Lavrov Bakı və İrəvanın nəbzini yoxladı: İndi diqqətlər Kremldə - NƏ BAŞ VERİR?
12-05-2021, 11:27
Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 10-u axşam saatlarında Bakıya gəldi. O, Azərbaycana səfəri çərçivəsində elə həmin gün Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda oldu.
Görüşlə bağlı Prezidentin rəsmi saytında yer alan mətnə nəzər saldıqda aydın olur ki, Azərbaycan lideri rəsmi Bakının Rusiya-Azərbaycan münasibətləri və Qarabağ məsələsi ilə bağlı fikirlərini açıq şəkildə XİN başçısının diqqətinə çatdırıb. Azərbaycan-Rusiya münasibətlərinin yüksələn xətlə davam etdiyini qeyd edən ölkə başçısı Qarabağ münaqişəsinin bitdiyini, amma Ermənistan tərəfinin hələ də qeyri-konstruktiv mövqe sərgilədiyini söyləyib.
“Vladimir Vladimiroviç (Vladimir Putin – red.) ilə biz daim dialoq aparır, müntəzəm əlaqə saxlayırıq. Biz həm ikitərəfli gündəlik çərçivəsində, həm də bizim regionda münaqişədən sonrakı inkişafla bağlı vəziyyət çərçivəsində çox fəal qarşılıqlı əlaqə saxlayırıq. Deməliyəm ki, əlbəttə, indiki vəziyyət, münaqişədən sonrakı vəziyyət bütün səviyyələrdə daha sıx əlaqə saxlamağın zəruri olduğunu diktə edir. Mən onu da bilirəm ki, siz azərbaycanlı həmkarınızla çox sıx əlaqə saxlayırsınız. Bütün bunlar ona gətirib çıxarır ki, biz müsbət inkişafı, təhlükəsizliyin, sabitliyin möhkəmlənməsini, hərbi əməliyyatların yenidən başlanması risklərinin minimallaşdırılmasını və tariximizin bu qara səhifəsini çevirmək istəyini müşahidə edirik. Hər halda, Azərbaycan buna hazırdır”, - deyə Əliyev Lavrova bildirib.
Ölkə başçısı 20 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Birgə Bəyanatı xatırladıb və buna uyğun davranış sərgilənməli olduğunu bildirib. Eyni zamanda, Ermənistanda iqtidar və müxalifətin bəzi nümayəndələri tərəfindən revanşist çağırışın narahatlıq yaratdığını Rusiya xarici siyasət idarəsi başçısının diqqətinə çatdırıb. Prezident bildirib ki, Ermənistanda anti-Azərbaycan isteriyası artıq bütün hədləri keçir, özü də tamamilə əsassız olaraq.
Lavrov mayın 11-də azərbaycanlı həmkarı Ceyhun Bayramovla da görüşüb və XİN başçıları görüşdən sonra birgə mətbuat konfransı keçiriblər. Azərbaycan XİN rəhbəri rəsmi Bakının mövqeyini bir daha rusiyalı həmkarının diqqətinə çatdırıb. Ermənistanın Birgə Bəyanata etinasız yanaşma meyllərinin artması, mina xəritələrinin verilməməsi, Ermənistanda artan revanşist çağırışlar və s. kimi hallaqın narahatlıq doğurduğunu bildirib.
Rusiya XİN başçısı da müəyyən bəyanatlar səsləndirib. Rusiya-Azərbaycan əməkdaşlığının yüksələn xətlə davam etdiyini, perspektivləri dəyərləndirib. Bununla yanaşı, Lavrov deyib ki, ölkəsi münaqişənin tam həllində, regionda sülhdə maraqlıdır. Həmçinin minalı ərazilərin xəritəsinin Ermənistan tərəfindən verilməli olduğunu, Birgə Bəyanata tam əməl edilməsinin vacibliyini səsləndirib. Lavrov Birgə Bəyanatdan sonra Azərbaycan tərəfindən yaxalanan və ölkəmizdə saxlanılan erməni terrorçularını “əsir” adlandırmaqla, hər zamankı kimi qərəzini nümayiş etdirib.
Rusiya XİN başçısının mayın 6-da İrəvana, mayın 10-da isə Bakıya səfərləri, verilən bəyanatlar, səfərin yekunu ilə bağlı fikirlər müxtəlifdir. Azərbaycanlı siyasi müşahidəçilər hesab edirlər ki, hər iki tərəf – Ermənistan və Azərbaycan vasitəçilik missiyasını yerinə yetirən Rusiyanın XİN başçısına, dolayısı ilə Moskvaya niyyətlərini açıqlamış olub. Bundan sonra Kreml hansı siyasəti yeridəcək - bunu zaman göstərəcək.
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli AYNA-ya şərhində deyib ki, istər Azərbaycanın Prezidenti, istərsə də XİN başçısı Rusiya tərəfinə Lavrov vasitəsilə mövqeyini çatdırmış oldu: “Bakı yürütdüyü siyasi xətti bir daha Kremlin diqqətinə çatdırdı ki, Azərbaycan Qarabağla bağlı haqlı siyasətini davam etdirir. Əslində, həmin gün Prezidentin Naxçıvanda verdiyi bəyanatlar da Ermənistanla yanaşı, Rusiyaya da mesaj idi. Azərbaycan Birgə Bəyanatın müddəalarının tam şəkildə və qısa zamanda yerinə yetirilməsini tələb edir. Bunu Rusiya tərəfi bir daha anlamış oldu. Azərbaycan Ermənistanın ağası olan Rusiyadan İrəvana təzyiq istəyir, görünən budur. Hər kəsə məlumdur ki, Moskvanın İrəvan üzərində təsir imkanları böyükdür. Baş nazir Nikol Paşinyan da Kremlin köləsidir. Rəsmi Bakı da tələb edir ki, köləsi olan İrəvan, altında Putinin də imzası olan sənədin bəndlərini yerinə yetirsin. Məsələ bu qədər sadədir”.
Lavrovun mövqeyinə gəlincə, politoloq hesab edir ki, Rusiya XİN başçısı ənənəvi mövqeyini tam göstərməsə də, yenə də müəyyən qədər qərəzli yanaşma ortaya qoydu: “Söhbət ondan gedir ki, Azərbaycanın terrorçu saydığı və həqiqətən də terrorçu olan ermənilərin məsələsinə eyham vurdu. Dediklərindən belə çıxdı ki, terrorçular Ermənistana verilsə, minaların xəritəsini onlardan almaq mümkündür. Kommunikasiyaların açılmalı olduğunu da bildirdi, Birgə Bəyanatın həllinin vacibliyinə toxundu və s. Ümumilikdə, mənə elə gəlir ki, Lavrov İrəvan və Bakıya səfərində nəbz yoxladı, tərəflərin fikirlərini öyrənmiş oldu”.
“Biz bilmirik ki, bağlı qapılar arxasında nələr danışılıb, nələr müzakirə olunub. Mediaya açıq olan hissədən görünən odur ki, mövqelər dəqiqləşdirildi. Məncə, İrəvanda və Bakıda aparılan müzakirələri Lavrov Moskvada Putinin qarşısına qoyacaq və təhlil edəcəklər. Buna uyğun da Moskvanın indiki şəraitdəki addımları müəyyənləşəcək. Hər halda proseslərin gedişini izləmək lazımdır. Bir müddətdən sonra səfərin nəticələri görünəcək”, - deyə sabiq dövlət müşaviri fikirlərini tamamlayıb.
Politoloq İlyas Hüseynov da AYNA-ya söyləyib ki, Azərbaycan Prezidenti və XİN başçısı Lavrovla Bakını narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparıb: “Prezident və xarici işlər nazirimiz Azərbaycanın Birgə Bəyanata sadiqlik göstərdiyini, bunun həyata keçməsində maraqlı olduğunu nümayiş etdirdi. İlham Əliyev Lavrova açıq şəkildə dedi ki, Ermənistandakı revanşist çağırışlar təhlükəli tendensiyadan xəbər verir ki, bu da müharibə ehtimalını artırır. Əsas məsələ isə sülhün bərqərar olmasıdır. Eyni zamanda, Rusiya XİN başçısına bildirildi ki, Azərbaycan humanitar sahədə öz humanist addımlarını atıb və buna davam edir. İstər Ermənistana Rusiyadan gedən qaz məsələsi, istərsə də cəsədlərin axtarılmasına göstərilən yardım, müharibə zamanı əsir götürülmüş erməni hərbçilərinin qaytarılması olsun, yəni ki, Azərbaycan loyal münasibətini sərgiləyir, səbrli davranış ortaya qoyur. Bütün bunlar barədə Lavrov bir daha məlumatlandırıldı”.
Siyasi şərhçi hesab edir ki, Lavrov İrəvan və Bakıya səfəri çərçivəsində Rusiyanın vasitəçilik imkanlarını tərəflərə təqdim edib: “Rusiya XİN rəhbərinin tərəfləri konstruktiv addımlar atmaq üçün müxtəlif elementlərdən istifadə etdiyi müşahidə olunur. Lavrov Ermənistandakı revanşist qüvvələrə də dolayısı ilə mesaj verdi. Düşünürəm ki, Rusiyanın qarşıdakı siyasəti daha çox bölgədəki iqtisadi prioritetlərin müəyyənləşməsindən, nəqliyyat-kommunikasiyaların açılması istiqamətində praktik addımların atılmasından ibarət olacaq. Çünki həm Cənubi Qafqaz dövlətlərinin – Azərbaycan, Gürcüstan və Ermənistanın, həm də bölgənin böyük dövlətlərinin – Rusiya, Türkiyə və İranın layihələrdə maraqları var”.
“Xüsusilə də Zəngəzur dəhlizinin açılması Avrasiya məkanında nəqliyyat infrastrukturunun yenilənməsi şaxələndirilməsi mahiyyətini daşıyır. Bu layihəyə diqqət böyükdür. Layihənin reallaşması üçün Ermənistan revanşizmdən çəkinməli, normal siyasi münasibətlərə meyl etməlidir”, - deyə müsahibimiz vurğulayıb.
Hüseynovun sözlərinə görə, Lavrov Bakıda Ermənistanın əsir hesab etdiyi terrorçuların məsələsini gündəmə gətirməyə çalışıb: “Amma Azərbaycan qətiyyətlə öz mövqeyini bildirdi və bir daha diqqətə çatdırıldı ki, onlar əsir sayılmırlar. Və vurğulandı ki, 10 noyabr Birgə Bəyanatından sonra tutulan hərbçilər terrorçu qismində yaxalanıblar ki, Azərbaycan qanunlarına uyğun da cəzalandırılmalıdırlar. Mənə elə gəlir ki, Lavrov bu məsələdə Azərbaycanın qəti mövqeyini bir daha anladı”.
Analitiklərin dediklərindən belə qənaətə gəlmək olar ki, Rusiyanın bölgə ilə bağlı siyasəti növbəti addımlarda və rəsmilər tərəfindən verilən bəyanatlarda bilinəcək. Hələlik isə Kremldə Lavrovun Ermənistan və Azərbaycana səfəri təhlil ediləcək.