu ilə bağlı bunları deyib:

“O zaman xeyli müəmmalar var idi. Hələ tamam başqa adamlar həbs olundu. Sonradan guya ki, qətli törədənlər könüllü təslim oldular. Məsələni dinlə bağladılar. Rəsmi şəkildə cinayətin açıldığı cinayətkarların həbsdə olduğu söylənilir. Amma qaranlıq məqamlar qalmaqdadır. Ona görə ki, adamların motivləri təbii görsənmir. Yenə də deyirəm hər halda illərdir, həbsdədirlər və perspektivdə nə olacağı bilinmir. Ziya Bünyadovun qətlinin araşdırılmasındakı şəffaflıq sona qədər təmin edilmədi. Biz də yalnız ehtimallar irəli sürə bilərik. Bu işlə əlaqədar həbs olunanlar var, kimsə nə isə deyə bilməz. Çünki qətli etiraf ediblər. Hətta mətbuatda etirafları yayımlandı ki, biz bu səbəbdən öldürmüşük. Onlar da sona qədər səmimidirlər, yoxsa deyillər, bilmək olmaz”.

Bunları sonradan biləcək və yazıya köçürəcəkdim. Hələ isə o gündə, Ziya Bünyadovun məzarı başındayam. Bütün bilinməzlərin içərisində, bu səssiz xiyabanda, sakitcə düşünürəm. Nə yalan deyim... elə onun “güllələnmiş” heykəli kimi mənim də fikirlərim dəlik-deşikdir...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.