Səfər Mehdiyev istefa verəcək?
19-05-2021, 00:02
“Gömrük Komitəsi bu günə qədər yaranma fəlsəfəsinə uyğun fəaliyyət göstərməyib. Komitənin orta əsrlərdən bəri yaranma fəlsəfəsi ondan ibarət olub ki, daxili bazarı qorusun və istehsalçılara dəstək olsun. Amma bizdə komitə o prinsiplə işləmir. Gömrük Komitəsinin ləğv olunub olunmaması məsələsindən öncə, bu prinsipə riayət olunan bir sistem formalaşmalıdır”.
Bunu iqtisadçı, REAL partiyasının icraçı katibi Natiq Cəfərli ötən gün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Bakı Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatla bağlı danışarkən bildirib.
N.Cəfərli qeyd edib ki, Gömrük Komitəsinin ən çox yığdığı vəsait əlavə dəyər vergisidir: “Adından da göründüyü kimi, bu vergi növü olsa da, gömrük yığır. Bu da doğru deyil və həmin səlahiyyət vergilər orqanlarına verilməlidir. Əgər bu mümkün olsa, o zaman Gömrük Komitəsinin ayrıca qurum kimi fəaliyyət göstərməsinin heç bir mənası qalmır. Ümumiyyətlə, büdcəyə daxil olan vəsaitlərin bir mərkəzdə cəmlənməsi daha doğru olardı. Ona görə də İqtisadiyyat nazirliyinin tərkibində vergi orqanı olaraq bir departament kimi fəaliyyət göstərməsi ümumi vergi-gömrük siyasətinin bir mərkəzdən, eyni fəlsəfə ilə idarə olunmasına səbəb ola bilər.
Dünya praktikasında da nadir hallarda gömrük müstəqil qurum olaraq mövcuddur. Bir çox ölkələrdə vergi və gömrük orqanları Maliyyə ya da İqtisadiyyat nazirliyinin tərkibində fəaliyyət göstərirlər. Azərbaycanda da belə bir sistemə keçməyin vaxtı çoxdan çatıb”.
İqtisadçı bir neçə ay bundan əvvəl komitənin sədri Səfər Mehdiyevin ” Azərbaycanda inhisarçılıqla bağlı bircə fakt göstərin, istefa verəcəm” bəyanatını da qeyri-ciddi adlandırıb: “Çünki inhisarçı heç vaxt qapısına “mən inhisarçıyam” deyə yazmır. İnhisarçılıq bazarda olan vəziyyətlə əlaqədardır. Yəni, bazarın 30 faizindən yuxarı hissəsinə nəzarət edən şirkətlərə inhisarçılar deyilir və anti-inhiharsıçılıq qanunvericiliyə görə, bunlar nəzarətə götürülməlidir. Ona görə də Səfər Mehdiyev elə öz əlində olan gömrük deklarasiyalarına baxıb görə bilər ki, ölkəyə gətirilən məhsullarda şirkətlərin faizi nə qədərdir. Elə şirkətlər var ki, eyni şəxsə məxsusdur. Bir neçə şirkətlər ölkəyə gətirilən məhsulların elə növləri var ki, az qala 100 faizinə nəzarət edirlər. İnhisarçılıq budur.
Səfər Mehdiyevin həmin açıqlaması çox yersiz idi və Azərbaycanda inhisarçılıq , korrupsiyanın olması artıq heç kimdə şübhə doğurmur. Ona qalsa, korrupsiyanın da olmadığı ilə bağlı Səfər Mehdiyev dəfələrlə bəyanatlar, mətbuata açıqlamalar vermişdi. Elə dünənki əməliyyat onu sübut etdi ki, gömrük orqanlarında korrupsiya faktları da var”.
Müsahibimizin sözlərinə görə, Azərbaycanda təəssüf ki, məmurların istefa mədəniyyəti formalaşmayıb:
“Bizdə vəzifə həm də qoruyucu qalxandır. Məmurlar anlayırlar ki, istefa versələr, qoruyucu qalxandan məhrum olacaqlar. Bizdə həmçinin qəribə tendensiya da mövcuddur. İşdən çıxarılan məmurların sabahısı gün və ya elə həmin gün axşamı bütün saytlarda varidatları haqqında məlumatlar dərc olunur – daşınan, daşınmaz əmlakları, vəsaitləri, obyektləri. Deməli bunu hamı bilir, sadəcə o, vəzifədə olduğu müddətdə onu qoruyucu qalxan kimi müxtəlif məsələlərdən müdafiə edir.
Səfər Mehdiyev də gözəl bilir ki, istefa versə, sabahısı gün ortalığa çıxarılmayan bütün varidatı, obyektləri həmən mətbuata da açıq olacaq. Nə qədər qəribə səslənsə də, bizdə ən şəffaf sahələrdən biri korrupsiyadır. Hamı hər şeyi çox gözəl bilir. Məmurların vəzifədən qazanc məqsədilə istifadə etməsi və o qazandığı vəsaitin qoruyucu qalxanına çevrilməsi ölkədə istefa mədəniyyətinin formalaşmamasına gətirib çıxarır”.Sfera.az