“Beşinci kolon”a qarşı mübarizə sərtləşir - Kremlin xaricə uzanan qollarına zərbə
18-05-2021, 12:09
Bugünlərdə Ukraynada Putinin “xaç atası” Viktor Medvedçuku vətənə xəyanətdə ittiham edərək, ev dustaqlığına saldılar. O, Ukraynadakı ən nüfuzlu rusiyapərəst siyasətçi sayılır və Moskvaya yaxın “Müxalifət Platforması - Həyat üçün” Partiyasına rəhbərlik edir.
Medvedçuk təbii sərvətləri oğurlamaq cəhdində, Rusiya xüsusi xidmət orqanlarına dövlət sirrini ötürməkdə və Ukraynaya qarşı fəaliyyətdə şübhəli bilinir. Davada onunla birlikdə həmkarı Taras Kozak da var.
Bu, əlbəttə ki, Moskvanın və şəxsən Putinin maraqlarına zərbədir, əks halda, yəqin ki, Kremlin televiziya təbliğatçıları indi bu mövzunu hərtərəfli çək-çevir etməzdilər.
Bəs bu zərbə, görəsən nə qədər təsirdlidir? Axı Kremlin ekspansionist istəklərindən əziyyət çəkən postsovet ölkələri həqiqətən bu iştahlara qarşı bir şəkildə mübarizə aparmağı öyrənməlidir. Bu vəziyyətdə Zelenski və komandasının doğru, təsirli bir cavab aləti seçdiyini düşünə bilərikmi? Postsovet ölkələri öz müdafiələrində başqa hansı mübarizə metodlarından istifadə edə bilər?
AYNA-nın suallarını tanınmış ukraynalı ekspertlər cavablandırıblar.
Şərqi Avropada Təhlükəsizlik İnstitutunun İdarə Heyətinin rəhbəri Anatoli Pinçuk:
“Bu işdə Zelenskinin addımlarının istiqaməti (Medvedçukla birlikdə) doğrudur. Ancaq eyni vəziyyət həm də xüsusi xidmət orqanlarının (SBU) və hüquq-mühafizə orqanlarının zəifliyini və məhkəmə sisteminin çöküşünü də üzə çıxardı.
Əslində, bu strukturların institusional tutarlılığını bərpa etmək, onları Rusiya agentlərindən və korrupsioner məmurlardan təmizləmək və Milli Təhlükəsizlik və Müdafiə Şurası tərəfindən koordinasiya olunmuş təsirli bir milli təhlükəsizlik sistemi qurmaqdan başqa yol yoxdur. Şərqi Avropa ölkələrinin təcrübəsi də bunu göstərir. Rusiyanın daxili siyasi təsirindən təmizlənmənin növbəti mərhələsi müvafiq strukturların dövlətlərarası səviyyədə koordinasiyası ola bilər”.
“Strateji XXI əsr” Qlobal Tədqiqatlar Mərkəzinin prezidenti, “Qara dəniz Təhlükəsizlik” jurnalının baş redaktoru Mixail Qonçar:
“Viktor Medvedçuk təkcə Ukraynadakı rusiyapərəst siyasətçilərin birincisi deyil, Kremlin çoxdankı təsir agentidir. Təsir agentindən daha yuxarı səviyyədə olub-olmaması, inanıram ki, istintaq zamanı məlum ola bilər. Bu sırada onun cərgəsini Medvedçukdan daha az məşhur olmayan və xüsusi xidmət keçmişini gizlətməyən Andrey Derkaç tamamlaya bilər.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarı ilə indi, əslində çox əvvəl atılmalı olan olan addımlar atıldı. Ancaq heç vaxt olmamaqdansa, bu da kafidir.
Prezident Zelenskinin əsas hədəfi - Putin Rusiyasının “beşinci kolon”undan hakimiyyətinə olan təhlükəni təsirsiz hala gətirməkdir. Ümid edirəm ki, Zelenski Putinin gözlərinə baxmağın tamamilə faydasız olduğunu və heç nəyə gətirib çıxara bilməyəcəyini başa düşdü. Çünki Kreml Ukraynanın şərqindəki proksiləri vasitəsi ilə düşmənçiliyi gücləndirməklə yanaşı, Medvedçukun da əsas rol oynadığı “beşinci kolon” vasitəsi ilə ölkə daxilində təxribat fəaliyyətlərini də artırdı.
İndi Putinin “xaç atası”nın biznes-siyasi konglomeratının fəaliyyətini maliyyələşdirən sxemlərin təmizlənməsi gedir. Ukraynanın təhlükəsizlik xidməti Kremlin ahtapotunun (osminoqunun) informasiya və biznes sahəsindəki əllərini kəsir. Medvedçukun rusiyapərəst müxalifətin fəaliyyətini maliyyələşdirməyə yönəlmiş iş sxemləri, həm ortağı Taras Kozakın vasitəsilə, həm də hər ikisinin xanımlarının köməyi ilə həyata keçirilirdi. Bu, Putinin “xaç atası”nın “təmiz siyasətçi” olmasına imkan verdi.
Amm hər kəs onun belə olmadığını, əslində Kremlin qollarının “uzadıcısı” olduğunu anlayırdı. Dağıdıcı fəaliyyətlər üçün vəsait əldə etmək üçün əsas kanallardan biri - sanksiyalar altında olduğundan, Ukrayna bazarında işləyə bilməyən “Rosneft”dən neft məhsullarının satışı işi idi. Buna görə İsveçrədə qeydiyyatdan keçmiş bir vasitəçi şirkət vasitəsilə bir sxem quruldu. Amma bu yaxınlarda xüsusi xidmət orqanları tərəfindən dağıdıldı.
Təəssüf ki, SOCAR-ın Ukraynadakı törəmə şirkəti Medvedçukun sxeminə “kömək etmək” qərarına gəldi. Onların “Rosneft” məhsullarının Ukraynaya tədarükünün operatoru olmaq istəməsi çox təəssüf doğurur. İnanıram ki, belə bir qərar, motivləri nə olursa olsun, Azərbaycan dövlət şirkətinin, eləcə də bütövlükdə Azərbaycanın imicinə müsbət çalarlar əlavə etməyəcək. Bundan sonra SOCAR-ın Ukraynadakı strukturları Ukraynanın xüsusi xidmət orqanlarının ciddi nəzarəti altına alınacaq”.