Yuxarıdan çomaq, aşağıdan qınaq: - Məmurların saatı hələ də kəfkirlə çalışır

15-04-2021, 15:18           
Yuxarıdan çomaq, aşağıdan qınaq: -
“Arayış lazımdır”. Bunu eşidən vətəndaşlarımıza yəqin olur ki, əlləri ciblərində olmalıdır, bir də enerjiləri yerində. Bunlar da kifayət deyil, həm də işin düşmüş qurumları qapı-qapı gəzib lazımi prosedurları yerinə yetirmək üçün zamanı bol, səbiri gen olmalısan. Əks halda o bir parça kağıza əlinin çatması müşkül məsələdir.

Vətəndaş şikayətlərindən də məlum olur ki, bu istiqamətdə müəyyən addımlar atılsa da, kifayət qədər ciddi problemlər öz yerini qorumaqda davam edir. Məsələn:

Pərviz Əliyev: “İşin absurd tərəfi budur ki, elektron arayışı belə, çap edib notariusda təsdiqlətmə tələb edilir, bu məsələdə nəzarət mexanizmi yox dərəcəsindədir”.

Şəbbnəm Əlili Nəsirova: “Analıq məzuniyyətinə çıxmaq üçün klinikadan qeydiyyatdan keçməli idim. Məndən iş yerinə dair arayış istənildi. “MyGov.az”-dan arayışı təqdim etmək istədikdə klinika əməkdaşı qəbul edə bilməyəcəklərini, işlədiyim müəssisədən möhürlü arayış tələb olunduğunu bildirdi. Bu və ya digər mənada özəl və qeyri-özəl müəssisələr elektron formada olan arayışları heç bir şəkildə qəbul etmir”.

Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz də mövzunu AYNA-ya şərh edərkən deyib ki, uzun illərdir ölkəmizdə elektron hökumət quruculuğu prosesi getsə də, qurumlar arasında informasiya sistemlərinin inteqrasiyası başa çatmadığından vətəndaşlardan hələ də müxtəlif arayışlar tələb olunur: “Uzun illərdir ki, ölkədə elektron hökumət quruculuğu prosesi gedir. Xeyli sayda xidmətlər elektronlaşdırılıb. Hətta başqa ölkələrdən fərqli olaraq bizdə iki elektron hökumət portalı – “egov.az” və “mygov.az” fəaliyyət göstərir. Lakin dövlət qurumları vətəndaşla bağlı digər bir dövlət qurumunun səlahiyyətində olan hansısa məlumatları əldə etmək üçün ondan arayış tələb edir”.

Ekspertin sözlərinə görə, dövlət xidmətləri reyestrindən görsənir ki, ölkəmizdə təxminən 50-dək arayış növü var:

1. Ünvan haqqında arayış;

2. Sağlamlıq haqqında arayış;

3. Prezident təqaüdü barədə arayış;

4. Staj və maaş barədə arayış;

5. “Sürücülüyə yararlı olmaq barədə” arayış (Forma AZS-83);

6. Bakalavrlar və magistrlar üçün ali məktəbdən arayış;

7. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və yüklülüyünə dair arayış (Forma 1);

8. Mənzilə hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma);

9. Məhkumluğun olub-olmaması barədə arayış;

10. İtirilmiş sənədlərlə bağlı Daxili İşlər Nazirliyinin arayışı;

11. Narkoloji dispanserdə qeydiyyatda olub-olmadığı barədə arayış;

12. Ailə tərkibi haqqında yaşayış yerindən arayış;

13. Subaylıq haqqında arayış;

14. Ümumtəhsil məktəbləri şagirdlərinin təhsil aldıqları yer haqqında arayış;

15. Diplom haqqında arayış;

16. Rabitə xidmətlərinə görə borcun olmaması barədə arayış;

17. Kommunal xidmətlər üzrə borcların olmaması haqqında arayış;

18. Şəxsiyyət vəsiqəsi məlumatları üzrə arayış;

19. Yaşayış yeri haqqında arayış (2 №-li forma üzrə arayış);

20. Nəqliyyat vasitələrinin zədələnməsinə dair arayış;

21. Nəqliyyat vasitələrinin mülkiyyətçilərinə avtomobilin axtarışda, yaxud yüklü olub-olmaması barədə arayışı;

22. Həqiqi hərbi xidmət keçməsi barədə SHXÇDX tərəfindən verilən arayış;

23. Ölüm haqqında arayış;

24. Əlillik barədə Tibbi-sosial ekspert komissiyasının arayış. və s.

“Hazırda “MyGov”-da aktiv olan xeyli sayda arayış var ki, dövlət qurumları elektron formada olan bu arayışları tanımaqdan imtina edir və kağız formada arayış tələb edir, lakin dövlət qurumu digər dövlət qurumundan bunu real vaxtda, onlayn formada əldə edə bilər. Əgər dövlət qurumları vətəndaşla bağlı hansısa məlumatları, arayışları bir-birindən onlayn formada əldə edə bilirsə, o zaman nəinki onun vətəndaşdan tələb edilməsi, ümumiyyətlə, qanunvericilikdə bu tip arayışların ləğv edilməsi daha doğru olardı. Bunun üçün isə bütün dövlət qurumlarının informasiya sistemlərinin inteqrasiyası başa çatdırılmalıdır”, - deyə Gündüz bildirib.

O, əlavə edib ki, rəqəmsallaşma prosesinə paralel olaraq qanunvericilik təkmilləşdirilməli və bürokratik əngəllər yaradan hüquqi məsələlər həll edilməlidir: “Bu istiqamətdə ən ciddi problemlərdən biri budur və xeyli müddətdir ki, öz həllini tapa bilmir. Bunun üçün isə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Elektron Hökumətin İnkişafı Mərkəzi dövlət resurslarının inteqrasiyası üçün konkret icra planı hazırlamalı və bu prosesi başa çatdrımaq üçün səyləri gücləndirməlidir. Rəqəmsallaşma prosesinə paralel olaraq qanunvericilik təkmilləşdirilməli və bürokratik əngəllər yaradan hüquqi məsələlər həll edilməlidir. Artıq rəqəmsallaşan informasiya xarkterli məlumatların vətəndaşdan tələb edilməsinin hüquqi əsasları aradan qaldırılmalıdır”.

“Düşünürəm ki, dövlət qurumları inteqrasiya olunduqca qanunvericilik monitorinq olunmalı və addım-addım bu tip dövlət xidmətləri-arayışlar ləğv edilməlidir. Artıq xeyli sayda arayış var ki, bunların ləğv edilməsi üçün yetərincə əsaslar yaranıb”, - deyə müsahibimiz söyləyib.

Mövzu barədə AYNA-ya danışan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib ki, Prezident dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqinin genişləndirilməsini qarşıya hədəf qoyub və bununla da həm dövlət orqanlarının işinin səmərəliyi artacaq, həm də vətəndaşların dövlət xidmətlərinə əlçatımlığı keyfiyyətlə təmin olunacaq: “Bildiyiniz kimi, bu ilin fevral ayının 2-də yaxın 10 il üzrə sosial-iqtisadi inkişafa dair milli prioritetlərimiz müəyyənləşib. Bu prioritetlərdə rəqəmsal cəmiyyətin inkişafın aparıcı qüvvəsinə çevrilməsi hədəflərdən biri kimi qoyulub. Bundan əlavə, Prezident İlham Əliyev “Elektron Azərbaycan” Dövlət Proqramını təsdiq edib, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” hüquqi aktlar var. Həmçinin, Prezidentin fərmanına əsasən, 2018-ci ildən “Elektron Hökumət”in formalaşması üzrə işlərin əlaqələndiricisi olaraq ayrıca struktur fəaliyyət göstərir. Yəni cənab Prezident hədəf qoyub ki, dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqi genişləndirilsin, bununla da həm dövlət orqanlarının işinin səmərəliyi artsın, həm də vətəndaşların dövlət xidmətlərinə əlçatımlığı keyfiyyətlə təmin olunsun”.

Deputat söyləyib ki, elektron mühitin formalaşdırılması vətəndaş-məmur münasibətlərində şəffaflıq və korrupsiya üçün şəraitin aradan qaldırılması deməkdir: “Və bu tədbirlərin, bu niyyətin, bu hədəfin fonunda hələ vətəndaşdan qucaq-qucaq kağızlar tələb etmək tamamilə yolverilməzidir. Əgər hansısa orqan vətəndaşın məsələsinə baxırsa, ondan tələb etdiyi sənədləri zəhmət çəkib elektron qaydada aidiyyəti rəqəmsal bazadan özü də çıxara bilər. Çünki rəsmi sənədi vətəndaşa bir qayda olaraq dövlət orqanı verir, sadə dillə desək, bu sənədin kötüyü dövlət orqanındadır, belə olan halda vətəndaşdan bir də kağız daşıyıcıda sənəd tələb etməsi çox köhnəlmiş, həm də xoşagəlməz münasibətlərə yol açan hallardır”.

“Bu problemlərə son qoyulması üçün ayrı-ayrı istiqamətlərdə çox mühüm addımlar atılıb, xüsusən Daxili İşlər Nazirliyi, ədliyyə və məhkəmə sistemində ciddi və real nəticələr var, elektron məhkəmə sistemi qurulub və təkmilləşməkdədir, həmçinin, sosial təminat sahəsində elektronlaşma tempi qənaətbəxşdir. Bu yaxınlarda Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi qəbul edildi. Dəyişikliyə əsasən, artıq təsbit olunub ki, sürücüdən sürücülük vəsiqəsini fiziki olaraq tələb etməyə ehtiyac yoxdur, şəxsin sürücülük hüququnun olub-olmamasını bort kompüter vasitəsi ilə də müəyyən etmək olar və elə bu cür də yanaşıldı”, - deyə Məhərrəmov vurğulayıb.

O, əlavə edib ki, ayrı-ayrı sferalarda irəliləyişlərə baxmayaraq, proses ümumilikdə o qədər də sürətli getmir: “Bu mənada, artıq nəzərə almalıyıq ki, bu, bir seçim deyil, informasiyalı cəmiyyətin imperativ tələbidir, artıq münasibətlərin xarakteri dəyişib və biz də yeni dövrün tələblərinə uyğunlaşmağa məcburuq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.