Qubada qadınla videosu yayılan axund ŞOK TƏFƏRRÜATLAR açıqladı: - “1 milyonluq məscidimi aldılar”

14-04-2021, 18:41           
Qubada qadınla videosu yayılan axund ŞOK TƏFƏRRÜATLAR açıqladı: -
Qubanın keçmiş axundu adı keçən qalmaqallı məhkəmə işi ilə bağlı açıqlama verib. Onun açıqlaması ilə baş verənlərin yeni və maraqlı təfərrüatları üzə çıxıb.

Əvvəlcə axundun adının məhkəmə işində keçməsi haqda xatırlatma edək...

2019-cu ildə Qafqaz Müsəlmanları İdarəsinin Quba rayonu üzrə səlahiyyətli nümayəndəsi olmuş Elnur Əfəndiyevlə görüntüləri yayılmış Z.Q (ad və soy ad şərtidir) hakim önünə çıxarılır. Ona qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu və şantajla külli miqdarda pul tələb etmə) maddəsi ilə cinayət işi açılıb.

İş üzrə daha bir nəfər- İftixar Ağayev də məsuliyyətə cəlb edilib. Onun barəsində də polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Z.Q və İftixar Ağayev birlikdə Elnur Əfəndiyevi videogörüntülərlə şantaj edərək 75 min manat tələb etməkdə suçlanırlar.

Z.Q ifadəsində deyib ki, əfəndi olaraq qəbul etdikləri, hər sözünə güvəndikləri Elnur Əfəndiyevin dediklərinin təsiri altına düşüb. Ailəli olduqları müddətdə belə onunla münasibəti olub. Elnur Əfəndiyev qadını inandırıb ki, əgər onunla münasibətdə olmasa başına böyük fəlakətlər gələcək.

İttihamda göstərilir ki, Z.Q aralarında olan bu münasibətdən sonra evinə gizli kamera quraşdırıb və Elnur Əfəndiyevi şantaj edərək, ondan ev alması üçün pul tələb edib.

Z.Q isə ittihamla razılaşmır və deyir ki, E.Əfəndiyev ev almaq məsələsini özü vəd edibmiş.

Bu işdə adı keçən İftixar Ağayev isə Z.Q-ya kameranın quraşdırılması ilə bağlı kömək edib. Amma o da şantaj və hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilir. İ.Ağayev özünü təqsirli bilmir.

Məhkəmə prosesi ilə bağlı yazı dərc edildikdən sonra Elnur Əfəndiyev Musavat.com-a mövzu ilə bağlı fikirlərini bildirib.

Əvvəlcə özü barədə danışan E.Əfəndiyev bunları deyib: “15 yaşımdan başlayaraq 30 ildir din xadimiyəm. 23 il rəsmi olaraq məscid imamlığı etmişəm, 10 il Ağsaqqallar Şurasının üzvü olmuşam. 2005-ci ildən “Mərifət” qəzetinin təsisçisi və redaktoruyam. Fəaliyyətimə görə Qubra rayon icra hakimiyyətinin başçısı tərəfindən təltif olunmuşam. Çox sayda qədim məscidləri, pirləri, tarixi abidələri xalqın ianələri hesabına bərpa etmişəm. Öz həyətimdə dəyəri 1 milyon olaraq qiymətləndirilən Şimal bölgəsində olan ən böyük məscidi tikdirmişəm. Bir çox dini kitabların müəllifiyəm. Mənim bu fəaliyyətim bəzi fəliyyətsiz rəsmilərin xoşuna gəlmədi, onları qıcıqlandırdı”.

Onun sözlərinə görə barəsində əsassız şikayətlər hələ uzun illər əvvəl yazılıb və yayılıb. Amma təsdiqini tapmayıb.

“Nəhayət 2019-cu ildə maraqları üst-üstə düşən şəxslər barəmdə əməliyyat keçirdilər. Təşkil etdikləri videomontaj ilə qarşıma şərtlər qoydular ki, mən bu xidmətlərimdən əl çəkim və ölkədən gedim. Məndən pul tələb etdilər. Verməyəcəyim təqdirdə həbs etdirəcəklərini, görüntüləri sosial şəbəkələrdə yayacaqlarını, xalqı əleyhimə qaldıracaqlarını dedilər”.

E.Əfəndiyev deyir ki, bütün bunlara etiraz etdiyi üçün onun barəsdinə qaralama kampaniyası başlayıb və Rusiyadan da dəstək alınıb: “Həmin qadın dəfələrlə Rusiyaya aparıb təlimatlandırdılar. Onun başqaları ilə yaşadığı eşq məcaralarını mənim üstümə atdılar. Həmin qadın 6 il əvvəl ailəsinə xəyanətə görə boşanıb. Ailəsini aldatdığı şəxs Anar Eyyubovun əməllərini Komitə və QMİ bilsə də onu yanlarında tutaraq bu hadisələr üçün hazırladılar. Bu işlərin qərəzli təşkil olunması ondan görünür ki, mən işdən çıxarılan kimi Anar Eyyubov mənim yerimə təyin edildi. Şeyx cənablarına isə qərəzli məlumatlar verdilər. Guya mən məsciddə qadınlarla görüşmüşəm. Bundan sonra evimə basqın oldu. Onların məqsədi 2002-ci ildə Qubadakı vəziyyəti yenidən yaratmaq, Şimal bölgəsində vəziyyəti qarışdırmaq idi. Qarışıqlıq düşməsin deyə heç bir müqavimət göstərmədim. Bir il öz evimdə oturdum. Həmin ərəfədə kimisə inandırmaq mümkün deyildi. Amma bu adamlar dayanmırdı və rəsmi qurumlara müraciət edir, xalq içində şəxsiyyətimi alçaldan məlumatlar yayırdılar. Lakin onların şikayətləri əsassız oldu. Sonra həmin montaj olunan videoları Rusiyaya göndərərk oradan sosial şəbəkələrə ötürdülər.

Bundan sonra onlar barəsində hüquq-mühafizə orqanlara müraciət etdim”.

Elnur Əfəndiyev iddia edir ki, onu işdən çıxarmaqla radikal cərəyanların önünü məqsədli şəkildə açıblar.

Həmçinin əlavə edib ki, tikdirdiyi məcsidi onun əlindən alıblar: “Dedilər ki, icmanı qeydiyyata alırıq. Bu yalanla məscidi əlimdən aldılar”.

Məlumat üçün bildirək ki, E.Əfəndiyev bu açıqlamasında yayılan görüntülərin montaj olduğunu deyir. Amma istintaqda verdiyi ifadəsində Z.Q adlı qadınla münasibətinin olduğunu, qadının evində onun razılığı ilə 3 dəfə görüşdüyünü etiraf edib. Əlavə edib ki, həmin qadınla aralarında dini kəbin olub və bunu qadına özü təklif edib.
Musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.