“Azərbaycanlı qadın borca içki vermədikdə svanlar onu söyməyə başladılar...”

19-05-2021, 00:16           
“Azərbaycanlı qadın borca içki vermədikdə svanlar onu söyməyə başladılar...”
Dmanisidə baş verən münaqişə barədə: “Hadisənin səhəri günü azərbaycanlılar aksiya keçirməyə çalışdılar və svanlar yenidən onlara hücum etdilər”

Xəbər verdiyimiz kimi, mayın 16-da Gürcüstanın Dmanisi bölgəsində svanların azərbaycanlılara hücumu ilə başlayan qarşıdurma sonradan daha da dərinləşib. Mayın 17-də Dmanisidəki vəziyyət yenidən kəskinləşib. Etnik azərbaycanlılar səhər saatlarında küçələrə çıxaraq bir gün əvvəl kütləvi dava edən və bir azərbaycanlı ailəsinə məxsus mağazanı dağıdanlara görə üzr və cəza tələb ediblər. Dəyənəklərlə silahlanmış gənclərdən bəziləri svanların evlərini dağıtmaqla təhdid ediblər.



Gürcüstan Daxili İşlər Nazirliyi Dmanisi sakinlərini iğtişaşları dayandırmağa və hüquq-mühafizə orqanlarının tələblərinə tabe olmağa çağırıb. Parlamentin prosedur məsələləri komitəsinin sədri İrakli Kadaqişvilinin dediyinə görə, qanun milliyyətindən asılı olmayaraq, Dmanisidəki qarşıdurmanın bütün iştirakçılarına ciddi şəkildə tətbiq edilməlidir: “Çünki bu halda hamısı Gürcüstan vətəndaşıdır. Hökumət bu münaqişənin həllində tamamilə maraqlıdır. Qarşıdurma dünən əhəmiyyətsiz bir səbəbdən başladı və onun həm daxili, həm də bölgədəki vəziyyət nəzərə alınaraq milli və etnik zəmində təzahürü qəbuledilməzdir. Kimsə münaqişəni alovlandırmaqda maraqlıdırsa, bu, ölkəyə qarşı açıq bir düşmənçilikdir. Bunun təxribat və ya kortəbii olduğunu əvvəlcədən deyə bilmərəm”.



Nəhayət, bu gün səhər yayılan məlumatlara görə, qarşıdurma tərəfləri arasında barışıq əldə olunub. Hazırda vəziyyətin nəzarətdə olduğu bildirilir.



Baş verənləri AYNA-ya şərh edən Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri, Gürcüstanda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğul olan Kamran Ramazanlının sözlərinə görə, qarşıdurmaya səbəb svanların pulsuz içki tələb etmələri olub: “Bir qrup svan Dmanisi bölgəsində yaşayan bir azərbaycanlıya məxsus mağazanın satıcısından onlara borca alkoqollu içki verilməsini tələb edib. Satıcı imtina edib. İğtişaşların əsl səbəbi bu olub”.



“Alkoqol ala bilməyən svanlar satıcı qadını ədəbsiz sözlərlə təhqir etməyə başlayıblar. Mağazanın yanında dayanan azərbaycanlılar satıcı xanımın müdafiəsinə qalxdılar. Bundan sonra sopa və dəmir parçaları ilə silahlanmış çox sayda svan Dmanisidə yaşayan azərbaycanlılara hücum etdi. Bu, ilk dəfə deyil ki, baş verir. Əvvəllər də svanlar bazarda ticarət edən azərbaycanlılara dəfələrlə hücum ediblər”, - deyə Ramazanlı bildirib.



Gürcüstanda fəaliyyət göstərən “24news.ge” saytının baş redaktoru Azər Məmmədov da AYNA-ya açıqlamasında hadisənin yuxarıda qeyd olunan səbəbdən baş verdiyini deyib: “Hadisənin səhəri günü Dmanisi bölgəsində yaşayan azərbaycanlılar aksiya keçirməyə çalışdılar və bu aksiyada dünənki iğtişaşlarda iştirak edənlərin cəzalandırılmasını tələb etdilər”.



“Və svanlar yenidən onlara hücum etdilər. Polis bu kütləni dayandırmağa çalışsa da, onlar polis kordonlarını yarmağa müvəffəq oldular. Təxminən 8 nəfər tutuldu və tezliklə sərbəst buraxıldı”, - deyə Məmmədov vurğulayıb.

Müəllif: Rəşad Rüstəmov












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.