Alimlər canavarların buz dövründə sağ qalmasının səbəbini izah ediblər

14-04-2021, 00:59           
Alimlər canavarların buz dövründə sağ qalmasının səbəbini izah ediblər
Alimlər canavarların buz dövründə sağ qalmasının səbəbini izah ediblər.
AZƏRTAC RİA Novosti saytına istinadla xəbər verir ki, ABŞ və Kanada alimlərinin fikrincə, boz canavarlar son buz dövründə qida davranışını yeni şəraitə uyğun dəyişdikləri üçün sağ qala biliblər. Tədqiqatın nəticələri "Palaeogeography”, "Palaeoclimatology”, "Palaeoecology” jurnallarında dərc edilib.
Tədqiqatda qeyd olunur ki, boz canavarlar təqribən 11 700 il əvvəl buz dövrünün sonunda sağ qala bilmiş bəzi nəhəng yırtıcılardan biridir. Bu gün onlar Şimali Kanadanın meşələrində, tundrada, eləcə də Alyaskada yaşayır. Onların qida rasionunun əsasını şimal maralları və sığınlar təşkil edir.
Kanadadan və ABŞ-dan olan bir qrup alim paleontoloq Daniel Freyzerin rəhbərliyi ilə tədqiqat aparıb. Onlar Ottavada Təbiət muzeyində saxlanılan, 50-26 min il əvvələ aid qədim canavarların diş və sümüklərinin tərkibini analiz edərək nəticələri indiki canavarlarla tutuşdurublar. Bütün nümunələr Yukon ərazisindən götürülüb.
Tədqiqatın nəticələrinə görə, canavarlar min illər ərzində çöl landşaftları şimal meşələri ilə əvəzlənərkən, ehtimal ki, öz rasionlarına tədricən uyğunlaşaraq, Pleystosen dövrü atlarından müasir marallara və sığınlara keçmək sayəsində sağ qalıb.
Freyzerin fikrincə, son buz dövründə Yerdə iqlim dəyişəndə planetin bioloji müxtəlifliyi də pozulub. Meqafaunanın bir çox nümayəndələri məhv olub, lakin boz canavarlar sağ qalıb. Onların şəraitə uyğun çevik qida seçimi sağ qalmalarında həlledici rol oynayıb.
Alimlər diş səthinin mikroskopik xüsusiyyətlərini tədqiq edərək həmin canavarların qida davranışını müəyyənləşdiriblər: cızıq və çatlar canavarların nəhəng qənimət dalınca ov etdiyini, dərinləşmənin mövcudluğu isə onların ölmüş heyvan sümüklərini gəmirdiyini, daha doğrusu, dövri olaraq cəmdəklə qidalandığını göstərir.
Canavarların qidalandığı heyvan növləri sümük kollagenindən əldə edilmiş karbon və azot izotopları sayəsində və müasir növlərlə müqayisə edilməklə müəyyənləşdirilib.
Məqalənin birinci müəllifi Zoi Lendrinin sözlərinə görə, canavar dişlərində dağılmanın və sümüklərində kimyəvi markerlərin xarakterini öyrənməklə onların qidalanmasında dəyişikliyi izah etmək olar. Həmin nəticələr əsasında canlının ömrüboyu, eləcə də ölümünə bir neçə həftə qalmış nə ilə qadalandığını söyləmək mümkündür.
Tədqiqatlar göstərib ki, Pleystosen dövründə məhv olmuş atlar buz dövrünün sonunda boz canavarların qida rasionunun təxminən yarısını təşkil edib. Qida rasionunun təxminən 15 faizini şimal maralları və vəhşi qoyunlar, az bir hissəsini isə mamontlar təşkil edib. Qədim canavarlar qılıncdişli pişiklər və qısasifət ayılarla yanaşı mövcud olub. Bu yırtıcıların tam yoxa çıxması canavarlara yeni növ qidalara keçməyə böyük imkan yaradıb.
Paleontoloqların fikrincə, əldə edilən nəticələr buz dövründə sağ qalmanın və uyğunlaşmanın, habelə ekoloji adaptasiya zamanı qədim növün müasir formaya çevrilməsinin real tarixidir. Bu nəticələr, həmçinin hazırda boz canavarların yaşayış mühitini, onların sağlamlığının şimal maralları və sığın populyasiyalarının sayından asılı olduğunu başa düşmək baxımından vacibdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.