Qaldırın maskaları, polis gəlir! Qaldırın maskaları, polis gəlir!
19-05-2021, 06:39
Maska taxmağa qalmış çoxu taxır, indi camaatın haqqına girmək də günah olar... Amma gəl gör ki, taxdığı maska neçəsinin burnunu örtür?
Hər gün istifadə etdiyim yeraltı keçidlərdə, adamların sıx toplaşdığı avtobus dayanacaqlarında insanların tibbi maskadan düzgün istifadə etməməsi məni narahat edir. Çünki qapalı məkanlarda və ara məsafəsinin gözlənilmədiyi yerlərdə maska taxmaq daha çox özümüzü başqalarından yox, başaqalarını özümüzdən qoruyur.
Məncə, artıq bunu bilməyən adam yoxdur, varsa da, günahkarı Nazirlər Kabineti yanında Operativ Qərargahdır. O Qərargah ki, brifinqlərində qərarları ilə min sual yeri qoydu, insanların inamını itirdi. Əslində, var olan inamı da hansısa işi ilə qazanmamışdı, sadəcə yeni idilər və biz məsumlar da ümidli, inamlı idik. Elə ki qərarları ağılları dolaşdırdı, beyinləri, cibləri boş, qarınları ac qoydu, bax o zaman bütün ümidlər də boşluğa düşdü.
Mövzudan çox uzaqlaşmadan deyim ki, maska ilə bağlı da ta əvvəldən düzgün maarifləndirmə aparılsa idi, indi insanlar harada maska taxmaq lazımdır, önəmlidir, harada yox - bunu yaxşı bilərdilər. Bir ildən artıqdır ki, pandemiya dünyanı cənginə alıb, amma biz hələ də maskadan düzgün istifadəni öyrənə, daha doğrusu, öyrədə bilməmişik.
“Evdən çölə çıxdınsa, hər yerdə maska taxmaq məcburidir” dedikləri andan, camaatı elə çaş-baş salmışdılar ki, öz ailəsi ilə evdən çıxan adamlar da cərimə qorxusundan şəxsi maşınında uşaqdan böyüyə maska taxırdılar. Çünki qərar “düyməni bas, söndür” prinsipi ilə verilmişdi.
Mən özüm dost-tanışa uzun müddət başa sala bilmədim ki, şəxsi maşınında özün maska taxırsan, tax, heç olmasa, uşaqlara maska taxdırıb nəfəslərini kəsmə. Bu yersiz qorxularına görə onları qınamıram. Axı kasıb camaat aya 300-400 manat qazana bilirmi ki, onu da maska cəriməsinə ödəsin?! Vallah, düşünənə ağır dərddir.
Nəysə, indi ki iş belə oldu, canı boğaza yığılmış camaat qapalı məkanlarda da maska taxmaq istəmir. Avtobusda gözdən yayınan qadınlar, kişilər maskalarını nəinki çənələrinə taxmır, çıxarıb ciblərinə qoyurlar. Səsini çıxarıb deyə də bilmirsən ki, maskanı tax, ətrafındakı insanları təhlükəyə atma. İnsanlar elə aqressivləşiblər ki, səsini çıxardığın anda səni Operativ Qərargahın məntiqə sığmayan qərarları ilə çırpırlar. Buna görə qapalı məkanda maska taxmayan görəndə dişlərini sıxıb üzünü yana çevirməkdən başqa əlindən bir şey gəlmir.
Sizə hər gün keçdiyim keçiddə polis işçilərinin “maska əməliyyatından” danışım. Buradan hər keçidimdə düşünürdüm ki, maskası burnunu örtməyənlər ki var, görəsən, bunlar yoluxmaqdan, yoluxdurmaqdan heçmi ehtiyat etmirlər? Yaxşı, deyək ki, bunlar hər şeydən əllərini üzüblər, bəs polislər niyə gözə dəymir? Qəribədir, yuxarıda açıq havada əllərində smartfon cərimə yazır, amma aşağı enib buralara baxmırlar.
Çox keçmədi ki, bugünlərdə polislər vəziyyətdən deyəsən, duyuq düşmüşdü. Keçidlə addımlayarkən bir də gördüm, satıcılar bir-birinə səslənir: “Polis gəlir, maskanı qaldır!”. Vallah, nə yalan deyim, bunu eşidəndə içimdən bir dəli qəhqəhə keçdi. Beynimdə hirs, kinayə bir-birinin əlini sıxıb, elə bil məni qıcıqlandırmaq üçün yarışa keçdilər. Yenə bilmədim, kimə acıqlanım, kimə üzülüm...
Acıqlı qəhqəhələr ərşə qalxır
Maskadan danışmışkən, hava isinib, amma hələ də açıq havada maska taxmaq məcburidir. “Açıq havada əgər yanımda kimsə yoxdursa, mən niyə maska taxmalıyam?” Bu sualı mən yox ha, həkimlər soruşur. Biz də Nazirlər Kabinetindən soruşanda deyir ki, açıq havada tibbi maska taxmağın ləğvi barədə qərar yoxdur.
Mən başa düşürəm, adam şəxsi maşını ilə hərəkət edəndə, sərin evdən çıxıb sərin ofisdə kreslosuna əyləşəndə heç bilmir, isti yay günləri necə keçir. Axşamları, həftəsonları da istirahət mərkəzlərinə getdin, ürəyin istəyəndə dağ qoynunda, ürəyin istəyəndə hovuz, dəniz qırağında da dincəldinmi, yaydan gözəl fəsil yoxdur. Camaat da özü bilər, ya maskasını taxıb sakitcə “səhər işə, axşam evə” xəttindən kənara çıxmadan “yaşasın”, yox, buna qane deyilsə də, səsini kəssin, yıxılıb ölsün. Belədir, vəssalam, Zülümovlar dedi qurtardı!
Müəllif: Aləmdə Nəsib