Gizli toyların yerini polislərə kim xəbər verir? - AÇIQLAMA
14-04-2021, 10:35
“Pandemiya şəraitində qadağa və normaların həyata keçirilməsi üçün tələb odur ki, hər bir vətəndaş özünü qorumalıdır. Dövlət karantin qaydalarında yumşalmalara getdi. Nəticədə insanların sui-istifadə halları müşahidə edildi”.
Bu sözləri Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında “karantin qaydalarını pozan toy mərasimləri necə aşkarlanır” sualına cavab verərkən deyib.
O bildirib ki, vətəndaş, sahibkarlıq subyektinin rəhbəri dövlətin güzəştindən öz şəxsi maraqları üçün istifadə etməyə başladı:
“Restoranlar, ictimai iaşə obyektləri açıldıqdan sonra yoluxmalar artdı və bu özünü statistikalarda da göstərdi”.
E.Hacıyev onu da əlavə edib ki, karantin qaydalarını pozaraq toy mərasimi keçirənlərlə bağlı qaynar xəttə anonim zənglər daxil olur:
“Anonim zənglərlə yanaşı, sosial şəbəkələrdə də çoxsaylı paylaşımlar olur. Bu paylaşımlar araşdırılır və əksər hallarda da öz təsdiqini tapır. Burada bizim məqsədimiz hansısa formada vətəndaşı cəzalandırıb inzibati məsuliyyətə cəlb etmək deyil. Nazirlər Kabinetinin operativ qərargahının təyin etdiyi qərarda Daxili İşlər Nazirliyinin üzərinə hansı vəzifələr düşürsə, biz onu təmin edirik.
Toy məclisi keçirənlər aşkarlandıqda araşdırma zamanı məlum olur ki, məclisdə aktiv koronavirus xəstəsi var. Ən təhlükəlisi insanın özünün bundan məlumatlı olmasıdır. İndi bu vəziyyətin ağırlığına baxın: Bəziləri aktiv koronavirus xəstələrinə nəzarət məqsədilə tətbiq edilən proqramda yaşayış yerini tərk etmədiyi kimi görünmək üçün telefonunu evdə qoyur. O məclisdə musiqiçilərin, xidmət personalının arasında aktiv koronavirus xəstələrinin aşkarlanması dövlətin yaratdığı imkanlardan sui-istifadədir”.
“Tibbi maskalardan istifadə isə təəssüf ki, görüntü məqsədi daşıyır. Yuxarı tənəffüs yolları bağlanmır, tibbi maskalar təyinatına uyğun istifadə edilmir”, - deyə E.Hacıyev qeyd edib.